Bir Ayə

Bir Ayə

بسم الله الرحمن الرحيم

وَإِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِي آدَمَ مِنْ ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَىٰ أَنْفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ قَالُوا بَلَىٰ شَهِدْنَا أَنْ تَقُولُوا يَوْمَ الْقِيَامَةِ إِنَّا كُنَّا عَنْ هٰذَا غَافِلِينَ

“Qiyamət günü siz: “Biz bundan xəbərsiz idik”, - deməyəsiniz deyə, Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxartdı və onları özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” (-buyurdu). Onlar da: “Bəli, buna şahid olduq!” - dedilər”. (əl-Əraf, 7/172)

Bu ayeyi-kərimə İslam ədəbiyyatında “Qalu bəla” olaraq adlandırılan hadisəyə işarə edir və adı da ayədəki “Qalu bəla – bəli dedilər” ifadəsindən götürülmüşdür. Təfsir alimləri əsasən ayədə qeyd olunan hadisəni iki fərqli şəkildə izah etmişlər. Klassik təfsir mənbələrində keçən və hədisi-şəriflərdə (Əhməd ibn Hənbəl, “Müsnəd”, I/298) də öz əksini tapan izaha görə, Allah-Təala bu dünyanı yaratmazdan əvvəl dünyaya gələcək olan bütün insanların ruhlarını Öz varlığına şahid tutmuş, Özünün onların rəbbi olduğunu təsdiq etdirmişdir. Uca Allah buna dair ruhlardan vəd almaq üçün: “Mən sizin Rəbbiniz deyiləmmi?” – deyə sual vermiş, ruhlar da: “Bəli, buna şahid olduq!” – deyərək bunu təsdiqləmişlər. Bu vədələşməyə onların özlərini və ya bir qismini digərlərinə şahid göstərmiş, yaxud Özünün və mələklərin buna şahid olduğunu xəbər vermişdir. Beləcə, insanların bu dünyaya gəldikdən sonra “Biz Allaha qarşı bir məsuliyyətimiz olduğunu bilmirdik”, - deyərək məsuliyyətdən yayınmalarının və axirət günü bunu bəhanə etmələrinin qarşısı alınmışdır.

Ayənin digər bir təfsiri isə belədir ki, bu ayədə ifadə edilən dialoq məcazi məna kəsb edir. Yəni bu hadisə ruhlar aləmində baş verməmiş, ayədə insanların dünyaya gəldikdən sonrakı hallarına işarə edilmişdir. Belə ki, Allah-Təala hər bir insanın fitrətinə Allahın varlığını və birliyini dərk etmə və ətrafındakı dəlilləri təfəkkür edərək Allahı tanıma qabiliyyəti vermişdir. Bunun üçün də daxili və xarici aləmdə Öz varlığının dəlillərini xəlq etmişdir. “Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində göstərəcəyik ki, onun (Quranın) haqq olduğu onlara aydın olsun. Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?” (əl-Fussilət, 41/53) – ayəsi də bu həqiqəti vurğulayır. Peyğəmbərimiz (s.ə.s) bunu təsdiq edən mahiyyətdə belə buyurmuşdur: “Dünyaya gələn hər uşaq fitrət üzərindədir”. (Buxari, “Cənaiz”, 93) Yəni hər uşaq Rəbbini dərk edə biləcək əqli və ruhi qabiliyyətlə dünyaya gəlir. Bu qabiliyyəti nisbətində də məsuliyyət daşıyır.

Hər bir halda, bu ayədən çıxarılacaq nəticə odur ki, bir insanın əsas vəzifəsi Allahın varlığını və birliyini ağlı ilə dərk edib təsdiqləmək və Onun buyruqlarına riayət etməkdir. İlk insandan son insana qədər hər bir ağıllı insan bundan məsuldur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz