HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 23
Hüdayi həzrətləri buyurur:
Qulaq tutan kişilər Haqq Kəlama,
Nöqsandan qurtulub erər tamama…
Xəta və nöqsanlarından qurtularaq cənnətə layiq saflığa sahib olmaq istəyən kəs;
- Haqq-Təalanın kəlamı olan Qurani-Kərimin məna və təfəkkür iqliminə girməli,
- Onun əhkamı ilə amil,
- Əxlaqı ilə kamil olmağa çalışmalıdır.
Çünki Qurani-Kərim;
- İlahi imtahanlarla dolu bu dünya məktəbinin ən böyük dərs kitabıdır.
- İki dünya səadəti üçün Allah qatından insanlığa göndərilən son ilahi mesaj və son dəvətdir.
- Haqq-Təalanın biz bəndələrinə bəxş etdiyi ən böyük nemət, şərəf və izzətdir.
Bu haqda ayeyi-kərimədə belə buyurulur:
“Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlblərdəki (şirk və şübhə kimi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir”. (Yunus, 57)
Həqiqətən, Qurani-Kərim qəlbini səmimiyyətlə ona açanlar üçün şəfa, rəhmət və hidayət qaynağıdır. Eynilə qazdıqca hər təbəqəsindən bir-birindən dəyərli xəzinələr çıxan münbit torpaq kimidir. Hər kəs o müqəddəs xəzinədən ixlas, təqva, istedad və nəsibinə görə müxtəlif formalarda istifadə edər.
Avam-xavas, bütün möminlər eyni Quranı oxusa da, hər biri qəlbi dərinliyi nisbətində fərqli dərəcədə faydalanar.
Başqa cür ifadə etsək, Qurani-Kərim insan qəlbinin mənəvi səviyyəsi nisbətində dərinliyinə dala biləcəyimiz geniş və dərin bir dəryaya bənzəyir. Üzməyi bacarmayanlar dayazda əl-qol atsa da, mahir dalğıclar ən dərin dəryalara dalaraq sahildəkilərin görə bilmədiyi möhtəşəm mənzərələri və bambaşqa aləmləri seyr edərlər. Eynilə bunun kimi, təqva yolunda qəlbən mərhələ qət edən möminlər də Qurani-Kərimdə bir çox sirr və hikmət təcəllilərinə vaqif olarlar.
Bir sözlə, təqva olmadan; yəni nəfsani arzulardan uzaqlaşmadan, ruhani istedadları inkişaf etdirmədən kamil mənada “əhli-Quran” ola bilmək mümkün deyil. Necə ki, ayeyi-kərimədə bu həqiqətə işarə edilərək belə buyurulur:
“Bu Kitabda heç bir şübhə yoxdur! O, təqva sahiblərinə doğru yolu göstərən bir Kitabdır”. (əl-Bəqərə, 2)
Qurani-Kərimə toxunmaq üçün zahirən dəstəmazlı olmaq vacib olduğu kimi, onun mənəvi iqliminə girmək üçün də batini mənada qəlb təmizliyinə diqqət edilməlidir. Əks təqdirdə günah kirləri ilə qaralmış qəlblə Qurani-Kərimin möhtəşəm mənzərələrini seyr etmək mümkün deyil.
Bu səbəblə də Həzrət Osman t belə buyurmuşdur:
“Əgər qəlblərimiz tərtəmiz olsaydı, Rəbbimizin kəlamından doymazdıq”.
Həqiqətən, Qurani-Kərim kəsafətdən təmizlənərək nurani iqlimə girən qəlblər üçün öz sirlərini səxavətlə açar. Mövlana həzrətləri bu həqiqəti belə ifadə edir:
“Qurani-Kərimin mənasını yalnız həva və həvəsini yandırıb kül etmiş, beləliklə, Quran qarşısında əriyib qurban olmuş və ruhu Quran kəsilmiş kəslər layiqincə anlayar…”
“Qurani-Kərimin ayələrini və Həzrət Peyğəmbərin hədisi-şəriflərini oxumadan əvvəl özünü düzəlt! Gül bağçasındakı gözəl ətri ala bilmirsənsə, günahı bağçada axtarma, könlündə və burnunda axtar!..”
Yəni Qurani-Kərimdən layiqincə istifadə edə bilmək üçün onu oxuyarkən qəlbin təmiz və agah / ayıq olması şərtdir. Çünki Quran əslində qəlblə oxunar. Gözün vəzifəsi bir növ qəlb üçün gözlük olmaqdır.
Necə ki, Quran ayələrini Həzrət Əbu Bəkr t da dinlədi, Əbu Cəhl də. Lakin hər ikisi də Quran güzgüsündə öz qəlb aləminin əksini seyr etdi. Həzrət Əbu Bəkr t Allahın Kəlamına heyran qaldı, Əbu Cəhl isə öz qəlbinin qətran kimi qatı qaranlığını seyr etdiyi üçün azğın İslam düşməninə çevrildi.
Mövlana həzrətlərinin bu ifadəsi necə də mənalıdır:
“Sənin dünyaya baxan pəncərən kirlidirsə, mənim çiçəklərim sənə kol-kos kimi görünər!..”
Necə ki, ayeyi-kərimədə də belə buyurulur:
“Bəs onlar Quranı düşünmürlərmi?! Yoxsa qəlblərində qıfıllarmı var?!” (Muhamməd, 24)
Bir sözlə, Quran həqiqətlərindən nəsib ala bilmək üçün, əvvəla, ona təmiz qəlb və xalis niyyətlə yaxınlaşmaq lazımdır. Əks təqdirdə bərəkətli yaz yağışının üstündən axdığı qayalara heç bir faydası olmadığı kimi, haqqa və həqiqətə qapalı, sanki daşlaşmış qəlblərə də Quranın heç bir faydası olmaz.
Hətta Quranın hidayət, rəhmət və şəfasından uzaq qalanlar böyük ziyana düçar olarlar. Tabeun nəslinin məşhur müfəssirlərindən Qatadə g-ın dediyi kimi:
“Qurani-Kərim oxuyanlar ya xeyir, ya da zərər edərlər. Çünki ayeyi-kərimədə belə buyurulur:
“Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan, zalımların isə yalnız ziyanını artıran ayələr nazil edirik”. (əl-İsra, 82)
Həqiqətən, əsri-səadətdə Qurana heyranlıqları səbəbi ilə gizlindən ona qulaq asan müşriklər onun bəşər kəlamı olmadığını və Allah tərəfindən gəldiyini vicdanla qəbul etdikləri halda sırf dünyəvi və nəfsani mənfəətlərini itirməmək üçün rədd edib şirk və küfrün rəzilliyinə saplandılar.
Haqq-Təala qiyamətədək gələcək olan bütün inkarçılara Qurani-Kərimlə meydan oxudu:
“De: “Əgər bu Qurana bənzər bir şey gətirmək üçün insanlar və cinlər bir yerə yığışsalar və bir-birinə dəstək olsalar, yenə də onun bənzərini gətirə bilməzlər”. (əl-İsra, 88)
Müşriklər o gün də, bu gün də Quranın bir bənzərini gətirməkdən aciz qaldılar. Haqq-Təala müşriklərə acizliklərini daha yaxından dərk etdirmək üçün sonrakı mərhələdə Quran surələrinə bənzər on surə, sonra bir surə, hətta ən sonda Qurana istənilən cəhəti ilə azacıq da olsa bənzəyən bir söz söyləmələrini istədi. Lakin inkar edənlər bu meydan oxumalara heç cür cavab verə bilmədilər. Bu xüsusda acizlik içində qıvrandılar.
Üstəlik, bu hadisə Məkkə dövründə, ərəblərin şeir və ədəbiyyat müsabiqələri təşkil etdikləri, ədəbiyyat və bəlağətdə yarışdıqları bir dövrdə baş verdi.
Müşriklər Qurani-Kərimin bir bənzərini meydana gətirə bilmədikdə bu dəfə -haşa- Haqq-Təalanın təqdirində xəta olduğunu dilə gətirəcək qədər həddi aşdılar:
“Bu Quran iki şəhərdən (Məkkə, yaxud Taifdən) olan böyük bir adama nazil edilməli deyildimi? – dedilər”. (əz-Zuxruf, 31)
Çünki “Biz var-dövlət sahibiyik, şan-şöhrətimiz, qüdrət və etibarımız var. Ona görə bu Quran bizə endirilməli idi”, - dedilər.
Qurani-Kərim kimi möcüzəvi bir kitabın özlərinə deyil, müsəlmanlara gəlməsi səbəbi ilə qeyri-müsəlmanların qəlblərində bəslədikləri kin, həsəd və qısqanclığı Allah-Təala belə xəbər verir:
“Nə əhli-kitabdan olan kafirlər, nə də müşriklər Rəbbinizdən sizə bir xeyir göndərilməsini istəyərlər. Halbuki Allah Öz rəhmətini dilədiyi kimsəyə məxsus edər. Allah böyük lütf sahibidir”. (əl-Bəqərə, 105)
“Kitab əhlindən bir çoxu həqiqət özlərinə bəlli olduqdan sonra da həsədləri səbəbilə imanınızdan sonra sizi küfrə qaytarmaq istəyər…” (əl-Bəqərə, 109)
Bu bir həqiqətdir ki, tarix təkrar-təkrar səhnələnən teatr oyununa bənzəyir. Rolları ifa edənlər dəyişsə də, ssenari dəyişmir. İbn Xəldunun dediyi kimi:
“Keçmiş hadisələr gələcək olanlara suyun suya bənzəməsindən daha çox bənzəyir”.
Çünki zamanın, məkanın, həyat şərtlərinin və dekorun dəyişməsi ilə insan təbiəti dəyişmir. Bu gün həzz və hız (sürət) indeksli həyat sürən müasir cahiliyyə insanı ilə 14 əsr əvvəlki bədəvi cahiliyyə insanı arasında qarderob fərqindən başqa nə var?
Allah və Rəsulundan uzaq yaşanan hər dövr cahiliyyə dövrüdür. İlahi və nəbəvi bəyanlarla islah edilməyən hər əsrin vəhşilikləri bir-birinə bərabərdir…
Bu gün də tarix təkərrür edir. Cahiliyyə dövründə olduğu kimi, bugünkü müasir cahiliyyədə də Qurani-Kərimə mənfi və nəfsani şərtləmə ilə baxanlar onun hidayət, rəhmət və nuru yerinə öz daxili dünyalarının zülmət qaranlığını görürlər. Gözləri qaranlığa alışdığı üçün də İslamın və Quranın nurundan narahat olurlar.
Keçmişdə cahiliyyə müşrikləri Quranın möcüzəvi bəyanları qarşısında fikri bir mücadilədən aciz qalaraq çarəsizliklərini ört-basdır etmək təlaşı ilə məsxərə, həqarət və zor gücünə baş vurmuşdular. Bu günün müasir cahiliyyəsində də:
- Qurani-Kərimin nazil olduğu gündən bəri bir hərfi belə dəyişməmiş möcüzəvi kitab olduğuna kiçicik də olsa etiraz edə bilməyənlər,
- Əvvəlki ilahi kitablara edilən təhrifatı Qurani-Kərimə edə bilməyənlər,
- İslamın inkişafından narahat olan bəzi qatı vicdanlar Quran səhifələrini yandıraraq özlərinə bu yolla təsəlli verir, həmçinin kin və nifrətlərini qusurlar.
Şübhəsiz ki, onların bu çaşqın halı içərisinə düşdükləri acizliyin açıq-aşkar göstəricisidir. Düşdükləri bu acizlik eynilə məhkumluq qərarını cırıb ataraq verilən hökmdən yaxa qurtaracağını zənn edən zavallının acı halını xatırladır.
Onların bütün bu təcavüzləri əsla Qurani-Kərimin şanına və şərəfinə xələl gətirə bilməz. Mövlana həzrətlərinin buyurduğu kimi:
“Köpəyin ağzı dəyməklə dəniz kirlənməz!..”
Yəni mənəvi və müqəddəs dəyərlərimizə təcavüz edən nadanların bu həqarətləri həqiqətin qiymətindən heç bir zərrə əskiltməz. Günəşi palçıqla suvamağa çalışanların əlindəki palçıq sadəcə öz murdarlıqlarına şahid olar.
Onlar nə üçün Quranı yandırırlar? Nə üçün batil bəşəri dinlərin və təhrifə məruz qalmış yəhudilik və xristianlığın kitab və simvollarını deyil, Qurani-Kərimi yandırıb İslama və müsəlmanlara həqarət edirlər? Çünki;
“Meyvəli ağac daşlanar”.
“Oğru zərgər dükanını soymaq istəyər; işlənmiş əşyalar satılan mağazaya girməz”.
Bu gün İslamdan qeyri bütün dinlər və bəşəri sistemlər bəşəriyyətə hüzur verməkdən acizdir. Avropada kilsələr bağlanır, insanlar ateizmə meyil salır.
Ağıl məhsulu olan fəlsəfələrə əsaslanan bir çox bəşəri sistemlər gəlib-keçicidir. Lakin bunların heç biri insanlığa hüzur və səadət gətirə bilmədi.
Məsələn, bugünkü kapitalist və liberal sistemin gətirdiyi mənəviyyatsızlıq və mərhəmətsizlik vicdanları daşa döndərdi, nəticədə insan yığını meydana gəldi. Məzlum coğrafiyaları matəm ölkələrinə, Aralıq dənizini köçkün qəbiristanlığına çevirdi.
Onların bütün bu zülmləri müqabilində İslam Yaradandan ötrü yaradılana şəfqət və mərhəməti, vicdanlı və insaflı olmağı, haqqa və ədalətə riayəti əmr edir. Yəni bəşəriyyətin yeganə qurtuluş yolu İslamdadır…
İslam gətirmiş olduğu gözəl əxlaq vasitəsilə mənfəətpərəst insanları, istismarçı dövlətləri, imperialist gücləri narahat edir. Əmr etdiyi ədalət səbəbi ilə zalım və saxtakarları narahat edir.
Allah-Təala Fəth surəsinin son ayəsində müsəlmanların sayının artaraq güclənmələrinin kafirləri qəzəbləndirdiyini bəyan edir.
Bu gün də İslam düşmənləri həddən artıq qəzəblidirlər. Ona görə də bəşəriyyətin yeganə hüzur qaynağı olan Qurana hücum edirlər.
Bəşəriyyətə ən dəhşətli zülmü edənlərin dinlərinə yox, sülh və rəhmət dini olan İslama “fobiya” ilə yanaşmağı rəva görürlər.
Amerika İkinci Dünya müharibəsində Yaponiyaya atom bombası atdı. Uşaq, qadın, qoca demədən, müharibə ilə heç bir əlaqəsi olmayan insanlar, hətta heyvanlar və ağaclar məhv edildi. Hitler milyonlarla yəhudini qətlə yetirdi. Lakin heç kim buna xristian terroru demədi.
Həmçinin kommunist Stalin yüz minlərlə insanı amansızlıqla qətlə yetirdi. Lakin buna da kommunist terroru deyilmədi.
Bu gün Afrika və Orta Şərqin yeraltı və yerüstü sərvətlərini istismar etmək üçün dünyanın dörd bir yanından gəlib oraları talan edənlər də müsəlman deyil. Lakin heç kim qalxıb buna xristian terroru demir.
Bir neçə il əvvəl Arakanda Myanma dövlətinin göz yumduğu terrorçuların vəhşicəsinə qətl etdiyi müsəlmanların sayı-hesabı yox idi. Lakin buna da heç kim buddist terroru demədi.
Uzun illərdən bəri İsrail fələstinli qardaşlarımıza zülm edir, onları qətlə yetirir, torpaqlarını qəsb edir. Buna da əsla yəhudi terroru deyilmir.
Bəs yaxşı, bu “terror” və “fobiya” sözlərinin bəşəriyyətin üfüqünü qaranlığa qərq edən zalımların batil dini üçün deyil, yalnız haqq din olan “İslam” üçün işlədilməsinə səbəb nədir?
Çünki batil haqdan narahat olur. Qəflət yuxusuna dalanlar onlara xəbərdarlıq edənlərdən narahatlıq hiss edirlər. Nəfsani arzuların ardınca düşərək məsuliyyətsiz həyat sürənlər axirət gerçəyindən qorxurlar.
Keçmişdə müşriklər yalan, iftira, məsxərə və həqarətlərlə, səs-küy salaraq Quranın səsini batırmağa çalışırdılar. Onların bugünkü davamçıları da dünyanı islamofobiya nağılına inandıraraq və hər fürsətdə bunu insanlara təlqin edərək İslamın nurunu söndürmək istəyirlər. Bu məqsədlərinə nail ola bilmədikdə isə həqiqəti qəbul etmək yerinə daha da çılğınlaşaraq nifrət dolu cinayətlərə əl atırlar.
Müsəlmanları potensial terrorçu kimi qələmə verən filmlər çəkərək, Həzrət Peyğəmbər r-ə qara yaxmaq məqsədi ilə rəzil karikaturalar çəkərək, məscidlərdə qətliam edərək, Qurani-Kərimi yandıraraq içlərindəki kini qusan bu nifrət quldurlarının yeganə dərdi insanların İslama təmayülünə mane olmaqdır. Lakin Allahın izni ilə bu arzularına çata bilməyəcəklər. Çünki ayeyi-kərimədə açıq-aşkar belə buyurulur:
“Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Ancaq kafirlərin xoşuna gəlməsə də, Allah əsla Öz nurunu tamamlamaqdan geri durmaz”. (ət-Tövbə, 32)
Bəli, Allah-Təalanın “nurunu tamamlayacağı” mütləqdir. Lakin batil əhlinin bu həyasız hücumları qarşısında səssiz və passiv qalmağımız bizim üçün vəbaldır. Bu kimi hallarda möminlər olaraq İslamın izzət və vüqarını qorumaq xüsusunda nə qədər dini həssaslığa sahib olduğumuzdan imtahan edildiyimizi əsla unutmamalıyıq. O zalımlara qarşı Allah üçün qəzəb sərgiləməli və lazımi tədbiri almalıyıq.
Haqq din İslamın mənsubu olan bizlər bu həyasız axınların qarşısında necə sədd olacağıq? Bu çirkin yanaşmalara misli ilə cavab verməliyikmi? Batil əhlinin etdiyi kimi biz də yıxıb dağıtmalı və həqarət etməliyikmi? Əlbəttə ki, xeyr!
Çünki biz -şükürlər olsun- Rəhman və Rəhim olan Allahın qullarıyıq. Aləmlərə rəhmət olaraq göndərilmiş bir Peyğəmbərin ümmətiyik. Rəhmət dini İslamın mənsubuyuq. Ona görə də, İslam düşmənləri nə qədər alçaq addımlar atsalar da, biz mücadiləmizi İslamın izzətinə yaraşan şəkildə verməklə məsuluq.
Qeyd edəcəyim hadisə bu həqiqəti necə də gözəl xülasə edir:
1992-1995-ci illərdə dünyanın gözü önündə qətliama məruz qalan Bosniyanın böyük mücahid və mütəfəkkir lideri Aliya İzzətbeqoviçin əsgərlərindən biri ona deyir:
“Serblər namusumuzu ləkələyirlər, sivil xalqı amansızca qətlə yetirirlər, uşaq, qadın və qoca demədən hər kəsi öldürürlər. Buna biganə qalmamalıyıq!”
Aliya İzzətbeqoviçsə bu möhtəşəm cavabı verir:
“Bizim müəllimimiz serblər deyil. Biz də zalımlardan olsaq, zülmə qarşı mücadiləmizin heç bir mənası qalmaz. Biz Kitaba tabe olacağıq. Ölüm məğlubiyyət deyil, əsl məğlubiyyət düşmənə bənzəməkdir! Mən Avropaya (sülh müzakirələri üçün) gedəndə heç vaxt başımı önə əymirəm. Çünki biz uşaq, qadın və qocaları öldürmədik, hər hansı bir müqəddəs yeri dağıtmadıq. Halbuki onlar bu saydıqlarımın hamısını etdilər. Həm də Qərbin gözü qarşısında, Qərb mədəniyyəti adına!..”
Rəhmət dini olan İslam müharibədə belə hüquqa riayət edir. Buradan anlayacağımız kimi, müsəlmanın mücadilə üslubunu da Qurani-Kərim təyin edir. Biz İslam düşmənlərinin etdiyi kimi onların müqəddəs və toxunulmaz dəyərlərinə həqarət etsək, onlardan heç bir fərqimiz qalmaz. Bunu Qurani-Kərim özü qadağan edir:
“Allahdan başqasına tapınanlara (və sitayiş etdiklərinə) söyməyin! Yoxsa onlar da, bilmədən düşməncəsinə Allaha söyərlər...” (əl-Ənam, 108)
Elə isə Qurani-Kərimi müdafiə etməyin ədəbini də Qurandan öyrənməliyik. Haqq-Təala belə buyurur:
“Ona görə də kafirlərə itaət etmə və bununla (Quranla) onlara qarşı böyük cihad et!” (əl-Furqan, 52)
Ayeyi-kərimədəki “böyük cihad” əmri möminlərin müşriklərlə mücadilə edə biləcək maddi və hərbi güclərinin olmadığı Məkkə dövründə nazil olmuşdu. Bu ilahi əmr “böyük cihad”ın ən mühüm mənalarından birini ortaya qoyur. O da Quranın yaşanaraq təbliğ edilməsidir.
Xülasə, biz Qurandan möhkəm yapışar, onun əxlaqı ilə əxlaqlanar, İslam şəxsiyyət və xarakterini hal və davranışlarımızla sərgiləyər və insanlığın yeganə qurtuluş düsturu olan Quranın mesajlarını könüllərə çatdıra biləriksə, bu hal İslam düşmənlərinə veriləcək ən gözəl cavab olacaq.
Hüdayi həzrətləri buyurur:
Haqq Kəlamın guş edib,
Dərya kimi cuş edib,
Cəmi-eşqi nuş edib,
Udalım şimdən geri…
“Qurani-Kərimin mesajlarını can qulağı ilə dinləyib dərya kimi coşaq. Artıq o Haqq kəlamından ilahi eşq iksirini içək …”
Həm özümüzün, həm də bəşəriyyətin əbədi qurtuluşu üçün;
- Qurana eşqlə bağlanmalı,
- Onun yolunda sədaqətlə addımlamalı,
- Hikmətlərinə məhəbbətlə ram olmalı,
- Əmrlərinə can-dildən itaət etməli,
- Quranı həyatımızda daima birinci planda tutmalıyıq.
Xüsusilə övladlarımız üçün qoyacağımız ən qiymətli mirasın onları Quran yolunda yetişdirmək olduğunu unutmamalıyıq. Övladlarımıza Qurani-Kərimin sadəcə qiraətini deyil, məna və hikmətlərini, əxlaq və əhkamını, həyata necə tətbiq ediləcəyini də öyrədəcək olan geniş təhsil imkanı təmin etməyə çalışmalıyıq.
Təəssüf ki, bu gün övladların sırf dünyəvi istiqbalını düşünərək onları ciddi bir Quran təhsilindən məhrum yetişdirmək qəfləti özünü dindar görən ailələrə də sirayət etdi. Halbuki Quran təhsilini ikinci plana atmaq dünya və axirət səadətini təhlükəyə sürükləyən acınacaqlı aldanışdır.
Ona görə də uşaqlarımızı sadəcə yay aylarında üç-beş həftəlik məscidə və ya kursa göndərməyi kifayət bilməməliyik. Bu, Quran tədrisini xor görməkdir. Unutmayaq ki, Həzrət Peyğəmbər r əshabına Qurani-Kərimi 23 il şəxsən yaşayıb, yaşadaraq öyrətdi.
Quran istiqamətində həyat sürmək hər möminin vəzifəsidir. Əks təqdirdə axirətdə Quranın şəfaətini umduğumuz halda onun bizdən şikayətçi olması da mümkündür. Necə ki, Qurani-Kərimə müxalif həyat sürənlər haqqında axirətdə Hz. Peyğəmbərin Rəbbinə şikayət edəcəyi ayeyi-kərimədə belə xəbər verilir:
“Peyğəmbər deyəcək: “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etdi”. (əl-Furqan, 30)
Axirətdə bu nəbəvi şikayətə düçar olmamaq üçün Qurani-Kərim tilavətini artırmalı, onun dərin mənasından agah olmalı və duyğu dərinliyi içində həyatımıza tətbiq etməyə çalışmalıyıq.
Hüdayi həzrətləri buyurur:
Hökmü-Quranla amil olmaq, əcəb[1] səadətdir,
Hübbü-dildən zail olmaq, əcəb şəkavətdir…[2]
“Əbədi səadətin yolu Quranın hökmləri ilə amil olmaqdır. Bu xüsusda könlün məhəbbətini, şövq və həyəcanını itirməsi isə əbədi xüsran səbəbidir”.
Unutmamaq lazımdır ki, Qurani-Kərim fani bir varlığın əsəri deyil, Kainatın Xaliqinin biz aciz bəndələrinə böyük bir lütfü olaraq bəxş etdiyi hidayət rəhbəridir. Bu səbəblə, Qurani-Kərimdən layiqincə istifadə edə bilmək üçün Mushafi-Şərifin qapağını müstəsna ədəb, hörmət, təzim və məhəbbət duyğuları ilə açmalıyıq. Onu aləmlərin Rəbbi tərəfindən bizə göndərilən kitab olduğunu dərk edərək, sanki yeni nazil olurmuş kimi müstəsna şövqlə oxumalıyıq.
Onu oxuyarkən;
“Görəsən, Haqq-Təalanın rizasını necə qazana bilərik? Onun məhəbbətinə necə nail ola bilərik?” suallarına cavab tapma arzusunda olmalı və bu həyəcanı yaşamalıyıq.
Məhz belə olan təqdirdə Quran;
- Evlərimizə hüzur,
- Könüllərimizə səadət,
- Həyatımıza rəhmət,
- İşlərimizə bərəkət,
- Qəlbimizə şəfa,
- Ruhumuza qida olar.
Tarix şahiddir ki, Allahın kəlamına səmimiyyət və sədaqətlə bağlılıq fərd və cəmiyyətləri kamala çatdıracaq maddi-mənəvi zirvələrə yüksəldən mühüm amil olmuşdur. Çünki Quran əzizdir, izzət bəxş edər. Əsri-Səadətdən bəri Qurana könül verənlər abad olmuş, bunun əksinə, ona arxa çevirənlərsə bərbad olmuşlar. Qurandan uzaqlaşmaq həm dünyada, həm də axirətdə ilahi rəhmətdən məhrumiyyət səbəbidir.
Tarixdən misal vermək lazım gələrsə, Osmanlının heç bir İslam dövlətinə nəsib olmayan altı yüz illik ehtişama sahib olmasının Qurani-Kərimə göstərdikləri hörmətdən və mənəviyyata verdikləri dəyərdən qaynaqlandığını söyləyə bilərik.
Məşhur rəvayətə görə, Osman Qazinin qonaq qaldığı otaqda Qurani-Kərim olduğu üçün gecə səhərə qədər ayağını uzadaraq yatmaması, Yavuz Sultan Səlim xanın müqəddəs əmanətləri təzim və ehtiramla İstanbula gətirib, təyin etdiyi qırx hafizlə onların başında əsrlərlə davam edəcək surətdə daimi Qurani-Kərim oxutması və bunun kimi saysız hörmət və məhəbbət təzahürləri Osmanlı dövlətinin dillərə dastan olan əzəmətinin mənəvi sütunlarıdır.
Əcdadımız Osmanlı Qurani-Kərimə can-dildən ram olub onu baş tacı etdiyi müddətdə izzət və şərəflə dünyanı idarə etdi. Bunun əksinə, Lalə dövründə və Tənzimatda olduğu kimi, həmin ruhaniyyətdən uzaqlaşaraq nəfsaniyyətə üz tutduqda ilahi rəhmət və yardım da üzərlərindən qalxmağa başladı.
Allah-Təalanın bu xəbərdarlığı necə də ibrətlidir:
“Həqiqətən, sizə elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. Hələ də dərk etmirsinizmi?” (əl-Ənbiya, 10)
Allah-Təala hər birimizə uca kitabımız Qurani-Kərimi layiqincə dərk edib ona görə həyat sürməyi, qiyamət günü də onun gözəl şahidliyinə və şəfaətinə nail olmağı nəsib və müyəssər eyləsin.
Hər birimizi bu fani dünyada Quran nəslinin davamına vəsilə olacaq xeyirli xidmətdə müvəffəq etsin.
Vətənimizi, millətimizi və İslam aləmini yenidən Quran əxlaqı ilə izzətli qılsın.
Amin!..
[1] Əcəb: əcaib, heyrət ediləcək şey.
[2] Şəkavət: bədbəxtlik, axirət baxımından pis aqibət.
ŞƏRHLƏR