Getdi

21 iyun 2023 tarixində Ağdaşdan Afiqə xalanın vəfat xəbəri gəldi. İlin ən uzun günündə yaşanan bu vəfat hadisəsi onu sevənlər üçün ömrün ən ağır və uzun gecəsi oldu. Qəza, xəstəlik və ölüm xəbərlərini doğum və evlilik xəbərlərindən çox eşidirsinizsə, deməli, yaşlanırsınız.

Aparılan hesablamalara görə, bu günə qədər dünyada 112 milyard adam yaşayıb. 112 milyard ölümün insan hafizəsində qoyduğu iz budur: “Ölən öldü, onu geri gətirməyə imkan yoxdur. Geridə qalanlara təsəlli vermək lazımdır”.

Öldürməyən zərbə gücləndirir, deyiblər. Yaşadığımız hər ölüm, kədərlənsək də, bizi gücləndirir. Afiqə xala ilə ilk dəfə bir irfan məclisindən çıxarkən tanış olmuşduq. 2000-ci ilin gəlişinə bir neçə ay qalmışdı. Əynində bizim oralarda qovun içi dediyimiz turuncu rəngli uzun paltar vardı. Kitablarda “müəllim aurası” adlı bir şeydən bəhs olunurmu, bilmirəm. Amma rəhmətlik Məmməd abidə olduğu kimi, Afiqə xalada da baxışından söhbətinə, atdığı hər addımdan duruşuna qədər müəllim aurası vardı.

Müəllim aurasını oğlunda da görmüşdüm. Adını Xosrovdan alan bir kənddə paltaryuyan maşınların olmadığı və pal-paltarın əllə yuyulduğu bir dövrdə ağ köynək geyinər, hər zaman səliqəli olmağa diqqət edərdi. Aura yoluxucudur. Sadəcə oğlu Nurlan deyil, Nurlanın dostları Saleh, Osman, Elşən də təmizkar, səliqəli və nəzakətli idilər. Cazibə qanununa görə, təmiz olan təmizi, kirli də kiri özünə çəkər. Hər hansı bir küçə ilə gedərkən bir ağacın altına zibil atsanız, qayıdanda zibilin yanında başqa zibillərin də olduğunu görərsiniz. Üstündə milçəklərin uçuşduğuna şahid olarsınız. “Enerji də öz bənzərini çəkər” qanunu hər zaman keçərlidir. Eyni qanun gül, kəpənək və bülbül üçün də keçərlidir. Bu üçündən biri varsa, digər ikisi çox da uzaqda deyil.   

Vəfat xəbərini alanda yoldaşıma “Afiqə xala getdi” deyə xəbər verdim. Qurani-Kərim özünü “Kitab” olaraq tanıdır, başqa bir şey demir. Atam vəfat edəndə də xəbəri “atam getdi”, - deyərək vermişdim. “Getdi” demək “öldü” deməkdən daha mənalı gəlir. İnsan gəldiyi yerə gedər.

Afiqə xalagilin kirədə qaldıqları evində də, öz evlərində də olmuşdum. Anı yaşamaq deyə bir şey var. Bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq anı yaşamaq, hala şükür etmək, çox da gələcək planları qurmamaq lazımdır. Bu məsələdə hamımız yanılırıq.

Qoy kirədə qaldığımız ev ikiotaqlı olsun, evin içinə Günəş işığı düşməsin. Yoldaşımız, oğlumuz, qızımız yanımızdadır, suyumuz-çörəyimiz var. Şükür üçün bunlar yetməzmi? Sabah böyük evimiz olar, amma içi boşdursa, heç kim yoxdursa, nə qiyməti var?! Yeni alınan evin həyətindəki ağaclar hələ körpə fidandır. Ağdaşın istisində həyətdə kölgələnəcək bir ağac yoxdur. Qoy elə olsun. Bağçanın Günəş altında qovrulan halı ağaclarla dolu sərin və kölgəli, lakin sevdiklərimizin olmadığı halından daha yaxşıdır. Evə gedən yol “07”nin təkərini udacaq qədər, “görəsən palçığa batar?” qorxusu yaşadacaq qədər çuxur və gölməçələrlə dolu ola bilər. Sabah yolumuz asfalt olar, amma evin içində heç kim qalmamışdır, artıq. Ya da bir gələni yoxdur…

Qonağa ikram etdiyimiz stəkan-nəlbəkilər, boşqablar fərqli rəng və formalardadır. Çayniksə SSRİ dövründən qalmadır. İndi hər evdə bir-birindən gözəl boşqablar, nəlbəkilər və çayniklər var. Hüzur və təbəssüm hanı? Sevilənlər hardadır? Yerdən yüksəldikcə piramidaların bir-bir kiçilməsi kimi biz də yavaş-yavaş azalırıq. Daha az dost, daha az qohum, daha az məhəbbət, daha az sağlıq, daha az enerji… Daha çox Allah və Rəsulu olmazsa, o zaman bitdik.

Afiqə xala ilə Bakıdan Ağdaşa yolçuluq etmişdik. “07” ilə Xəzərin sahilinə gedib əl-üzümüzü yumuşduq. Yuxu kimi gəlir adama. “İnsanlar yuxudadır, öldükləri zaman oyanarlar” deyiblər. Allahım, bizi gözəl yatdır, rahat və hüzurla oyat.

Əvvəlkinə nisbətən indiki maşınlarımız daha yaxşıdır, amma o maşınlara mindirmək üçün nə ata var, nə ana. Pəncərəsini açıb sərinlədiyim “07”-də yaşadığım hüzur və rahatlığı kondisionerli maşınlarda tapa bilmirəm.

Günəş görməyən, nəmdən divarı islanan, gecələr yerdəki ilbizləri əzməmək üçün akrobatik hərəkətlər etdiyim evimə (Qaçayın evi) hüzurunda əl-pəncə duracağım, səs-küy etməmək üçün nəfəsimi tutduğum Gözəllər gəlmişdi. Evim böyüdü, əşyalarım daha gözəldir, amma yoluna güllər düzəcəyim, torpaq olacağım gözəllər hanı?

“Xoş gəldin”, “xoş gördük”, “necəsən”, “yaxşıyam” sözünü həqiqi mənasında yalan söyləmədən həyatımızda neçə dəfə söylədik? Bir əlin barmaqlarını keçər, ya yox? Səmimiyyətlə “xoş gəldin” deyilən və sizin də ürəkdən “xoş gördük” dediyiniz insanlara sahib çıxın, onlara daha möhkəm sarılın.

Sən getdin, Afiqə xala! Geridə qalanlar kədərə qərq oldu, amma Məmməd abi, inşallah, sevinmişdir. Günəşi necə tərif edərik? Qızmar, işıq saçan, istilik verən varlıq kimi ifadə edərik, başqa söz tapmarıq. Bəzi insanlar da eynilə Günəş kimidir. Onları çox da tərif edə bilmərik. Dünyadan köçən bütün yaxınlarımız üçün, xüsusilə də Afiqə xala və yoldaşı üçün əl-Fatihə!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz