Stokholm Sindromu

Stokholm Sindromu

Düşməninə aşiq olmaq

Həzrət Mövlana insanın vəziyyətini gözəl bir misalla belə ifadə edir: “Quzunun canavardan qaçması təəccüblü deyil. Çünki qurd quzunun düşməni və ovçusudur. Ancaq təəccüblü hal odur ki,  quzu qurda könül verir və ona aşiq olur!..” Vəziyyətin çıxılmaz tərəfi də elə burada gizlidir. Düşmənini bilə-bilə ona aşiq olmaq və ondan gələcək təhlükələrdən xəbərdar olduğun halda onun əlindən tutub onunla yan-yana yürümək.

Buna modern psixologiyada Stokholm sindromu da deyilir. Stokholm sindromunun ortaya çıxış hekayəsi 1973-cü ildə baş vermiş bank soyğununa əsaslanır. Bank soyğunu hadisəsində Klark Olofsson və onunla əlbir olan dostları Kredit bankındakı 4 bank məmurunu 6 gün müddətinə girov götürür. Hadisə zamanı soyğunçular tərəfindən girov saxlanılan 4 qadın məmurun soyğunçulara qarşı empatiya və şəfqət dolu davranışlar sərgilədiyi müşahidə olunur. Hətta polisin soyğunçulara qarşı əməliyyat keçirəcəyini anlayan girovlar bu əməliyyatla bağlı soyğunçulara xəbər verir və onları məlumatlandırırlar. Altı gündən sonra gözyaşardıcı qaz bombası ilə xilas edilən girovların xilas edildikdən sonrakı günlərdə də soyğunçularla yaxşı münasibətləri davam edir. Bəzi girovların soyğunçuların vəkillərinə onların haqlarını yaxşı müdafiə etmələri üçün pul ödədiyi görünür. Sindromu ən yaxşı izah edən hadisə isə soyğunçulardan biri ilə evlənmək üçün nişanlısını tərk edən girov qadın olur. Sindromun tərifini bu hadisədən sonra ilk dəfə psixiatr Nils Bejerot verir. Tam diaqnoz qoya biləcək ölçü vasitələri olmasa da, bu, psixologiya dünyasında qəbul edilmiş bir anlayışdır.

Stokholm sindromu - girov götürülmə, cinsi təcavüz və zorakılıq kimi psixoloji və emosional təzyiqə məruz qalındığı zamanlarda ortaya çıxan və zülm edənə qarşı empatiya və emosional əlaqə ilə nəticələnən psixoloji əsarət olaraq müəyyən edilə bilər.

Ümumiyyətlə, qurbanların soyğunçulara qarşı duyduqları sədaqət, empatiya və emosional bağ psixologiyada narahatlıq və sağ qalmaq ehtiyacının yaratdığı bir növ müdafiə mexanizmidir. Xilas olunmaq ümidini itirmiş şəxslər onlara qarşı psixoloji və emosional zorakılıq tətbiq edənlərə möhtac olduqlarını düşünürlər. Bu yanaşmaya əsaslanaraq bu sindroma “cəllada aşiq olmaq” da deyilir. Zalımdan görünən zərrə qədər yaxşı davranış qurbanda şükür və sədaqətə çevrilir və real təhlükəli vəziyyəti ört-basdır edir. Hətta vəziyyət o həddə çatır ki, qurban soyğunçuların əlindən qurtarılmağa çalışıldığı zaman o da soyğunçular tərəfdən mübarizə aparmağa başlayaraq öz həyatını bir az da təhlükəyə atır.

Stokholm sindromu girov və girov götürən münasibətinə əsaslanan bir hadisəyə görə təyin olunsa da, sosial münasibətlərdə də rast gəlinə bilən bir vəziyyətdir. İkitərəfli münasibətlərdə işgəncəyə məruz qalan qurban işgəncə verənə bağlanır. Bu bağlanma zamanı aşağıdakı davranış nümunələri ortaya çıxır: davamlı təşəkkür etmə ehtiyacı, zorakılıq və pis rəftara əhəmiyyət verməmək, təcavüzkarla empatiya qurmağa çalışmaq, reallıqdan qoparaq öz nəzər nöqtəmizi itirmək, zorakılıqdan qorunmaq üçün qarşı tərəfə köməklik göstərməyə çalışmaq, yaşadığı vəziyyətə görə özümüzü günahkar hesab etmək və zorakı insana kömək etməyə səbəb olan emosional əlaqəni formalaşdırmaq.

Stokholm sindromunun əlamətlərini yaşayan və psixoloji məhbus kimi qəbul edilən insanlarda travma sonrası stres pozuqluğu müşahidə edilir və həmin insanlar gündəlik həyata uyğunlaşmaqda çətinlik çəkirlər. Stokholm sindromlu insanlarda fiziki və zehni dəyişikliklər aşağıdakı şəkildə müşahidə edilir: Yuxusuzluq,  güvənsizlik hissi, heç bir səbəb olmadan əsəbilik, konsentrasiya pozğunluğu, qeyri-real emosiyaların səbəb olduğu əhval dəyişikliyi, travmatik hadisəni təkrar-təkrar xatırlamaq, hər şeyə təəccüblənmək və həyatdan zövq almamaq vəziyyəti.

Nəticə etibarı ilə Stokholm sindromunun əlamətlərinə və sindromu yaşayan insanın psixoloji vəziyyətinə nəzər saldıqda bunun bir xəstəlik olduğunu söyləmək yerinə düşər. Təcavüzkarla qurban arasında yaranan bu bağı normal adlandırmaq olmaz. Psixiatriya sahəsində aparılan araşdırmalar göstərir ki, insani davranış olmayan zorakılığı normallaşdırmaq, onu törədənə rəğbət bəsləmək, hətta onunla empatiya qurmaq sağlam insan davranışı deyil. Buna görə də Nils Bejerotun təyin etdiyi Stokholm sindromu müalicə edilməli olan və müalicə edilmədikdə ciddi nəticələrə səbəb ola biləcək bir xəstəlikdir.

Son olaraq, unutmayaq ki, bizim dünya ilə olan münasibətimizdə də Stokholm sindromunun simptomlarını müşahidə etmək mümkündür. Belə ki, dünyanın nə qədər fani olduğunu və hər kəsi öz dəyirmanında üyüdüb yox etdiyini bilə-bilə quzunun qurda aşiq olduğu kimi biz də ona aşiq oluruq.  Sadəcə bir imtahan vəsiləsi olan nemətlərinə ikiəlli yapışıb ayrılmaq istəmirik. Həqiqəti anladığımız zaman isə çox gec olur. Gec olmadan həqiqəti anlamaq ümidi ilə...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz