Geştalt psixologiyası və zehnimiz

Geştalt psixologiyası və zehnimiz

Geştalt almancadan tərcümədə “bütöv obraz” deməkdir. Geştalt psixologiyası və ya geştaltizm XX əsrin 20-ci illərində Almaniyada yaranıb. Bu nəzəriyyəyə görə, bütöv olan bir şey onun hissələrinin cəmindən fərqli məna kəsb edir və fərd bütöv olanı hissələrə bölməklə deyil, bütövlükdə dərk edir.

Bu nəzəriyyəyə görə, məna əslində forma, şəkil və bütövlükdür. Davranışı hissələrə bölmək onun bütövlüyünü pozur. O, həm də mənasını və keyfiyyətini dəyişir. Məsələn, çayda suyun zərrəcikləri daim dəyişir. Bununla belə, çay hələ də mövcuddur. Cəmiyyətdə insanlar doğulur, böyüyür və ölür. Bütün bunlara baxmayaraq cəmiyyətin varlığı isə davam edir. “Kitab” sözünü “k-i-t-a-b” hərflərinə böldükdə mənasını itirir. Təbiətdəki cisim və hadisələr də ən kiçik hissələri ilə deyil, böyük hissələri ilə və bütövlükdə araşdırıldığı zaman daha yaxşı başa düşülür.

Qavrama hadisəsinin əsas xüsusiyyətləri, Geştalt yanaşmasına görə, şüurda baş verən prosesdir. Ətraf mühitdən gələn informasiyalar hiss orqanlarının işini stimullaşdırır və bu şəkildə baş verən sinir cərəyanı beyinə çatdıqda qavrayış və hissiyyat yaranır.

Məsələn, isti sudan çıxan əlimizi ilıq suya tutsaq, həmin suyu soyuq su kimi, buzlu sudan çıxan əlimizi isə eyni ilıq suya tutsaq, həmin suyu isti su kimi hiss edərik. Eyni zamanda çox şirin bir şey yedikdən sonra yediyimiz dadlı meyvənin də  dadsız olduğu qənaətinə gəlirik. Bəs bu nəzəriyyə nə üçün lazım idi? Bu suala cavab vermək üçün qavrayış sözünü araşdırmaq lazımdır. Qavrayış: bu, diqqətin yönəldildiyi hər şey haqqında hiss orqanları vasitəsi ilə əldə edilən məlumatdır. Diqqət edilən şeyin fərqində olmaq, həm də vəziyyəti dərk etməkdir.

Geştalt nəzəriyyəsinin əsas komponentləri olan Geştalt prinsipləri dizaynda vizual qavrayışı izah etmək üçün istifadə olunur. Bu prinsiplər çox olsa da, mövzumuzla əlaqəli olanları aşağıdakı şəkildə sıralaya bilərik:

Yaxınlıq prinsipi: Bu prinsipə görə, insanlar müxtəlif obyektləri qavradıqları zaman bir-birinə yaxın olanları qrup şəklində qavrayırlar. Bu prinsip gündəlik həyatda tez-tez reklam emblemlərində hadisənin əlaqəli tərəfini vurğulamaq üçün istifadə olunur.

Oxşarlıq prinsipi: Bu prinsipə görə, əgər hissələr oxşardırsa, bu müxtəlif hissələr qavrayış baxımından bir-biri ilə qruplaşır. Bu oxşarlıq: forma, rəng, kölgələndirmə və ya digər bu kimi xüsusiyyətlərlə özünü göstərir.

Tamamlama (bağlama) prinsipi: Bu prinsipə görə, əşyalar tamamlanmasa belə, insanlar bu əşyaları bütöv bir forma, hərf, şəkil kimi qəbul edirlər. Yəni bütöv rəsmin  bəzi hissələri olmadığı zaman belə beynimiz bu vizual hissələri tamamlayır.

Simmetriya prinsipi: Bu prinsipə əsasən, ağıl obyektləri simmetrik olaraq və mərkəzi nöqtə ətrafında formalaşdırmaqla qavrayır. Obyektləri simmetrik olaraq bərabər sayda bölmək qavrayış baxımından daha məqsədəuyğun görünür. Nəticədə, bir-birinə bağlı olmayan iki simmetrik hissə olduqda, ağıl onları qavrayış yolu ilə birləşdirərək birləşmiş forma yaradır.

Yaxşı Geştalt prinsipi: Əgər obyektin hissələri düzgün, sadə və nizamlı bir naxış əmələ gətirirsə, onlar qrup əmələ gətirən kimi qəbul edilir. Bu qanundan belə nəticə çıxartmaq olar ki, fərdlər dünyanı dərk edərkən mürəkkəb və yad olanı aradan qaldırırlar ki, reallığı ən sadə şəkildə müşahidə edə bilsinlər. Mövzudan kənar informasiyalara məhəl qoymamaq ağılın ətraf mühiti daha yaxşı anlamasına kömək edir.

Odur ki, ətrafımızdakı insanları qiymətləndirdiyimiz zaman onların hər hansı bir nöqsanlarına ilişib qalmayaq. Ümumi keyfiyyətlərini bir arada görərək kamil bir insan kimi dəyərləndirməyə çalışaq. Bu münasibət həm özümüzün sağlam psixikası, həm də ətrafımızdakı insanların keyfiyyətinin artırılması baxımından zəruridir.  

Psixologiya nöqteyi-nəzərindən də Geştalt nəzəriyyəsinin özünəxas xüsusiyyətləri var.  Belə ki, Geştalt psixologiyasına görə, beynimiz tamamlanmamış prosesləri düşünməyə daha çox meyillidir. Necə ki, kafedəki ofisiantlar yerinə yetirilməyən sifarişləri yadda saxladıqları halda, icra olunmuş sifarişləri dərhal unudurlar. Biz də illər boyu arzusunda olduğumuz bir şeyi əldə edə bilmiriksə, kiminləsə münasibətimiz müəmmalı şəkildə qırılırsa və başladığımız hansısa bir iş yarımçıq qalırsa, natamam geştaltlar hər zaman zehnimizi məşğul edir. Odur ki, başladığımız işləri tamamlamağa çalışaq. Son olaraq, unutmayaq ki, vizual olaraq baxdığımız zaman gördüyümüz nöqsanları beynimiz bərpa edərək qəbul etsə də, daxili dünyamızdakı nöqsanlıqları beynimiz qəbul etmir. Sağlam beyin və xoşbəxt həyat üçün daxili dünyamızdakı əskiklikləri aradan qaldırmağa çalışaq. Zehnimiz açıq, könlümüz təmiz olsun!..

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz