Quran oxumağin fəzilətləri

Quran oxumağin fəzilətləri

Rəbbimizin kəlamı olan Qurani-Kərimi oxumaq həm qulluq borcu, həm də Allah qatında əcr və savabı çox yüksək bir ibadətdir. Uca Allah Quran oxuyan şəxslərin əsla zərər etməyən bir qazanc əldə etdiklərini bəyan edərək belə buyurmuşdur: “Həqiqətən, Allahın Kitabını oxuyanlar, namaz qılanlar və onlara verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər əsla zərər etməyən bir qazanc uma bilərlər”. (Fatir, 35/29)

Rəsulullah (s.ə.s) Quranın hər bir hərfi müqabilində bir savab və hər savabın da on qat olduğunu bildirərək bu əməlin insana nə qədər çox savab qazandırdığını açıqlamışdır. Quran oxumağın fəzilətini izah edən bu hədisdə belə buyurulur: “Allahın kitabından bir hərf oxuyana bir savab vardır. Hər savab isə on misli ilə verilər. Mən “Əlif-Lam-Mim” bir hərfdir demirəm. Fəqət “Əlif” bir hərf, “Lam” bir hərf, “Mim” bir hərfdir”. (Səhihi-Tirmizi, I, 34)

Qurani-Kərim onu oxuyan şəxsə bir çox üstünlüklər və fəzilətlər qazandırar. Belə ki, Quran insana axirətdə şəfaətçi olar, insanın dərəcəsini yüksəldər, imanını gücləndirər, qəlbinə rahatlıq verər, xəstəliklərinə şəfa olar, ruhu aram tapar, dünyadakı qəmi, kədəri azalar, dində insanı bəsirət sahibi edər, şübhəli şeylərdən uzaqlaşdırar və insana saymaqla bitməyəcək qədər gözəlliklər bəxş edər.

Hədisi-qüdsidə Rəbbimiz (c.c) belə buyurur: “Quran oxumaq bir şəxsi məni zikr etməkdən və məndən bir şey istəməkdən yayındırarsa, mən ona, istəyənlərə verilənlərin ən fəzilətlisini verərəm”. (Tirmizi, Fəzailul-Quran, 25/2926)

İbadətlərin fəziləti ilə bağlı başqa bir hədisi-şərifdə isə Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Namazdakı Quran qiraəti namaz xaricindəki qiraətdən, namaz xaricindəki Quran qiraəti təsbeh (yəni zikr etmək) və təkbirdən, təkbir sədəqədən, sədəqə oruc tutmaqdan daha fəzilətlidir. Oruc isə oda qarşı qalxandır”. (Mişkatul-Məsabih, I , 668; İbnul-Kasih, Siracul-Qari, s.396)

Bir müsəlman Allah rizası üçün Quran oxuduğu vaxt mələklər onun ətrafına toplaşar, onun alnından öpər və Allahdan onu bağışlamasını diləyərlər.

Quran qəlblərə qüvvət və qida, ruhlara isə şəfadır. Onu təkrar-təkrar oxumağa ehtiyacımız var. Qidanın təkrarı gücümüzü, qüvvətimizi artırdığı kimi, Quranın təkrar oxunması da mənəviyyatımızı qidalandırar və gücləndirər.

Quran həm zikr, həm də fikirdir. Həm hikmət, həm də elmdir. Həm həqiqət, həm də şəriətdir. Həm qəlblərə şəfa, möminlərə düz yol göstərən bələdçi, həm də rəhmətdir.

Kainatın fəxri Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Quran oxuyun! Çünki Quran onu oxuyanlara qiyamət günü şəfaətçi olaraq gələcək. Evlərinizdə çoxlu-çoxlu Quran oxuyun! Çünki Quran oxunmayan evdə xeyir az, şər isə çox olar və o evdəkilər daim sıxıntılı və narahat olarlar. Qəlbində, əzbərində Qurandan heç bir ayə olmayan şəxs xaraba ev kimidir. Quran açıq-aşkar bir nur, hakim bir zikr və ən doğru yoldur”.

Nəticə olaraq hər bir müsəlmanın gündəlik olaraq Qurandan müəyyən bir miqdar oxuması əhəmiyyət kəsb edir. Az-az olsa belə, buna davam etmək lazımdır.

Valideynlərin övladlarına qarşı ən mühüm vəzifəsi onlara Quran öyrətmək və Quran əxlaqı ilə yetişdirməkdir. Səhabələrdən Əbu Zər (r.a) belə buyurur: “Rəsulullah (s.ə.s) mənə dedi ki: “Ey Əbu Zər, Allahın kitabından bir ayə öyrənmək üçün səhər evindən çıxmağın sənin üçün yüz rükət (nafilə) namaz qılmaqdan daha xeyirlidir”. (İbn Macə, Sünən, I, 79) Başqa bir hədisdə isə belə buyurulur: “Allahın kitabından bir surə oxuyaraq yatağına girən bir müsəlmana Allah vəkil olaraq bir mələk göndərər. Mələk onu mühafizə edər, yuxudan oyanana qədər ona əziyyət edəcək heç nə yaxınlaşa bilməz”. (Tirmizi, Dəavat, 23; İtqan, IV, 102)

   Başqa bir hədisdə isə Peyğəmbərimiz (s.ə.s) Quranın əhəmiyyətini gözəl bir təşbehlə izah etmişdir. Belə ki, bir gün Rəsulullah (s.ə.s) buyurdu:

- Qəlblər də dəmirin paslandığı kimi pas tutar.

Oradakılar soruşdular:

- Onu parıldadan nədir, ey Allahın Rəsulu?

Rəsulullah (s.ə.s) belə dedi:

- Quran oxumaq və ölümü xatırlamaq. (Muhamməd Məkki, Nihayətul-Qavlil Müfid, s.251)

Qurani-Kərimi şəninə və ülviyyətinə uyğun bir formada oxuyan və lazımi şəkildə əməl edən şəxsləri Rəsulullah (s.ə.s) öymüş və təqdir etmişdir. Çünki Quranı oxumaq mühüm olduğu kimi, onun təlimlərini davranışlarımıza əks etdirmək də mömin üçün çox mühüm bir öhdəlikdir. Hədisi-şərifdə belə buyurulur: “Kim Quran oxuyar və onunla əməl edərsə, qiyamət günü onun anasına və atasına şüası Günəşin şüasından daha parlaq olan bir tac qoyular”. (Əbu Davud, Vitr, 14/1453)

Gəlin, Quran oxuyaq, həyatımıza tətbiq edək və bütün sıxıntılardan xilas olaq.

Rəbbim hamımıza Quran oxumağı və onunla əməl etməyi nəsib etsin. Qiyamət günü bu gözəl kitabımız hamımıza şəfaətçi olsun!..

 

PAYLAŞ:                

Sadiq Ramizoğlu

Sadiq Ramizoğlu

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz