İnsanın Özüdür Yazı
Mədəniyyətlərin məkan və zaman sərhədlərini aşaraq müxtəlif dövrlərə və ərazilərə yayılması, toplumlar üzərində təsirli olması üçün müəyyən amillərin vacibliyindən söz aça bilərik. Hər mədəniyyətin özünəxas memarlıq üslubu, kulinariyası, adət-ənənəsi, danışıq dili və bu kimi bir sıra səciyyəvi tərəfləri var. Əsrlərin sınağından çıxmağı bacaran bu amillər həmçinin zamanla o mədəniyyətin daşıyıcısına çevrilir. Əlbəttə ki, istənilən mədəniyyətin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayan vasitələrdən biri də məhz yazıdır. İstənilən mədəni-tarixi abidə haqda söz söyləmək üçün, yaxud da hər hansı bir xalqın adət-ənənəsini təhlil edərkən yazılı mənbələrə müraciət etməyin vacibliyi yazının mədəniyyət daşıyıcısı olaraq, hardasa, bütün digər amillərdən bir addım irəlidə olduğunu deməyə əsas verir. Əslində, yazının özü başlı-başına bir mədəniyyətdir desək, yanılmarıq.
Yazının yaşı insanlıq qədər qədimdir. İlk insanla başladı yazı, Həzrət Adəmin alın yazısı ilə. İlk yazansa dünya durduqca yaşayacaq olan hər bir insanın qədərini yazan aləmlərin rəbbi Allah-Təala oldu. İnsanlığın tarixində yazı var. İnsanın qədərində kitab var. İnancımıza görə, yazını kəşf edən və onun inkişafına töhfələr verən şəxs ilk peyğəmbərlərdən Həzrət İdris olmuşdur. Yəni bəşəriyyətin qədim dövrlərindən bəri yazının insana yoldaşlıq etdiyini desək, yanılmarıq. Haqq-Təala insanlığa doğru yolu göstərən peyğəmbərlərini bu dünyaya kitab və səhifələrlə göndərmişdir. Bəşər tarixinin mühüm qovşağında yaşayan peyğəmbərlər səhifə və kitablarla dəstəklənmişdir. Tövrat, İncil və Quran tarixin müəyyən mərhələlərində insan toplumları üçün işıq saçan çıraq, yol göstərən bələdçi olmuşdur. İlk peyğəmbərə səhifələr verildiyi kimi, son peyğəmbər də ilahi kitabla dəstəklənmiş və Quranın möcüzəvi xitabının qiyamətə qədər insanlığın bütün ehtiyaclarına kifayət edəcəyi bildirilmişdir. Kitabın “kətəbə”dən, yəni yazmaq feilindən gəldiyini nəzərə alsaq, bütün insanlığın alın yazısı bu iki kitab arasında yazılmışdır. Əslində hər birimizin yaşadığı həyatın özü də bir kitabdır. Neçə il yaşamağımızdan asılı olmayaraq, hamımız bir kitab ömrü sürürük. Yaşanan hər ömür ilk səhifəsindən son səhifəsinə qədər oxumağa dəyər bir kitabdır. Göylərin yazılmış səhifənin bükülməsi kimi büküləcəyi[1], yəni kainat kitabının bağlanacağı Qiyamət günü insanların hesab üçün məhşər meydanına yığışdığı həngamədə insana “Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər”[2] buyurulacaq. Məhz o gün hər birimiz bu dünyada yazdığımız kitabımızı vərəqləyəcəyik. Axı atdığımız hər addım, ağzımızdan çıxan hər kəlmə, qulağımızı açdığımız hər söz, nəzər mərkəzimizə aldığımız hər görüntü hələ bu dünyada ikən kitablaşaraq arxivə çevrilir. Rəbbimiz bu gerçəyi “Əməllərinizi yazan möhtərəm (mələklər) nə etdiklərinizi bilirlər”[3] ayəsi ilə xəbər verir. Katib mələklər tərəfindən yazılan hər anımız bir gün kitab şəklində qarşımıza qoyulacaq. O gün yaxşı və pis əməllərimizin yer aldığı ömür kitabımız ya sağımızdan, ya da solumuzdan veriləcək. “Ali cənnətdə xoşbəxt həyat sürəcək”[4]lərdən olmaq istəyənlər bu dünyada ikən kitabını sağdan almağa layiq bir ömür sürmək məcburiyyətindədirlər. Bu dünyada Kitabdan üz çevirənlərin halını xəbər verən ayeyi-kərimədə isə günahkarların öz əlləri ilə yazdıqları kitabı qorxu ilə vərəqləyəcəkləri belə xəbər verilir:
“Kitab (Hər kəsin əməl dəftəri) qarşısına qoyulacaq və sən günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! (Dünyada etdiyimiz) böyük-kiçik heç bir şeyi kənarda qoymadan hesablamışdır...”[5]
Bəli, bu gün elə bir həyat sürməliyik ki, yazdığımız ömür kitabını sabah gülər üzlə oxuya bilək. Ona görə hər hal və hərəkətimizi ilahi Kitabda buyurulan əmr və tövsiyələrə görə tənzimləməliyik. İrfana, mərifətullaha gedən yolda sabitqədəm olmaq istəyiriksə, oxuduqlarımızın və yazdıqlarımızın yolumuza işıq saçan nur olmasına çalışmalıyıq. Yazdığımız və oxuduğumuz hər sətri kamillik zirvəsinə yüksəlmək üçün bir pilləyə çevirməliyik.
[1] əl-Ənbiya, 104
[2] əl-İsra, 14
[3] əl-İnfitar, 11-12
[4] əl-Haqqə, 21-22
[5] əl-Kəhf, 49
ŞƏRHLƏR