Bir Ayə
بسم الله الرحمن الرحيم
صِبْغَةَ اللهِ وَمَنْ أَحْسَنُ مِنَ اللهِ صِبْغَةً وَنَحْنُ لَهُ عَابِدُونَ
“(Ey möminlər, deyin ki:) Allahın rəngi (ilə boyandıq)! Allahdan daha gözəl rəngi olan kimdir?! Biz yalnız Ona ibadət edənlərik”. (əl-Bəqərə, 2/138)
Təfsir alimi Zəməxşərinin “əl-Kəşşaf” əsərində qeyd etdiyinə görə, xristianlar yeni doğulan uşaqlarını rəngli bir suya batırır və beləliklə, həmin uşağın xristianlığa girdiyinə inanırdılar. Buna görə də yuxarıdakı ayədə müsəlmanlara: “Biz Allahın rəngi ilə boyandıq!” – demələri tövsiyə olunmuşdur. Təfsir mənbələrində “sibğətüllah / Allahın rəngi” ifadəsinə “İslam dini, İslamın rəngi, həniflik (təkallahlılıq), Allahın əzəli və əbədi dini, Allahın insan oğluna verdiyi fitrət, Allahın paklaması” kimi mənalar verilmişdir.
Bundan əvvəlki bir ayədə: “Belə deyin: “Allaha və bizə nazil olana (Qurana), İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun övladlarına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirmişik. Onlardan heç biri arasında fərq qoymuruq və biz Ona (Allaha) təslim olanlarıq!” (əl-Bəqərə, 2/136) - şəklində qeyd olunan peyğəmbərlərə göndərilən ilahi mesajların hamısının əsli birdir. Yəni Allah-Təalanın varlığına və birliyinə inanmaq, Ona qulluq borcu və ümumbəşəri əxlaqi prinsiplər əsrlər keçsə də, dəyişmədən axirət gününə qədər davam edəcəkdir. İlk peyğəmbərdən son peyğəmbərə qədər bu dinin əsas prinsipləri dəyişməzdir. Buna görə də “sibğətüllah/Allahın rəngi” məhz bu haqq dindir.
Digər tərəfdən, əvvəlki ayədə: “Əgər onlar sizin iman gətirdiyiniz kimi iman gətirsələr, əlbəttə, doğru yolda olarlar. Əgər üz döndərsələr, həqiqətən, ixtilafa düşərlər”, (əl-Bəqərə, 2/136) – buyurularaq digər etiqadlarda olanların səhv yolda olduqları vurğulanmışdır. Bu səbəbdən, bir qisim təfsirçilərə görə, bu ayeyi-kərimədə eyni zamanda xristianların vəftiz (uşağı xaç suyuna batırmaq) mərasiminin doğru olmadığına işarə edilmişdir. Çünki onlar yeni doğulan uşağı rəngli bir suya batıraraq həqiqi mənada xristian etdiklərinə, onunla boyadıqlarına inanırlar. Quran isə həqiqi imanın simvolik şəkildə rənglənmə ilə gerçəkləşmədiyini xəbər verir. Həqiqi iman Allahın rəngi ilə boyanaraq Ona itaətlə gerçəkləşir. Vəftiz belə bir inancın yerini tuta bilməz. Ona görə də əsl mömin Allahın rəngi dediyimiz tövhid inancı, Ona qulluq və gözəl əxlaq ilə boyanmalıdır.
Allahın Rəsulu (s.ə.s) Quran əxlaqı ilə əxlaqlandığı kimi, müsəlmanlar da daxili aləmlərində, ailə həyatlarında və cəmiyyət içindəki bütün davranışlarında özlərini Qurana görə tənzimləyərlərsə, həqiqi mənada Allahın rəngi ilə boyanmış olarlar. Bir sözlə, “Allahın rəngi ilə boyandım”, - deyən kimsənin bu iddiası onun davranışlarına, həyat tərzinə ilahi rizaya müvafiq olaraq əks etməlidir.
ŞƏRHLƏR