Rəsulullaha hicrət

Rəsulullaha hicrət

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) hicrət edənlər və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir”. (əl-Bəqərə, 218)

 Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

“Kişi sevdiyi ilə bərabərdir!” (Buxari, Ədəb, 96) – hədisi-şərifi Rəbbimizin sevgili qulu və Rəsulu olan Hz. Muhamməd əleyhissalamın həm heyrətamiz qulluq həyəcanına, həm də Onun (s.ə.s)  mübarək bir mərifət və həya ümmanı olan könül aləminə qəlblərimizin münasibəti baxımından qulluğumuzu, Rəsulullaha (s.ə.s) olan yaxınlığımızı dəyərləndirməyə imkan verən bir hesabat aynasıdır. Rəsulullahın (s.ə.s) qulluq əxlaqına hicrət edərək ona yaxınlaşma sevdası Onu (s.ə.s) canından artıq sevməklə və bu yolun əziyyətlərinə qatlanaraq gerçəkləşə bilər. Məhz Rəsulullaha (s.ə.s) olan hicrətin, sevginin və onun mirasına varis olmanın inanılmaz bir mənəvi təsir qüvvəsi əhli-beyti, səhabə toplumunu və onlardan sonrakı zaman kəsimlərində Allah dostlarını yetişdirərək ümmətin var olmasına xidmət edən bir bərəkət olmuşdur. Bununla bərabər, dünyəvi imtahan amillərinin güclü təsiri altında Rəsulullaha (s.ə.s) duyulacaq hicrət eşqinin, sevginin parçalanaraq yalnız adı qalan, dadı və bərəkəti isə könüllərdə yaşanmayan faydasız bir məşğuliyyətə çevrilməsi bizi Nəbəvi qulluq əxlaqına olacaq həqiqi hicrət eşqinə könül verməyə dəvət etməkdədir. Burada Rəsulullaha (s.ə.s) bağlılıq sevdası xariqələr yaradan Cüneyd Bağdadi həzrətlərinin könül yoldaşlarının hicrət vərəqələrinə yaddaşlardan silinməyən bir izlə vurduğu istiqamət möhrünü  daima rəhbər tutmağımız çox önəmlidir.  Bağdadi həzrətləri belə buyurur:

“Rəsulullahın (s.ə.s) izini təqib edənlərdən başqa, Allaha (c.c) gedən digər yollar insanların üzünə bağlanmışdır”.

Bizi bu böyük hicrət yolçuluğunda Allahın Həbibini yaxından tanıma mədəniyyətinə dəvət edən Mövlana həzrətlərinin könül sədasını can qulağımızla dinləməmiz necə də yerində olardı:

 “Rəsulullahın (s.ə.s) mübarək nəfəsi ilə iki cahanın da (dünya və axirətin) qapısı açılmışdır. Hər iki cahanda duası qəbul edilmişdir. Ona bənzər birisi həm gəlməmiş, həm də gəlməyəcəkdir. Onun o mübarək ruhuna, mübarək və müqəddəs gəlişinə yüz minlərlə salətu-salam olsun!”

Qeyd edək ki, nəhayəti Allaha (c.c) böyük bir könül hüzuru ilə hicrət olan bu mübarək yolçuluqda Rəsulullaha (s.ə.s),  o əvəzsiz yol göstəriciyə olan sevgi bağlarının olduqca möhkəm olmasına dəvət edən Mövlana həzrətlərinin Rəsulullahı (s.ə.s) tanıtma məharəti qibtə ediləcək səviyyədədir:

“Peyğəmbərlərin varlığı bir qiyamətdir. Çünki sabah qiyamətdə nə olacaqsa, onlar bu gündən hamısını olduğu kimi görürlər. Onlar qəflət pərdəsini yırtmış olduqlarından fərasətli baxışlarından bir şey örtülü deyildir”.

 “Kişi sevdiyi ilə bərabərdir” həqiqətinə könül verərək onu yaşayan və eşqi ilə yanaraq varlığı üstün bir mənəviyyat təməlləri üzərində yenidən inşa edilən möminin Allah (c.c) qatındakı dəyəri olduqca qiymətlidir. Abdulqadir Gilani həzrətləri bu həqiqəti elə bir zərafət və lətafətlə işıqlandırır ki, eşidənlərin  Allah (c.c) və Rəsulu (s.ə.s) ilə bərabərlik mühitinə hicrət edərək o kamil nemətə yiyələnmə həsrəti ilə alışıb-yanmaması mümkün deyil. Gilani həzrətləri belə buyurur:

“Həqiqi mömin tamamilə Qadiri-Mütləq olan Allaha (c.c) aiddir. (Allah (c.c) və Rəsuluna (s.ə.s) hicrət eşqi ilə yanmış və yenidən inşa edilmiş) varlığının tək zərrəsi belə mövcudata aid deyildir. Allah (c.c) onun həm zahirinə, həm də batininə nəzarət edər. Qul Onun rizası olmadan heç bir əməli işləməz. Onun varlığı tamamilə Uca Haqqa aiddir. Ondan gəlmişdir və Ona dönəcəkdir!”.

 Həyatda ikən (hətta fiziki ölümlərindən sonra belə ruhən) bütün varlığı Allaha (c.c) və Rəsuluna (s.ə.s) hicrət halında olan Abdulqadir Gilani həzrətlərinin Rəsulullahın (s.ə.s) Allah (c.c) sevgisini açıqlayan o müdhiş ifadələri “Kişi sevdiyi ilə bərabərdir” hədisinin  məna iqliminə ümməti inanılmaz bir rəğbət hissi ilə könül hicrətinə dəvət edən bir kəlam möcüzəsidir:

 “Peyğəmbərimizə yer üzünün bütün xəzinələri açarları ilə birgə ərz edildikdə o bunlardan üz çevirmiş və belə söyləmişdi: Ya Rəbbi! Məni Səndən başqa heç bir şeyə könül verməyən birisi olaraq yaşat! Səndən başqa heç bir şeyə könül verməyən birisi olaraq öldür! Səndən başqa heç bir kimsəyə könül verməyənlərlə birlikdə həşr edərək dirilt, Ya Rəbb!” (Fəthür-Rəbbani, 28-ci söhbət)

 Bu şəkildə mötəbər bir əxlaqla Haqqın hüzurunda sağlığında ayaqları şişincəyə qədər namaza duran, vəfatından sonra da mübarək ruhani varlığı ümmətinin qurtuluşu naminə mərhəmət eşqi ilə yanan o əbədi rəhbərimiz Hz. Muhamməd əleyhissalam buyurur:

 “Mənim məhəbbətim bir qulun qəlbinə (kamil mənada) girərsə, Allah-Təala onun cəsədini atəşə haram edər”. (Rəmzül-əhadis)          

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz