AİLƏYƏ SAHİB ÇIXMAQ ZAMANI

AİLƏYƏ SAHİB ÇIXMAQ ZAMANI

Ailə fərdin doğulub boya-başa çatdığı, ətraf mühitlə ilk tanışlığını, dünyaya aid ilk təcrübələrini yaşadığı kiçik bir dünyadır. Bunu nəzərə alaraq ailənin hər birimizin dünyaya açılan pəncərəsi olduğunu deyə bilərik. Cəmiyyətin kiçik modeli adını verdiyimiz ailənin toplum üçün ən böyük töhfəsi də məhz onun cəmiyyətə sağlam xarakterli fərdlər qazandırmasıdır. Danılmaz gerçəkdir ki, cəmiyyətdə qarşılaşdığımız istənilən hadisəyə, gözümüzə sataşan hər hansı bir mənzərəyə, oxuduğumuz xəbərə, dünyada baş verən hər hansı bir prosesə qiymət verərkən ilk növbədə ailəmizin üzərimizdəki təsirləri hərəkətə keçir və bu, sövqi-təbii şəkildə, yəni bizim şüuraltımızın təlqini ilə gerçəkləşir. Qısacası, həyata baxışımızı böyük ölçüdə formalaşdıran amillərdən biri, bəlkə də, ilki ailədir. Bu gerçəyi Həzrət Peyğəmbər (s.ə.s) hədisi-şərifində belə dilə gətirir:“Dünyaya göz açan hər uşaq fitrət üzrə doğular. Sonra ata-anası onu xristian, yəhudi və ya məcusi edər”. (Buxari, Cənaiz, 92; Əbu Davud, Sünnə, 17; Tirmizi, Qədər, 5)  Bu hədis dünyaya gələn hər bir fərdin insan kimi formalaşmasında valideyn tərbiyəsinin, ailə təsirinin nə qədər mühüm olduğunu ifadə edir.

Ailə hər bir cəmiyyətin ən vazkeçilməz dayaqlarından biridir. Milli və mənəvi dəyərlər, əsrlərin sınağından çıxaraq nəsildən-nəslə ötürülən toxunulmaz normlar öz varlığını hələ də qoruyub saxlaya bilirsə, burada ailənin əvəzsiz rolunu qeyd etmək ən vacib məqamlardan biridir.  Sevgi, şəfqət, mərhəmət, qarşılıqlı ehtiram duyğusu, empatiya qurmaq kimi cəmiyyətdə bütünləşdirici xarakterə malik bir sıra amillər məhz ailə institutunun səyləri ilə vüsət taparaq inkişaf edir.

 Bu gün dünyada gedən prosesləri müşahidə etdikdə kapitalizm və qlobal gücün hədəf aldığı və pozaraq məhv etməyə çalışdığı mühüm mexanizmlərdən birinin ailə olduğunu görürük. Çünki ailədən qoparılan fərdlərin təklənərək asanlıqla təsir altına düşdüyünü yaxşı bilirlər. Beləliklə, ailədən məhrum edilənlər kapitalist sistemin istismar çarxları arasında əzilərək yenidən şəkilləndirilir. Nəticədə onu dəyərləri olmayan, nəsil qayğısından məhrum, yalnız maddi varlığını bəsləməklə ömür sürən bioloji varlığa çevirməyə çalışırlar. LGBT kimi sapıq cərəyanları dəstəkləyərək fitrəti pozmağa, insan nəslinin normal qaydada artışını əngəlləməyə çalışırlar. Daha əvvəl zina və fuhuşla ailə qalasını sarsıtmağa çalışırdılarsa, bu gün eşcinsəllik fitnəsi ilə cinslərarası balansı pozmağa, yəni ilahi nizamı sarsıtmağa çalışırlar.  “Qadın haqlarının müdafiəsi” adı ilə cəmiyyətlərə feminizm fitnəsi təlqin edilir. Allahın fərqli yaratdığı və hər birinə özünə görə üstünlüklər bəxş etdiyi qadın-kişi müxtəlifliyini aradan qaldırmağa çalışaraq bu çılğınlığı “gender bərabərliyi” şüarı ilə cazib hala gətirirlər. Ailə içərisində Allahın təyin etdiyi sərhədləri qaldıraraq ər-arvadın vəzifə və hüquqlarının yerini dəyişdikləri üçün nəticədə toplumlar dağılan ailələrin fəsadları ilə didişmək məcburiyyətində qalır. Atasız-anasız qalaraq küçələrin insafına tərk edilən azyaşlılar sabahın canisinə, insanlığın qorxunc düşməninə çevrilir. Digər tərəfdən, feminizmin gözqamaşdırıcı xülyaları ilə doldurulan qadınlar umduqlarını tapmayıb istismar və şiddətə məruz qalırlar. Bu səfər “qadına şiddət” aktyorları səhnəyə çıxaraq sözdə gender haqlarının carçılarına çevrilirlər. Əslində “qadına şiddət” şüarları ilə çıxış edənlər çox vaxt onu şiddətə məruz hala gətirənlərdir. Beləliklə, səbəb olduqları şiddətə başqa baislər axtarırlar. Əslində onlar heç bir zaman qadının yanında olmadılar. Onu təkliyə, vəhşi kapitalizmin çarxları arasında əzilməyə tərk etdilər.

Bir daha yəqinliklə dərk etməliyik ki, insanı xoşbəxtliyə aparan ən gözəl yol Allahın ona göstərdiyi həyat tərzini mənimsəməkdən keçir. İslam ailənin toxunulmaz olduğunu və onu qorumağın vacibliyini təlqin edir. Allahın yaratdığı sistemdə kişi də dəyərlidir, qadın da. Hüquqi məsələlərdə bərabərlik danılmaz olduğu kimi, təbiətlərindəki fərqliliyə görə məişətdə müəyyən fərqliliklərinin olması da ilahi bir nizamın tələbidir. Məhz bu nöqteyi-nəzərdən qadını kişi ilə bərabərləşdirməyə çalışmaq ona edilən ən böyük zülmdür. Bir yerdə şiddət varsa, qarşısı alınmalı, şiddətə səbəbiyyət verən hallar aradan qaldırılmalıdır. Şiddətin qadını-kişisi olmaz. İslam qadına şiddətə qarşı olduğu kimi, kişiyə də şiddətə, onun feministcəsinə tənhalaşdırılmasına da qarşıdır. Heyvanların belə haqqına riayəti əmr edən bir dinin insana şiddətə qarşı mücadiləsini görməzdən gələnlərə, yeni adlarla ortaya atılaraq özlərini gündəmdə tutmağa çalışanlara “fəlakət dəllalı”ndan başqa nə ad vermək olar?!

Müəyyən güclərin ailəni hədəfə aldığı bu gün bir müsəlman kimi görməli olduğumuz çox iş var. Ailəni qorumaq adına əvvəlcə öz yuvamızdan başlayaraq ailədaxili münasibətləri düzgün formalaşdırmalı, yetişməkdə olan nəsilləri bu kimi məsələlərdə maarifləndirməyə çalışmalıyıq. Unutmayaq ki, cəmiyyətin səadəti ailədən keçir. Bu gün ailəyə sahib çıxmaq zamanıdır. 

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz