Lut Qövmü

Lut Qövmü

Allah-Təala insan oğluna elə bir qabiliyyət vermişdir ki, o öz yaxşı işləri ilə Allaha yaxın qullarından ola bilər. Hətta belə insanı Allah-Təala mələklərdən üstün tutar. Yenə insan oğlu elə bir varlıqdır ki, gördüyü pis işlərlə “bəl hum ədall”, yəni heyvanlardan da aşağı səviyyəyə düşə bilər.  Keçmişdən bu yana hər iki firqəni təmsil edən insanlar var olmuşdur.

Allah insanlara onların qidalanacağı halal məhsulları, həmçinin onlar üçün haram olanları bildirmək üçün tarixin hər dövründə peyğəmbərlər göndərmişdir. Göndərilən peyğəmbərlər eyni zamanda cəmiyyəti ifsad edən zina, qumar, oğurluq kimi davranışların haram olduğunu, bu növ günahları işləyənlərin Allah-Təala tərəfindən cəzalandırılacağını bildirmiş, həmçinin cəmiyyət üçün faydalı olan zəkat, infaq, isar kimi gözəl davranışları əmr etmiş, bunları edənləri də Allah-Təalanın mükafatlandıracağını bildirmişdir.    

Lut peyğəmbər də qövmünə göndərilən peyğəmbərlərdən idi. Onun qövmünün işlədiyi günah o qədər çirkin idi ki, onlardan öncə heç kim o günahı işləməmişdi. Onların etdiyi əməlləri heyvanlar belə etməz. Lut peyğəmbər qövmünə: “Siz özünüzdən əvvəl heç bir insanın etmədiyi əxlaqsızlığımı edirsiniz? Çünki siz qadınları qoyub kişilərə şəhvətlə yaxınlaşırsınız. Siz, həqiqətən, həddi aşmış bir qövmsünüz!” - deyərək onların bu davranışlarının çox çirkin olduğunu, insan təbiətinə zidd olduğunu, doğru olanın kişilərin qadınlarla evlənməsi olduğunu bildirdiyi zaman onlar Lutu məsxərəyə qoyaraq belə demişdi: “Onları (Lutu və ona inananları) məmləkətinizdən çıxardın! Çünki onlar çox-çox təmiz adamlar imiş!” (əl-Əraf 82)

Lut peyğəmbər qövmünə Allaha üsyan etməkdən çəkinmələrini, ona itaət etmələrini, qadınlar əvəzinə kişilərlə evlənmələrinin böyük əxlaqsızlıq və günah olduğunu bildirmiş, onları bu çirkin əməldən uzaqlaşdırmaq istəmişdir. Qövmü isə onların işinə qarışmamağı, əks təqdirdə onu sürgün edəcəklərini demiş, hətta, “əgər doğru danışırsansa, bizi qorxutduğun əzabı gətir”, - deyə meydan oxumuşdu.

Bundan sonra Lut peyğəmbər onların işlədikləri bu günahın vəbalından qurtarması üçün Allaha yalvarır. Allah da mələklərini insan şəklində Luta göndərir. Mələklər ora gələndə Lut peyğəmbər onları evində qonaq edir. Bir yandan da qövmünün onlara zərər verəcəyindən qorxaraq çox narahatçılıq keçirir. Qorxmağında da haqsız deyildi. Çünki qövmünün kişiləri onların yaşadığı yerə cavan oğlanların gəldiyini eşidən kimi qaçaraq Lutun qapısına gəlmişdilər. Lut (ə.s) çarəsiz şəkildə: “Allahdan qorxun və qonaqlarımın yanında məni biabır etməyin! İçinizdə ağlı başında bir adam yoxdurmu?!” - deyir. Hətta həmin vaxt onları pis niyyətlərindən daşındırmaq üçün öz qızlarını onlarla evləndirməyi təklif etmiş, ancaq onlar buna məhəl qoymayıb: “Sənin qızlarına ehtiyacımızın olmadığını bilirsən. Bizim nə istədiyimizi yaxşı bilirsən”, - deyərək təklifi rədd etmişdilər. Bundan sonra Lut (ə.s) əlacsız bir halda: “Kaş sizə gücüm çataydı və ya güclü bir qalaya sığına biləydim!” - deyir. Lut peyğəmbərin bu çarəsiz çırpınışını görən insan surətindəki mələklər: “Ey Lut! Biz Rəbbinin elçiləriyik. Onlar əsla sənə dəyə bilməzlər. Arvadın istisna olmaqla, ailənlə birlikdə gecənin bir vaxtı yola çıx və sizdən heç kim arxaya baxmasın! Onların düçar olacağı əzaba o (arvadın) da düçar olacaqdır”, - dedikdən sonra evi mühasirəyə alıb içəri girməyə çalışan azğın insanların gözlərini kor edərək onları evin ətrafından uzaqlaşdırır.  Arxasınca onların nə vaxt və necə həlak olduqlarını Allah-Təala Hicr surəsində bütün insanlıq üçün bir ibrət sərlövhəsi olsun deyə belə xəbər verir: “Beləcə, Günəş doğarkən o qorxunc səs onları yaxaladı. Oranın altını üstünə çevirdik və onların üstünə odda bişmiş palçıqdan daşlar yağdırdıq!”

            Bu gün də, təəssüflər olsun ki, Lut qövmünün həlakına səbəb olan eyni və bənzər yöndə günahlar yayılmaqda, hətta bu çirkin davranışların sahibləri azadlıq, demokratiya, insan haqları pərdəsi altında bəzi Qərb dövlətləri tərəfindən qoruma altına alınmaqdadır. Dinimizcə günah sayılan, milli mentalitetimizə yad olan belə davranışlar  internet, televizor, sosial şəbəkələr kimi müxtəlif vasitələrlə sıx-sıx nümayiş etdirilərək normal hala gətirilməkdədir. Bu gün Lut qövmünün işləmiş olduğu günahların məcmusu kimi LGBTİ-nin normal göstərilməsi, qanuniləşdirilməsi, bir çox böyük şirkətlər tərəfindən dəstəklənməsi işin gəldiyi dəhşətli dərəcəni göstərir.

Unutmamaq lazımdır ki, bu əxlaqsız axımlara qarşı səssiz qalmaq, qınamamaq, əks təbliğat aparmamaq, hətta əyləncə obyektinə çevirməklə onların bu hərəkətlərinin normallaşması istiqamətində şərait yaratmaq bu şər qüvvələrə xidmət etməkdir. Odur ki, onlarla mübarizə aparmaq din, millət, cəmiyyət qarşısında hər bir müsəlmanın vəzifə borcu olmalıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz