NATO-nun Brüssel sammitinin nəticələri və gözləntilər

NATO-nun Brüssel sammitinin nəticələri və gözləntilər

Ənənəvi olaraq NATO-nun iki, ya üç ildən bir sammiti (dövlət başçılarının zirvə görüşləri) keçirilir. Adətən, sammitlərdən az öncə müttəfiq ölkələrin xarici işlər nazirləri səviyyəsində əsas sənədlər müzakirə edilir və dövlət başçıları həmin sənədləri təsdiq edirlər. Alyansın uzunmüddətli fəaliyyətini tənzimləyən “strateji konsepsiyalar” da bu formatda keçirilən iclaslarda təsdiq olunur.

NATO-nun bu ilin iyun ayında Brüsseldə keçirilən sammiti bir neçə vacib hadisənin fonunda təhlil edilə bilər. Alyans 2014-cü ildən bəri davam edən Rusiya-Ukrayna hərbi qarşıdurmasının reallıqlarına uyğun olaraq, növbəti dəfə Rusiyanı əsas təhdid mənbəyi kimi tanıdı. Artıq neçə illərdir, alyansın qəbul edilən yekun sənədlərində “kollektiv müdafiə” prinsipinə xüsusi önəm verildiyinin şahidi olmaqdayıq. Söhbət “soyuq müharibə” dövründə Qərbə olan total hücuma qarşı atılan adekvat hərbi-siyasi addımlardan gedir. Əgər o zaman əsas total təhlükə mənbəyi SSRİ idisə, indi onun siyasi və hüquqi varisi Rusiya Federasiyası sayılır. Hal-hazırda başda ABŞ olmaqla, alyansın hərbi baxımdan güclənməsi üçün istər quru qoşunlarının gücləndirilməsi, hərbi xərclərin artırılması, istərsə də silah texnologiyasının inkişafı və təlimlərin sayının və intensivliyinin artması istiqamətində operativ tədbirlər həyata keçirilməkdədir. Bu proses Cozef Bayden ABŞ prezidenti seçiləndən sonra daha aktiv xarakter daşımağa başlayıb.

NATO-nun son Brüssel sammitində gözləntilərdən biri də yeni üzvlərin qəbul edilməsi ilə bağlı bəzi ölkələrə Üzvlük Fəaliyyəti Planının (Membership Action Plan) verilməsi idi. Söhbət ilk növbədə Ukrayna və Gürcüstandan gedir. 2008-ci ildən, ­- blokun Buxarest sammitindən bu yana hər iki ölkə alyansa üzv olmaq üçün aktiv fəaliyyət göstərməkdədir. Bu ölkələrin NATO-ya daxil olmasını əngəlləyən əsas aktorlar ABŞ, Almaniya və Fransadır, onlar hələ də Putin Rusiyasının post-sovet ölkələrindəki geosiyasi maraqlarını nəzərə alır. Məhz bu səbəbdən, biz tez-tez Ukrayna prezidenti V.Zelenskinin həm təşkilata, həm də yuxarıda adı çəkilən əsas aktorlara qarşı incik tonda bəyanatlarının şahidi oluruq. Beynəlxalq siyasətdə, xüsusilə Qərb ölkələrində bəlli olduğu kimi, qərar qəbul etmə proseslərində emosiyalardan uzaq olmağa çalışırlar, üstəlik, hələ ki, Avropanın bir sıra ölkələrinin, xüsusilə Almaniyanın Rusiyanın enerji resurslarından asılı olmağını nəzərə alsaq, Ukrayna və Gürcüstanın yaxın zamanlarda NATO-ya üzv olmasını gözləmək mümkün perspektiv kimi görünmür.

NATO-nun iyun sammitinin özəlliklərindən biri də təşkilatın tarixində ilk dəfə olaraq Çinin təhdid mənbəyi kimi göstərilməsidir. Adətən, Qərb ideoloji baxımdan ona yad olan kommunist rejimli Çinlə münasibətdə məsafəli strategiyaya və daha çox iqtisadi əməkdaşlıq strategiyasına üstünlük verib. Çində insan haqlarının pozulması məsələsi daha çox ABŞ administrasiyalarının gündəmində olan məsələ olub. Amma son illər ərzində Çinin iqtisadi və hərbi baxımdan güclənməsi, qonşu ölkələrlə mübahisəli ərazilər məsələsinə görə müəyyən gərginlik yaşaması və ən əsası, rəsmi Pekinin dəfələrlə Tayvanı öz ərazisi hesab etməsi və lazım gələrsə, o ərazini özünə birləşdirmək haqda verdiyi bəyanatlar, üstəgəl Pekin-Moskva yaxınlaşması istər-istəməz Qərbdə həyəcan doğurur. Sadalanan faktorlar sonucda Çin məsələsini NATO-nün gündəliyinə gətirmiş oldu, çox güman alyansın növbəti sammitində qəbul edilməsi gözlənilən “strateji konsepsiya”da Çin təhlükəsinə qarşı konkret addımların əks olunmasının şahidi olacağıq.

NATO son sammitində kiberhücumlar məsələsinə də xüsusi önəm verdi. Bəlli olduğu kimi, Qərbin informasiya sisteminə olan hücumlar artıq əsas təhdidlər növünə aid edilməkdədir.

NATO-Azərbaycan münasibətlərinə gəldikdə isə, ölkəmizin bu yöndə xarici siyasəti ənənəvi balansın qorunmasına yönəlib. Yeri gəlmişkən, Azərbaycanın ciddi uğurlar əldə etdiyi 44 günlük müharibə də göstərdi ki, rəsmi Bakının apardığı bu siyasət sonucda özünü doğrultdu

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz