İSLAM ELMİ SEVİR

İSLAM ELMİ SEVİR

Hər nə qədər bəzi məkrli şəxs və məfkurələr İslamın elm və tərəqqidən uzaq olduğu, müasir çağın ehtiyaclarına cavab vermədiyi kimi əsilsiz fikirləri yaymağa çalışsalar da, tarixə nəzər yetirən hər bir kəs bunların absurd olduğunu görər.

İslam sivilizasiyası tamamilə elmlə yoğrulmuş və elmi əsaslara söykənən bir mədəniyyətdir. “Oxu” əmrini sözün əsl mənasında anlayıb o səpkidə əməl edən müsəlman cəmiyyəti (təqribən IX əsr) dünyaya misli-bərabəri görünməmiş elmi ixtiralar və əxlaqi keyfiyyətlər bəxş etmişdir. Misal üçün Əndəlüs mədəniyyətinə nəzər yetirilə bilər. Dövrün ən qabaqcıl “universitet”lərinin məhz burada yerləşdiyini, dünyanın fərqli yerlərindən biliklərini təkmilləşdirmək üçün insanların buraya axın etdiyini ifadə etsək, yanılmarıq. Bir sözlə, dövrün “Oxford”u, “Cambrige”i məhz İslam elm mərkəzləri idi. Əslə dönüş etsək, yenə də Quran və Sünnədən ilham alan bu anlayış, heç şübhəsiz ki, dünya sferasında öz dəst-xəttini yaradacaq və öz sözünü deyəcəkdir. Biz müsəlmanlar Quranı öyrənib anladıqca elmi tərəqqimiz artacaqdır.

İslam anlayışı elmə dəyər verdiyi kimi, elm tələbələrinə, elm mərkəzlərinə verdiyi dəyər də danılmazdır. İslam elm dinidir. Hz. Peyğəmbərin (s.ə.s) alimləri peyğəmbərlərin varisləri kimi sayması, peyğəmbərlərin mirasının elm olduğunu ifadə etməsi, elm yolunda ikən ölən və yaxud öldürüləni cənnətliklərdən sayması elm və elm tələbələrinə verilən dəyəri ifadə edən rəvayətlərdən bəziləridir. Ayrıca hərb əsnasında alınan əsirlərin müəyyən sayda şəxslərə oxuyub-yazma öyrətmə müqabilində sərbəst buraxılması da Hz. Peyğəmbərin (s.ə.s) elmə baxışını sərgiləyir. Ələlxüsus hədis əsərlərində elmə təxsis edilmiş xüsusi fəsillərin açılması da İslam alimlərinin elmə qayğısını və diqqətini göstərir.  

Hz. Peyğəmbərin (s.ə.s) Məkkədən Mədinə şəhərinə hicrət edincə ilk icraatlarından biri “Əshabi-süffə” adında elm mərkəzini qurması olmuşdur. Bu mərkəzdə heç bir dünyəvi mənfəət güdməyən alimlər yetişmişdir. Məhz bu alimlər vasitəsilə İslam dini digər ölkələrə təbliğ edilmiş, insanların könülləri fəth edilmişdir. Hər biri nümunə alınacaq elm fədailəri olmuşdur. Bu fədailəri tanımaq və müasir dünyaya, modern nəslimizə tanıtmaq hər bir müsəlmanın iman borcudur.

İslam və elm münasibətində diqqət çəkən xüsuslardan biri də müəyyən mal varlığına malik olan müsəlmanlardan alınaraq imkansızlara verilən zəkatı ala bilən qruplardan birinin məhz elm öyrənən tələbələr olmasıdır. Maddi varlığına nəzər yetirmədən, yəni zəngin olsun və ya olmasın, hər bir elm tələbəsinə zəkat verilə bilər. Bu da İslamın elmə və elm tələbəsinə verdiyi əhəmiyyəti göstərir. Deməli, hər bir müsəlmanın borcudur ki, elm öyrənənlərə və elm əhlinə əl tutsun, onların ehtiyaclarını qarşılasın. Bu həm mənəvi borcumuz, həm də çox savablı bir əməldir.

Altı əsr dünyada söz sahibi olmuş və mayası İslam dəyərləri ilə yoğrulmuş Osmanlı imperiyasının dünyanın super gücü olmasında elm mərkəzləri sayılan mədrəsələrin müstəsna rolu olmuşdur. Xüsusilə şəhərlərin ümumi planının mədrəsələr nəzərə alınaraq qurulması, məscid komplekslərində mütləq mədrəsə və kitabxanalara yer verilməsi bugünkü dünyanın görmək istəmədiyi bir mənzərədir. Elm əhlinə verdiyi dəyərə görə bir çox ölkənin görkəmli şəxsiyyətləri bu mərkəzlərə axın etmişdir. Kitab yazanlara əsərinin ağırlığı qədər qızılın verilməsi həm elmə verilən dəyəri, həm də elm öyrənməyə həvəsləndirməni göstərmə baxımından bənzərsiz bir tətbiqatdır. Osmanlı timsalında İslam dünyasının müasir dünyada elmi tərəqqidən nisbətən geridə qalması İslamın elm anlayışı və elmə verdiyi dəyərin əskikliyindən deyil, təəssüflər olsun ki, müsəlmanların bu anlayışdan uzaqlaşmasındandır.

Mənəvi gücünü İslam mədəniyyətindən alan, oxuyub-yazması olmasa da, İslam dininin elmə verdiyi dəyəri şəxsiyyətində tərənnüm edən məşhur Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin elmə verdiyi dəyər də təkcə bizim üçün deyil, bütün dünyada nümunəvilik xarakteri daşıyır. Onun var-dövlətinin önəmli hissəsini tələbə oxutmaq üçün ayırdığı, təmənnasız müavinətlər verdiyi hər birimizə məlumdur. Açdığı qızlar gimnaziyasının Şərqdə ilk qadın məktəbi olması da əsas dəyərlərimizdən biri olan ailə məfhumumuzun onurğasını təşkil edən analarımızın elmdən, elm aləmindən uzaq qalmamasına verdiyi dəyəri göstərir. Hacı Zeynalabdinin açdığı cığır bütün müsəlman zənginlər üçün bir prioritet olmalıdır.

Xülasə, biz elmdən uzaq və elmə qapılarını bağlamış bir sivilizasiyanın yox, tam əksinə, elmə, elm xadimlərinə, elmi tərəqqiyə həmişə dəyər verən, təşviq edən mədəniyyətin davamçılarıyıq. Bu xislətlərimizi yenidən bərpa etsək, əslə dönüşə nail olsaq, yenə də dünyada söz sahibi olacağıq. Bu yolda cəhd edən fədakar elm aşiqlərinin yolları açıq olsun!

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz