Təbliğ və Yazı
Təbliğ; İslam dinini, onun əsaslarını və hökmlərini insanlara çatdırmaq, insanların bu qaydaları bilməsinə və bu qaydalar istiqamətində həyat sürməsinə səy göstərməkdir. Ən məşhur ifadə ilə desək: “əmri bil-məruf, nəhyi anil-münkər: yaxşı və gözəl olanı əmr etmək, pis və çirkin işlərdən çəkindirmək”dir.
Uca Allah bir çox ayələrdə təbliğ işini bütün möminlərə bir vəzifə olaraq əmr etmişdir. Bir ayədə belə buyurulur: “Aranızda xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsl nicat tapanlardır”. (Ali-İmran, 104) Təfsirçilər bu ayəni əsas alaraq müsəlmanların arasında yaxşı işləri, xeyirli yolu tövsiyə edən, pis işlərin çirkinliyini və qadağan olduğunu izah edən ictimai bir təşkilatın olmasının fərzi-kifayə olduğunu bildirmişlər. (Fərzi-kifayə odur ki, əgər bir bölgədə, toplumda bu işi başqaları edirsə, hamının üzərindən bu vəzifə, öhdəlik düşər. Yox əgər heç kim etməsə, hər kəs günahkar olar və hər kəs bundan məsuliyyət daşıyar.)
Başqa ayədə isə belə buyurulur: “(Ey Muhamməd ümməti!) Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edib, pis əməlləri qadağan edirsiniz və Allaha inanırsınız…” (Ali-İmran, 110)
Allah Rəsulu da (s.ə.s) təbliğin əhəmiyyətinə tez-tez diqqət çəkmiş, səhabələrini, ümmətini bu işə təşviq etmişdir. Bir hədisi-şərifində Rəsulullah (s.ə.s) belə buyurur: “Məndən bir şey eşidib, onu olduğu kimi başqalarına çatdıran şəxsin üzünü Allah nurlandırsın! Təbliğ olunan elə şəxslər var ki, ona təbliğ edəndən daha yaxşı qavrayar və tətbiq edərlər”. (Tirmizi, Elm, 7)
Bir şair Haqq aşiqi olan İslam təbliğçilərinin ruh halını misralarda belə dilə gətirir:
İstərəm sevsin bütün xalq, cahan, Cananımı,
Sevməyən qalmasın aləmdə heç Sultanımı…
Allah Rəsulu (s.ə.s) təbliğə əhəmiyyət verməməyin və təbliğ işini tərk etməyin acı nəticələri olacağını da qeyd etmişdir. Məsələn, İsrail oğullarının zamanla dinlərindən uzaqlaşmalarının və dinlərinin təhrif olunmasının səbəbinin həddi aşıb üsyankarlıq etmələri və bunu edənlərə qarşı din alimlərinin təbliğat və təşviqatı tərk etmələri olduğunu xəbər vermişdir. Bu haqda nazil olan ayədə də bunu açıq şəkildə görməkdəyik. Ayədə belə bildirilir: “İsrail oğullarından kafir olanlar Davudun və Məryəm oğlu İsanın dili ilə lənətlənmişlər. Bunun səbəbi onların üsyan etmələri və həddi aşmaları idi. Onlar bir-birilərini etdikləri pis əməllərdən çəkindirməyə çalışmırdılar. Onların etdikləri necə də pisdir!” (əl-Maidə, 78-79)
Böyük Haqq dostlarından Süfyani Sevri (q.s) təbliğin əhəmiyyətinə dair belə demişdir: “Xorasan diyarına səfər edib Haqqı təbliğ etmək Məkkənin yaxınlığında yaşayıb ibadətlə məşğul olmaqdan daha xeyirlidir”.
Qələmlə cihad sayılan yazı və kitab təbliğ vasitələrinin başında gəlir. İlk əmri “Oxu!” olan bir dinin, “İnsana qələmlə yazmağı öyrətdiyini” bildirən ayələrə sahib olan İslam təbliğçilərinin, əlbəttə ki, baş vuracağı, istifadə edəcəyi bir kitabı və yazılı bir mirası olacaqdı. Uca Allahın bu ümmətə ən böyük lütflərindən biri də məhz Quran kimi əzəmətli bir kitabın nazil edilməsidir. Əgər ortada bir kitab varsa, təbii olaraq, insanlar onu oxumağa can atacaq və öyrənmək istəyəcəklər. Bu da bir toplumun təhsil, elm əldə etməsi və savadlı bir cəmiyyət halına gəlməsi deməkdir.
Savadı, elmi, mədəni səviyyəsi, dünya görüşü yüksək bir tolum daim digər toplumlara öndərlik edər və onları da arxasınca aparar. Məhz orta əsrlərə qədər bu həqiqətə müsəlmanların timsalında tarix şahid olmuşdur. Kitabına tabe olan, onu uca tutan, yaşayan və həyat rəhbəri edən müsəlmanlar ölkələrə, qitələrə hökm etmişdir.
Təbliğ işində yazılı mənbələr - başda Qurani-Kərim və Allah Rəsulunun (s.ə.s) hədisləri olmaqla, İslam alimlərinin, müdrik şəxsiyyətlərin qiymətli əsərləri hər dövrdə böyük rol oynamış və bu gün də oynamaqdadır. Bu mətbu mirasdan elm, irfan və ədəb öyrənmiş İslam təbliğçiləri insanlar üçün daim öndərlik etmiş və həyatları ilə, yaşayışları ilə gözəl nümunə olmuşlar.
Mütəfəkkirlər, alimlər bu dünyadan köçüb getsə də, onların ərsəyə gətirdiyi faydalı əsərlər sədəqeyi-cariyə olaraq sonrakı nəsillər üçün dəyərli bir miras təşkil edir. Gözəl niyyətlərlə yazılan bu zəngin İslam mirası, inşallah, bu gündən sonra da insanlara yol göstərməyə davam edəcəkdir.
ŞƏRHLƏR