İslam qadına nə verdi?!
Qurani-Kərim məsuliyyət baxımından kişi və qadın arasında heç bir fərq qoymur. Qadınların da, kişilərin də inandıqları əqidə əsasları, məsul olduqları ibadətlər eynidir. Bu baxımdan Qurani-Kərimdə kişilərə edilən xitablar qadınları da əhatə edir.
İslam insan olmaları baxımından kişi və qadın arasında fərq qoymur. Xilqət baxımından kişi və qadın eyni mənbədən yaradılmışdır. (ən-Nisa, 1; əl-Ənam, 2) Allah dərgahında qadın, qadın olduğuna görə əsla nöqsan və ya qüsurlu sayılmamışdır. Rəbbimiz insanlar arasındakı üstünlük və fərqliliyi təqva dərəcəsinə bağlamışdır. Əsas məsələ hər iki cinsin insan olmasıdır. Bununla yanaşı, “hər haqq sahibinə haqqını ver” şüarı gərəyincə və fərqli fitrətlərinə görə kişilərə və qadınlara müxtəlif haqlar yükləmişdir.
Qadına maddi mənfəət və “üz qarası” kimi, sözün əsl mənasında əşya kimi baxılan dövrdə formalaşan İslam dini qadına və qadın haqlarına xüsusi əhəmiyyət vermiş, bataqlıqda bat(ırıl)mış qadını baş tacına çevirmişdir. Qadına analıq kimi müstəsna vəsf qazandıraraq, cənnəti onun ayaqları altına sərmişdir. Hz. Ömərin bu ifadəsi çox maraqlı və mühüm bir təsbitdir. O deyir ki: “Düzü, biz cahiliyyət dövründə qadınlara heç əhəmiyyət vermirdik. Nəhayət, Allah İslamın gəlişi ilə qadınlar haqqında ayələr nazil etdi və onlara məxsusi haqlar tanıdı”.
Ümumi olaraq qadına verilən haqlara nəzər yetirdikdə bunlar diqqət çəkir:
- İslamdan öncəki dövrdə qadına qarşı işlənən cinayətdə misilləmə (qisas) tətbiq edilməzdi. Ancaq İslam hüququnun bərqərar edilməsi ilə qadınların maddi və mənəvi şəxsiyyətləri, mal, can və namusları kişilərinki qədər dəyər qazandı. Hər cür təhqir, iftira və təzyiqlərdən mühafizə edildi. Əksinə davranış sərgiləyənlərə İslam hüququnda ağır cəzalar tətbiq edilir. Hətta bu məsələlərdə qadına tanınan haqların kişilərdən daha çox olduğunu deyə bilərik. (ən-Nisa, 4)
- Qadın müstəqil hüquqi şəxsiyyət kimi dəyər qazandı. Haqlarına əri və yaxud başqa biri tərəfindən təcavüz edilərsə, hakimə müraciət etmə səlahiyyəti verildi. Bu məsələdə kişidən heç bir şəkildə fərqlənmir.
- Hz. Peyğəmbər (s.ə.s) aldığı bəzi beyətlərdə xanımlardan da xüsusi beyət almışdır. Bu, onların fikirlərinə və şəxsiyyətlərinə verilən dəyərin bir göstəricisidir. Həmçinin bununla bir növ seçmə hüququnun hələ o dövrdə verildiyi və bu məsələdə kişilərlə eyni hüquqa malik olduğu görülür.
- Mal varlığı nöqteyi-nəzərindən qadınlar da kişilər kimi qəbul edildi. Yəni qazandığı pul özünə aiddir. Malı barəsində bütün səlahiyyət qadının özünə məxsusdur. Bu baxımdan kişilərin məsul olduğu zəkat kimi maliyyə məsuliyyətləri qadını da əhatə edir və öz malından zəkatını verməlidir. Qadının özünə məxsus ticarət qurma səlahiyyəti vardır. Hz. Xədicənin öz şəxsi ticarəti ilə əldə etdiyi var-dövləti tarix səhifələrini vərəqləyən hər kəsə məlumdur. Hətta mənbələrdə Sevda və Zeynəb analarımızın da bəzi idari işləri görərək qazanc əldə etdikləri və Allah yolunda xərclədikləri qeyd olunur. Fəqət bu məsələdə İslamın əsas meyarlarından biri olan halal-haram tarazlığına diqqət yetirmək vacibdir. Evlilik əqdi əsnasında qadına verilən mehir məsələsini də İslam dini tərəfindən qadınlara tanınan iqtisadi müstəqillik çərçivəsində dəyərləndirə bilərik. Bununla yanaşı, onu da ifadə etmək lazımdır ki, qadına verilən iqtisadi haqlar ərinin ona qarşı olan iqtisadi məsuliyyətini aradan qaldırmır. Hər kişi xanımının nəfəqəsini təmin etmək məcburiyyətindədir.
- Elm öyrənmək məsələsində qadınların təhsilinə xüsusi əhəmiyyət verildi. Hz. Peyğəmbər xanımların xüsusi tələbi üzərinə onlara müəyyən vaxtlar təyin etmiş və təhsil-tədris işləri ilə şəxsən özü maraqlanmışdır. Xanımı Aişənin tədris etdiyi xüsusi təhsil sayəsində həm hədis elmində, həm də fiqh sahəsində seçkin yeddi alimdən biri sayılması qadınların elmdən məhrum buraxılmadığının isbatıdır.
- İslam mədəniyyət tarixində qadınlar hərbi səfərlərdə iştirak etməklə yanaşı, cümə və bayram namazları kimi toplu şəkildə icra edilən ibadətlərdə də iştirak etmiş və Hz. Peyğəmbər (s.ə.s) tərəfindən buna təşviq edilmişdir. Bu da qadınların ictimai həyatdan təcrid olunmadığını, əksinə, fitrətinə müvafiq şəkildə sosial həyatda yerini aldığını göstərir.
İslamın qadınları evə həbs etdiyini düşünənlər Osmanlı dövründə qadınlar tərəfindən qurulan vəqflərə və bu vəqflər vasitəsi ilə ictimaiyyətdəki fəallıqlarına nəzər yetirməlidir. Statistik məlumatlara görə, Osmanlı dövründə qadınlar tərəfindən qurulan vəqflərin sayı 1400 civarında olmuşdur.
Rəbbimiz hər sahədə qadınlara xüsusi haqlar vermiş və “Onlarla yaxşı davranın” (ən-Nisa, 19) - buyuraraq kişilərə əmanət etmişdir. Bu baxımdan, evlənmədən əvvəl atasına, atası yoxdursa baba, əmi və qardaşına, evləndikdən sonra da ərinə, oğul və nəvələrinə əmanət edilmişdir.
Xülasə, İslam dini xanımlara doğulduğu gündən vəfat edəcəyi günə qədər xüsusi qayğı göstərmiş, onu ucaltmış, heç bir idari-siyasi sistemin vermədiyi haqq-hüquq və dəyəri vermişdir.
ŞƏRHLƏR