Sorğulayan insan

Sorğulayan insan

 Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Ey iman edənlər! Allahın əzəmətinə görə təqva sahibi olun! Yalnız müsəlman olduğunuz halda can verin!” (Ali-İmran, 102)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Bir gün İbrahim Ədhəm həzrətlərini sevənləri söhbət həlqəsinə dəvət edərək bu böyük alimdən mənən faydalanmaq istədiklərini dilə gətirirlər. Dəvəti qəbul edən ustad söz alaraq bunları bildirir: “Əzizlərim! Xeyli müddətdir ki, beynimi yoran və məni ağır bir təfəkkürə qərq edən məsələlərə cavab tapmağa çalışıram”. Sevənləri dərhal ustadlarına: “Əfəndim! Sizi məşğul edən o məsələləri bizlərlə də bölüşə bilərsinizmi?” – deyirlər. İbrahim Ədhəm həzrətləri təsirli çıxışı ilə belə cavab verir: “Əzizlərim, məni narahat edən məsələnin ilki odur ki, Allah-Təala (c.c) ruhlar aləmində bizdən “Mən sizin Rəbbiniz deyiləmmi?” – deyə soruşduğunda bəzi ruhlar o əhdi qəbul etmiş, bəziləri də etməmişdi. Bu böyük əhdi qəbul etdiyimi və ya etmədiyimi əsla xatırlaya bilmirəm. Bu məsələ beynimi elə məşğul edir ki, onu düşünmədən bir an dayana bilmirəm. İkincisi odur ki, ana rəhmində 120 günlük şəkillənmədən sonra insan nütfəsi bəlli bir şəklə döndükdən sonra ona ruh üfürüləcəyi zaman bir mələk gələrək: “Ya Rəbbi! Bunun ruzisi harada olacaq, harada doğulacaq, harada öləcək, salehlərdən olacaq, yoxsa Səni inkar edən kafirlərdən?” - deyə soruşacaq, Rəbbim də onun bir-bir cavabını verəcəkdir. Məni ağır-ağır düşündürən odur ki, görəsən, Rəbbim haqqımda mələyə nə söyləmişdir? Yəni mən salehlərdənəm, yoxsa inkar edənlərdən? Bu dərd məni rahat buraxmır. Üçüncü məsələ isə ölüm mələyinin ruhumu alan zaman Rəbbimizə olan sorğusu ilə bağlıdır. Yəni onun: “Ya Rəbbi! Ruhunu alacağım qulun salehlərdəndir, yoxsa günahkarlar zümrəsindən?” – sorğusunun cavabının nə olacağı mənim fikir dünyamı alt-üst edən bir müəmmadır. Nəhayət, bir məsələ də məni olduqca narahat edir. Məhşər meydanına daxil olduğumuz zaman, ruhlar səf-səf düzüldüyü zaman mələklər onlara belə səslənəcək: “Ey günahkarlar, salehlərin arasından çıxın!” Bilmirəm, mən o gün salehlərin səfində yer alacağam, yoxsa günahkarların səfində. Əzizlərim! Bu anlatdığım məsələlər sizi də heç düşündürdümü, könül dünyanızı silkələdimi? Gəlin, Rəbbimizə dua edək, gecə-gündüz Ondan istəyək ki, bizi salehlərin cərgəsinə qatsın. Rəbbimiz bizi Özünə son nəfəsdə iman nəşəsi ilə qovuşdursun, salehlərlə bir eyləsin. Ona bu şəkildə qovuşduğumuz zaman qəbrimiz də nur içində olsun! Amin!”

Harada olursa olsun, özünü İlahi hüzurda hiss edən,  həyatını, məişətini, keçimini, ibadətini və Haqqa olan təslimiyyətini sorğulayan insanın düşüncə aləmi daima Haqqa layiq olub olmayanı bir-birindən ayırma fərasətindən əsla məhrum buraxılmamalıdır. Xaliqin hüzurunda heçliyini idrak edərək Haqqa layiqiylə boyun əyən qulların təslimiyyət mədəniyyətinə yiyələnmə yarışında nəfsini hesaba çəkən  Əli Tantavi həzrətlərinin ibrət verici sorğulama həssasiyyəti necə də heyrətamizdir. Şeyx Əli Tantavi həzrətləri belə buyurur:

“Bir gün özüm-özümdən soruşdum: “Allah (c.c) məni sevirmi?” Ağlıma gəldi ki, Rəbbimizin qullarını sevməsi Qurani-Kərimində zikr etdiyi (bildirdiyi) bəzi səbəb və vəsflərə bağlıdır. Sorğuma cavab tapmaq ümidi ilə şəxsimi bu vəsflərlə dəyərləndirməyə qərar verdim. Baxdım ki, Rəbbim “müttəqiləri” sevir! Lakin mən özümü onlardan saymağa cəsarət edə bilmədim. Sonra baxdım ki, Rəbbim “səbir edənləri” sevir! Fəqət səbrimin az olduğunu xatırladım. Sonra Onun “mücahidləri” sevdiyini gördüm! Lakin tənbəlliyimi və gücümün az olduğunu fərq etdim. Rəbbimin “mühsinləri” sevdiyini gördüm! Lakin bu xüsusiyyətdən də uzaq olduğumu anladım. Sorğulamağa ara verdim və Allahın (c.c) məni sevə biləcəyi bir xisləti tapmamaqdan qorxmağa başladım. Əməllərimi gözdən keçirdim. Baxdım ki, tənbəlliklə, qüsurlarla və günahlarla doludur. O zaman ağlıma Allah-Təalanın (c.c) bu kəlamı gəldi: “Şübhəsiz ki, Allah çoxlu tövbə edənləri və təmizlənənləri sevir!” (əl-Bəqərə, 222) Anidən bu ayənin mən və mənim kimilər üçün olduğunu anladım və tez-tələsik: “Əstəğfirullah və ətübü ileyh (mənası: Ya Rəbbi, bu ana gəlincəyə qədər əlimdən, dilimdən, gözümdən, qulağımdan və ayağımdan bilərək və ya bilməyərək meydana gələn bütün günah və xətalarıma tövbə edirəm), əstəğfirullah və ətübü ileyh!” - deməyə başladım ki, bəlkə, bu səmimi tövbəmlə Rəbbim məni sevdiyi qullarının zümrəsinə daxil etsin!”

Böyük qulluq imtahanında nəfsini, məişətini və ibadət həyatını incələmək istəyən insanları həqiqi bir sorğulama mədəniyyətinə dəvət edən Abdullah Hərəvi həzrətlərinin çağırışı necə də məntiqli səslənməkdədir: “Həyatı boyunca qazandığı və ya əlindən qaçırdığı şeyləri (könlündə sorğulayaraq) fərqinə varan və qalan vaxtını (fürsətlərini) Haqq yolunda gözəl şəkildə dəyərləndirmək istəyən kimsə qalan ömrünə diqqət yetirsin”.       

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz