Bir Hədis
عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِذَا عَادَ الرَّجُلُ الْمَرِيضَ، خَاضَ الرَّحْمَةَ حَتَّى إِذَا قَعَدَ عِنْدَهُ قَرَّتْ فِيهِ
Cabir ibn Abdullahdan (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Bir kimsə xəstəni ziyarət etdiyi zaman rəhmətin içinə qərq olar. Onun yanında oturduqda rəhmət onun könlünə girər". (İmam Malik, "Müvəttə", Əyn, 7)
Xəstə ziyarətinin İslam dinində xüsusi bir yeri vardır. Xəstələndiyi zaman ziyarət edilmənin möminin mömin üzərindəki haqlarından biri olduğunu deyən Həzrət Peyğəmbər (s.ə.s) ağır və ya yüngül olmasından asılı olmayaraq xəstə olan səhabələrini hər zaman ziyarət etmişdir. Ətrafındakı xəstələrlə yaxından maraqlanaraq ümmətinə nümunə olan Peyğəmbərimiz (s.ə.s) əshabından da xəstələri ziyarət etmələrini istəmişdir. Onun: "Ac olanı doyurun, xəstəni ziyarət edin, əsiri hürriyyətinə qovuşdurun!" (Buxari, Mərda, 4) - şəklindəki istəyi fərdi əmin-amanlığı, ictimai həmrəyliyi, daha da əhəmiyyətlisi, insan şərəfini qorumağa yönəlmiş bir düstur olaraq qəbul edilməlidir. Həzrət Peyğəmbər (s.ə.s) kişilərlə yanaşı, qadınların da iştirak etdiyi bu ziyarətlər haqqında: "Kim gözəl bir şəkildə dəstəmaz alar və savabını Allahdan umaraq (xəstə olan) müsəlman qardaşını ziyarət edərsə, yeriyərək yetmiş ildə qət olunacaq bir məsafə qədər cəhənnəmdən uzaqlaşdırılar", - buyurmuşdur. (Əbu Davud, Cənaiz, 3). Hətta xəstəni ziyarət edən adama bir mələyin: "Gözəl bir ömür yaşa! Atdığın addımlar xeyirli olsun! Cənnətdəki yerinə hazırlaş!" - deyə dua etdiyini bəyan etmişdir. (Tirmizi, Birr, 64)
Həzrət Peyğəmbər (s.ə.s) xəstəyə baş çəkib halını xəbər almağın nə qədər önəmli olduğu haqqında danışarkən bu davranışın Allahın özünü ziyarətə bərabər olduğunu bildirir. (Müslim, Birr, 43) Xəstə ziyarətinin Allahı ziyarət etməyə bərabər olaraq tərif edilməsi mövzuya fərqli bir məna yükləyir. Bununla birlikdə, xəstənin və xəstəliyin xüsusi vəziyyətini nəzərə alaraq ziyarəti narahat edəcək qədər uzatmamaq, ya da onun kədərini artıracaq bəzi suallarla xəstəni narahat etməmək lazımdır. Ayrıca, ziyarət əsnasında ətrafa baxınmaq, xəstənin və ailəsinin şəxsi hallarını araşdırmaq isə çox çirkin bir davranışdır. Belə ki, bir nəfərlə xəstə ziyarətinə gedən Abdullah ibn Məsud evə girdiklərində yanındakı adamın sağa-sola baxmağa başladığını görüncə: "İki gözün çıxsaydı, sənin üçün (bu etdiyindən) daha xeyirli olardı", - deyərək narazılığını bildirmişdir. (Buxari, "əl-Ədəbül-müfrəd", s.442)
Nəticə olaraq, möminlərin bir-biriləri üzərindəki ən əsas haqlardan biri kimi bilinən ziyarətləşmə xəstəlik halında daha xüsusi bir məna ifadə edir. Bu hal islami baxımdan yaxşı insan olmanın da bir əlaməti olaraq qəbul edilir.
ŞƏRHLƏR