Rəsulullahın (s.ə.s) mərhəmət mirası

Rəsulullahın (s.ə.s) mərhəmət mirası

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Sizə özünüzdən elə bir peyğəmbər gəlmişdir ki, sizin əziyyətə düşməyiniz ona çox ağır gəlir. O sizə qarşı çox qayğıkeşdir, möminlərə qarşı son dərəcə şəfqətli və mərhəmətlidir”. (ət-Tövbə, 128)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Allah-Təalanın mübarək naminə aləmləri xəlq etdiyi qulu Hz. Muhamməd əleyhissalama ehsan etdiyi əxlaq, elm, ədalət, mərhəmət və məhəbbət dəryalarını özündə birləşdirən mükəmməl bir insanlıq mirasına, insanlar başda olmaqla fərqli-fərqli varlıqların duyduqları həsrət və məhəbbət cazibəsi sərhəd tanımamaqdadır. Adəm övladının nəfsini, qəlbini, duyğu və əməllərini, ətrafı ilə münasibət ədəbini, ilahi kəlama bağlanış izzətini, Haqqın hüzurunda durma şərəfini misli olmayan bir mərifət təhsili ilə inşa edərək zirvəyə çıxaran Rəsulullahın (s.ə.s) Haqqa qulluqda tarix yazan və yaradılmışlara xidmət eşqi ilə çırpınan bir insan möcüzəsinə həyat verməsi Rəbbimizin davamlı bir təcəlli halında qullarına hər an ehsan etdiyi dərin bir mərhəmət eşqinin təzahürüdür. Xaliqin mərhəmət və şəfqət ruhuna bürüdüyü qulların dünya və axirət səhnəsində Yaradanın xatirinə yaradılmışlara bəslədikləri rəhmət və vəfa hissləri ilə müalicəsi mümkünsüz görünən bütün maddi və mənəvi xəstəliklərə həm təbib, həm də məlhəm olmaları yaradılmışlara həyat bəxş edən bir lütfi-ilahidir. Rəsulullahın (s.ə.s) mübarək mərhəmət mirasından pay almış qəlblərin aləmlərə hidayət və şəfqət bərəkəti saçan təvazökar şəxsiyyətlərini vəsf edən Osman Nuri Topbaş əfəndi belə buyurur:

 “Dünyəvi sıxıntılara düçar olan kimsəsizlərin, məzlumların, acların, zülmə məruz qalanların dərdləri ilə dərin bir bərabərlik iqlimində yaşama ritmini tutan kamil möminlərin incə və həssas könüllərində bir məhşər qaynamaqdadır. Ürəklərinin ümmətin dərdi ilə bu şəkildə yanması onları Haqqın mərhəmət dərgahına açılan qapının mübarək qədəmgahına qədər gətirər. Bura isə kimsənin ağlına belə gəlməyəcək müstəsna sirlərin və möhtəşəm hikmət mənzərələrinin seyr edildiyi məqamdır”.

Əshabı ilə söhbətlərinin birində qəlbi mərhəmət dəryası kəsilən qulların varlığına işarə edən Rəsulullah (s.ə.s) buyurur: “Ümmətimdən bir kimsə vardır ki, qiyamət günü Rabiə və Mudar qəbiləsindəki qoyunların tükləri sayda insana şəfaət edəcəkdir”. Onun kimliyi haqqında əshabın təəccüb dolu suallarına isə belə cavab verir: “Allahın (c.c) qullarından bir quldur! Adı Üveysdir. Mən onu baş gözü ilə dünyada görməsəm də, - Hz. Ömərlə (r.a) Hz. Əliyə (r.a) işarə edərək - bu ikisi onu görəcəklər. Onu sizə tanıdacaq vəsflərdən biri ovcunun içinin gümüşü bəyaz olmasıdır”. Həyatının son anlarında mübarək xirqəsini çıxararaq onlara təqdim edən Rəsulullah (s.ə.s) belə buyurur: “Üveys Qəranini gördüyünüz zaman bunu ona verərsiniz”. İllər sonra mərhəmət dəryasının axtarışına çıxıb onu əlamətləri ilə tapan Rəsulullahın (s.ə.s) can sirdaşları o anda namaz qılan Qərani həzrətlərini ədəblə gözləyirlər. Rəsulullahın (s.ə.s) bildirdiyi əlaməti müşahidə edən Hz. Ömər və Hz. Əli özlərini təqdim etdikdən sonra bunları söyləyirlər: “Rəsulullah (s.ə.s) sənə salam söylədi və mübarək xirqəsini göndərib buyurdu ki, bunu geyinsin və ümmətimə dua etsin”. Bu təklif qarşısında özünü itirərək göz yaşlarına təslim olan Qərani həzrətləri titrək səslə: “Ya Ömər! Mən aciz və günahkar bir qulam. Sizin axtardığınız başqa bir Üveys olmasın?” – deyir. Bu sözün üzərinə Hz. Ömər (r.a) Qərani həzrətlərini nəhəng bir fərasət nəzəri ilə sezməyə başlayır. Bu baxışın ağılları heyran buraxan aydınlıq güzgüsündə Rəsulullahın (s.ə.s) illər öncə Əbu Hüreyrəyə bildirdiyi mərhəmət dühasının əlamətlərini sezməmək mümkün deyildi:

“Ey Əbu Hüreyrə! (Mərhəmət dühaları) çox çətin və məşəqqətli bir yola girərək peyğəmbərlərin dərəcələrinə qovuşarlar. Allah (c.c) onları doydurduqdan sonra aclığa, geydirdikdən sonra mütəvaze geyinməyə, içirdikdən sonra susuzluğa üstünlük verərlər. Allahın (c.c) qatındakılara ümid bağlayaraq bunları tərk edərlər. Hesabından qorxaraq halalı belə tərk edərlər. Onların Rəblərinə olan itaətlərinə mələklər və peyğəmbərlər heyrət edər. Allahın (c.c) onlarla mənim aramı birləşdirməsini nə qədər çox istərdim”.

 Bu fərasətli müşahidənin təsiri ilə qəlbinə hakim kəsilə bilməyən Hz. Ömər deyir: “Xeyr, sənsən! Sən tam da Rəsulullahın (s.ə.s) buyurduğu şəxssən!”

Veysəl Qərani həzrətləri xirqəni götürüb həsrətlə qoxulamağa başlayır. Qəlbində baş qaldıran təlatümlü dəyişikliklər onu Rəsulullahın (s.ə.s) mərhəmət iqlimi ilə sərhəd tanımayan bir vəhdət cazibəsinə bürüyür. Rəbbi ilə dolğun bir dua rabitəsinə qədəm qoyan Qərani həzrətləri bunları söyləyir:

 “Ya Rəbb! Səndən tək bir diləyim var! Ümməti Muhammədi dünya və axirətin bütün bəlalarından qoru! Bu mübarək ümməti O Rəhmət Sultanı (Hz. Muhamməd əleyhissalam) ilə göndərdiyin mərhəmət eşqinə əfv eylə!”                 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz