Təklif

Təklif

Allah-Təala insanı bütün məxluqatından fərqli şəkildə yaratmışdır. Belə ki, insan Allahın yaratdığı ən mükərrəm (mükəmməl) varlıqdır. İnsanı özəl xüsusiyyətlərlə təchiz edən Allah insana sayıla bilməyəcək qədər nemətlər də lütf etmişdir. Bu nemətlərin ən üstünü din nemətidir. Əlbəttə ki, bu neməti bizə lütf edən Rəbbimiz bunu bizim faydalanmağımız üçün etmişdir. Əşrəfi-məxluqat (yaradılmışların ən şərəflisi) olan insan başqa məxluqatdan fərqli olaraq iki aləm nizamına tabedir. Üstün olmağın, fərqli olmağın bir məsuliyyəti var. Məsuliyyət şüuru olan insan daha diqqətli, daha hörmətli, daha hikmətli olur. Dini məsuliyyət kamil ağıl sahiblərinin vəzifəsidir. Ümumiyyətlə, insanın dini nöqteyi-nəzərdən məsul olması üçün üç özəlliyi olmalıdır:

1) Müsəlman olmaq,

2) Həddi-büluğ yaşında olmaq,

3) Ağıllı olmaq.

Bu xüsusiyyətlərə sahib olan insan təklif sahibi, yəni mükəlləf olur. İnsanın mükəlləf olduğu ibadətlərin faydası həm dünya, həm də axirətə aiddir. Dünya və axirətin bir arada olduğu nemət ən böyük nemət və ən böyük ilahi lütfdür. Qurani-Kərimdə Rəbbimiz bizə belə dua etməyimizi öyrədir: “Onlardan eləsi də var ki: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər bəxş et və bizi cəhənnəm əzabından qoru!” - deyər”. (əl-Bəqərə, 201)

Allah (c.c) qullarını mükəlləf tutduğu hökmləri üç yerə ayırmışdır. Bunlar aşağıdakılardır:

1) İnanılmasını əmr etdiyi əsaslar (əqaid),

2) Edilməsini əmr etdiyi əsaslar (fərzlər və halallar),

3) Uzaq durulmasını əmr etdiyi işlər (haramlar).

Allahın əmr etdiyi əməllər qulları üçün faydalı, qadağan etdiyi əməllər isə zərərlidir. Allah-Təala buyurur: “Kim yaxşı bir iş görərsə, öz lehinə, kim də pis bir iş görərsə, öz əleyhinə olar. Sənin Rəbbin bəndələrinə zülm edən deyildir”. (əl-Fussilət, 46)

Allah insanları iman və ibadətlərlə mükəlləf etmişdir. Qullarına şəfqət etdiyi üçün Peyğəmbərlər göndərmiş və kitablar endirmişdir. Allahın onları məsul tutmağa səbəb olacaq heç bir şeyə ehtiyacı olmadığı halda onlara dini bir şəriət olaraq əmr etmişdir. Çünki yaradılışımızın məqsədi Allahı tanıyıb Ona qulluq etməkdir.

Allahın bizim iman və ibadətlərimizə heç bir ehtiyacı olmadığını, əksinə, bizim Onun mərhəmət və şəfqətinə nə qədər ehtiyacımız olduğunu göstərməsi baxımından aşağıdakı qüdsi hədis çox möhtəşəm bir şəkildə məsələni izah edir. Hədisi Əbu Zərr əl-Qifari (r.a) Hz. Peyğəmbərdən (s.ə.s) nəql etmişdir. Hz. Peyğəmbər (s.ə.s) Uca Rəbbimizin belə buyurduğunu deyir:

“Ey bəndələrim! Mən zülmü özümə haram etdim və öz aranızda bir-birinizə zülm etməyi də haram etdim. Bir-birinizə zülm etməyin. Ey qullarım! Mənim doğru yola yönəltdiyim kəsdən başqa hamınız zəlalətdəsiniz; məndən hidayət diləyin, mən də sizə hidayət edim. Ey qullarım! Yedirdiyimdən başqa hamınız acsınız; məndən yemək istəyin, sizə yemək verim. Ey qullarım! Mənim geyindirdiyimdən başqa hamınız çılpaqsınız; məndən istəyin, sizi geyindirim. Ey bəndələrim! Siz gecə-gündüz xəta edirsiniz və mən bütün günahlarınızı bağışlayıram; məndən bağışlanma diləyin, sizi bağışlayım. Ey qullarım! Siz mənə zərər verə bilməzsiniz və mənə fayda da verə bilməzsiniz. Ey qullarım! Əgər sizin əvvəlkiləriniz, sonrakı ümmətləriniz, insanlarınız və cinləriniz sizdən ən təqvalı adamın qəlbi kimi olsaydı, mənim mülkümdə heç bir şey artmazdı. Ey qullarım! Əgər sizdən əvvəlkiləriniz, sonrakılarınız, insanlarınız və cinləriniz sizdən ən fasiq insanın qəlbi kimi olsaydı, mənim mülkümdən heç bir şey əskilməzdi. Ey qullarım! Əgər sizin əvvəlkiləriniz, sonrakı ümmətləriniz, insanlarınız və cinləriniz hündür bir yerdə dayanıb məndən istəsələr və  hər kəsə istədiyini versəm, mənim qatımdakı əskiklik ancaq iynə dənizə batırılıb çıxardılanda dənizdə görünəcək əskiklik qədər olardı. Ey qullarım! Bunlar ancaq sizin əməllərinizdir, mən onları yazıram, sonra sizə savabınızı tam verəcəyəm. Kim yaxşılıq görsə, Allaha həmd etsin, kim də bundan başqa bir şey görsə, öz nəfsindən başqasını qınamasın”.  (Müslim, 2577)

Allah qullarına mərhəmət etdiyi və onlara lütf etdiyi üçün bu əmrləri və qadağaları qullarına təklif edir. Elə isə ağıl sahibi bir insanın öz mənfəətinə və gələcəyinə münasib olan təklifi düşünməsi və dəyərləndirməsi lazımdır. Qəbul etməsi öz xeyrinə, laqeyd yanaşması, yaxud ziddinə hərəkət etməsi isə yalnız və yalnız öz zərərinə olacaqdır.

    

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz