BİR HƏDİS

BİR HƏDİS

عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: الْيَدُ الْعُلْيَا، خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى، وَالْيَدُ الْعُلْيَا الْمُنْفِقَةُ، وَالْيَدُ السُّفْلَى السَّائِلَةُ

Abdullah ibn Ömərdən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Verən əl alan əldən daha üstündür. Verən əl infaq edən əldir, alan əl isə istəyən əldir". (Nəsai, Zəkat, 52)

Rəsulullah (s.ə.s) əshabını hər zaman əxlaqlı, iffətli olmağa və heç kimə əl açmamağa səsləmişdir. Hətta bir hədisdə Allah Rəsulu (s.ə.s) bir qrup səhabədən beyət alarkən onlardan Allaha ibadət etməyi, Ona şərik qoşmamağı, beş vaxt namaz qılmağı istədikdən sonra insanlardan heç bir şey istəməməyi də tələb etmişdir. (Əbu Davud, Zəkat, 27)

Qurani-Kərimdə sədəqə verilməyə layiq olan kimsələr vəsf edilərkən onların iffətlərindən bəhs edilmiş və tanımayan insanların onları zəngin hesab etdikləri bildirilmişdir. Çünki onlar insanlardan israrla heç bir şey istəməyən kimsələrdir. (əl-Bəqərə, 2/273) İffət insanın digərlərindən öz halını gizləməsini tələb edən bir haldır. Belə olanda insan daxilində yalnız Allah ilə baş-başa qalır və öz halını yalnız Allaha ərz edir. Əgər insan bu halında səmimi olarsa, səbri nəticəsində böyük mükafat qazanar.  

İnsanlara əl açmamaq şəri bir tələbdir. Allah Rəsulu (s.ə.s) bunu: "Verən əl alan əldən üstündür", - buyuraraq təkid etdikdən sonra "verən əlin" infaq edən, "alan əlin" isə istəyən olduğunu açıqlamışdır. Lakin burada bir məsələni bilmək lazımdır ki, "alan əl" ifadəsi ilə insanın özü istəmədən ona verilən hədiyyə, bəxşiş və s. kimi şeylər nəzərdə tutulmur. Bu barədə Həzrət Ömərin (r.a) belə dediyi nəql edilir: "Rəsulullah (s.ə.s) mənə (bəzən) bəxşiş verərdi. Mən dedim ki, ya Rəsulallah, bunu məndən daha çox ehtiyacı olanlara verin. Allah Rəsulu (s.ə.s) belə buyurdu: “Sən bunu al. Sən özün gözləmədiyin və istəmədiyin halda sənə veriləni al. Belə olmayan bir malı isə istəmə". (Müslim, Zəkat, 110) Bir hədisdə Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: "Kim iffətli olarsa, Allah da onun iffətini artırar. Kim insanlardan bir şey istəməzsə, Allah ona zənginlik bəxş edər". (Tirmizi, Birr, 77)

Hədisdə insanlara əl açmağın yaxşı bir davranış olmadığı vurğulanmaqla bərabər eyni zamanda infaq etməyin də üstünlüyünə diqqət çəkilmişdir. Qeyd etdiyimiz hədisin başqa bir təriqində Allah Rəsulu (s.ə.s) sədəqə verərkən insanın öncə baxmaqla məsul olduğu kimsələrdən başlaması lazım olduğuna diqqət çəkmiş, əgər bundan da artıq malı qalarsa, başqa ehtiyac sahiblərinə sədəqə verə biləcəyini buyurmuşdur.  (Tirmizi, Zöhd, 32)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz