İnsanı ailə köklərindən qopararaq məhv edirlər!
Serdar Yıldırım:
Türkiyə Kosmos Agentliyinin qurucusu və hazırkı sədri
“İnsanı ailə köklərindən qopararaq məhv edirlər!”
İrfan: Serdar bəy, xoş gördük sizi. Bu gün dünyada ailə qalasını dağıtmağa istiqamətlənmiş bir çox fəaliyyətlər müşahidə olunur. Sizin də, bir neçə ildir tez-tez dilə gətirdiyiniz bir mövzu var – cinsiyyətsiz toplum olmaz, deyə. “Cinsiyyətsiz toplum” fikri necə olub ortaya çıxdı, hansı məqsədləri güdür?
S.Yıldırım: Xoş gördük. Əslində, bu çox geniş bir mövzudur. Buna görə də əvvəla dünyadakı sistemi düzgün anlamaq lazımdır. Biz dünyanı hər zaman siyasi xəritədə gördüyümüz rənglərlə bölünən dövlətlərdən ibarət təsəvvür edirik. Bizə göstərilən, öyrədilən budur. İnsan olaraq, həm də müsəlman olaraq bizi narahat edən bir vəziyyətlə qarşılaşdığımız zaman bunun səbəbkarını axtarırıq. Təbii ki, belə hallarda da siyasi xəritəyə baxırıq. Kimi Amerikanı təqsirləndirir, kimi Rusiyanı, kimi Çini və s. Amma bu yanaşma nə qədər doğrudur? Mənim “qlobal oliqarxiya” adını verdiyim bir qüvvə, dünyanı idarə edənlər var. Onların gücü nəhəng dövlətlərin fövqündədir. Onların dünya ilə əlaqəli öz plan və proqramları var. Biz onları xəritədə və mediada görmədiyimiz üçün heç kəs onları təqsirləndirə bilmir. Belə olan halda bunu dilə gətirənlərin iddiaları da sadəcə konspirativ nəzəriyyə olaraq qalır. Bunu izah etmək, qəbul etdirmək çətindir. Amma hadisəyə bu baxış bucağından baxmasaq, “bunu bizə kim edir?” sualının cavabını tapa bilmərik.
İndi isə keçək suala. Bu gün dünyada bir çox problemlər var: əhali sayının artışı, başda su olmaqla resursların tükənməsi, qida çatışmazlığı, qlobal isinmə və s. Nəticədə, quraqlıq, torpaq eroziyası, meşə yanğınları, sel basqını, müharibə kimi xeyli problem dünyanı cənginə alıb. Qlobal güclərin bu kimi problemlərin qarşısını almaq üçün əl atdıqları ilk həll yolu əhalinin sayını azaltmaqdır. Ən yaxşı çıxış yolunu bunda görürlər. Yaşadığımız pandemiya dövrünü də bu prizmadan dəyərləndirənlər oldu. Çünki o virusun laboratoriya məhsulu olduğu açıq idi. İkinci əsas məqsəd isə bu izdihamlı toplumu idarə edə bilmək üçün bir növ hamını tək tip halına gətirməyə ehtiyac hissidir. Beləliklə, bütün fərdləri eyni şəkildə yaşayan, eyni şəkildə inanan, eyni şəkildə düşünən, yaşanan hadisələrə eyni şəkildə məna verən, eyni geyinən, eyni qidalanan, memarlığı, musiqisi, mədəniyyəti eyni olan, hər yönü ilə tək tip insan meydana gətirməyə çalışırlar. Buna nail olsalar, insanları idarə etmək çox rahat olacaq. Çünki görəcəyiniz hər bir işə qarşı bütün insanların eyni reaksiyanı verməsi onlara daha rahat istiqamət verməyə şərait yaradacaq. Ən azı əlli ildir ki, bu istiqamətdə məqsədyönlu fəaliyyətin aparıldığını deyə bilərik. Bu tək tipin meydana gətirilməsi üçün keçmiş mədəniyyətlərdən gələn fərqli vərdişlərin dəyişdirilməsi lazımdır. Ailə bu köklü dəyərlərin qorunduğu ən sağlam müəssisədir, bir növ cəmiyyətin qalasıdır. Cəmiyyətin müştərək dəyərləri ailə ilə qorunaraq sonrakı nəsillərə ötürülür. Beləliklə, “təktipləşdirmə” istiqamətində hədəfə çatmaq üçün ailəni zəiflətmək, dağıtmaq ən çox arzuolunan və həyata keçirilən bir strategiyadır. Bu strategiyanın get-gedə genişləndiyinə şahid oluruq. Texnologiyanın inkişafı bu iş daha da asanlaşdırdı. Əvvəllər dünyadakı bütün insanlara eyni anda xitab etmək, söz söyləmək çətin idi. İndi bir düyməyə basaraq milyonlarla insana xitab etmək mümkündür. Qloballaşma və rəqəmsal texnologiya çox mühümdür. Üstəlik buna süni intellekt də əlavə olundu.
- Elə isə deyə bilərikmi ki, bu gün davam edən cinsiyyətsizləşdirmə propaqandası da ailəni hədəf alır, uşaqsız ailələrə sövq edir.
- Bəli, əslində, bu da “təktipləşdirmə”nin bir sonrakı mərhələsidir. Bütün insanların mənəvi dəyərlərinin, adət-ənənələrinin təsirinin mümkün mərtəbə azaldılması da bu planın bir parçasıdır. Yəni əvvəlcə tək tip cəmiyyət formalaşdırmaq, dini və milli fərqləri ortadan qaldırmaq, sonra isə cinsiyyətsizləşdirmək məqsədi güdülür. Bu hədəfə doğru böyük ölçüdə irəlilədiklərini görürük. İşimlə bağlı olaraq dünyanı çox gəzən bir insanam. Hansı ölkəyə, hansı şəhərə getsəm, eyni mənzərə ilə qarşılaşıram. Şüşəbənd hündür binalar, bənzər vitrinlər, eyni məhsullar. Dinlənən musiqi belə eynidir. Mədəniyyətlər, ölkələr arasındakı fərq çox azalıb. Bu çox təhlükəli bir gedişatdır. Dünyanın əsl zənginliyi onun üstündə yaşayan insanların fərqliliyidir. Quranda da “biz sizi fərqli qövmlər şəklində yaratdıq ki, bir-birinizi tanıyasınız” - buyurulur. Allah istəsəydi, hər kəsi tək tip yarada bilməzdimi?!
Bir neçə il əvvəl Amerikada aparılmış bir tədqiqatın nəticəsini bölüşərək məsələni sadə dillə izah etmək istəyirəm. Deməli, gen texnologiyası inkişaf etdikdən sonra əvvəla qida məhsullarının genlərinə müdaxilə edildi. Hətta buna ad da verildi - Geni dəyişdirilmiş orqanizm (GDO və ya GMO). Əvvəl qarğıdalı üzərində eksperiment aparıldı. Qarğıdalının ən böyük problemi bəzi xəstəliklərə tez yaxalanmasıdır. Bunun qarşısını almaq üçün dedilər ki, elə bir gen inkişaf etdirək ki, xəstəliklərə müqaviməti olsun. Bu inkişaf etdirilmiş gen əsasında mükəmməl bir qarğıdalı toxumu əldə edilib əkildi. Qüsursuz görünüş əldə edildi, eyni boyda, eyni ölçüdə, yüksək qida dəyəri olan bir məhsul alındı. Lakin bir müddət sonra ona başqa bir xəstəlik bulaşaraq minlərlə hektarlıq məhsulun hamısını məhv etdi. Səbəbini araşdıranda bu nəticəyə gəldilər ki, bütün əkin sahələrinin eyni məhsula malik olması, əslində, çox risklidir. Qarşısı alınmayan bir xəstəlik hamısını birdən məhv edir. Çünki hamısı eyni tipdir. Sonra bundan vaz keçdilər. İnsanlar da belədir. Korona pandemiyasında gördük, bəzi insanların müqaviməti yüksəkdir, bəzilərinin isə yox. Demək istədiyim budur ki, təktipləşdirməyin belə bir təhlükəsi də var. Təktipləşən insanların müdafiə sistemi zəifləyir və yox olması asanlaşır – həm maddi, həm də mənəvi mənada. Doğru olan yol Allahın yaratdığı fərqliliklərə hörmətlə yanaşmaqdır. Əsl mədəniyyət budur.
O ki qaldı cinsiyyətsizləşdirməyə, təktipləşdirmə uğurlu olduğu nisbətdə, bunun bir sonrakı addımı olaraq qadın və kişi arasındakı fərqlərin də azaldılması və hətta aradan qaldırılması məqsədini güdürlər. Yəni “qadın” və “kişi” deyil, tək tip olsun: “insan”. Bu çox utopik bir fikir kimi görünsə də, bunun üstündə işləyən bir qrup var. Bunun nümunələrinə rast gəlirik, xüsusilə də Avropada. Məsələn, cinsiyyətsiz tualetlər, hamamlar və s. Belə bir hədəf var; qadınlar kişiləşməyə doğru dəyişilsin, kişilər də qadınlaşmağa doğru. Belə olan halda, kişi kimi düşünən qadın dünyaya uşaq gətirmək istəməyəcək. Bu gün bunun nümunələrini görürük. Bundan başqa, bəzi konspirativ teoriyalara görə, bir çox qida məhsullarına və dərman preparatlarına qatılan maddələrlə insanların qısırlaşdırılması da həyata keçirilir. Gənc ailələr arasında uşaq sahibi olmaqda çətinlik çəkənlərin sayı gündən-günə artır. Bu təsiri bütün dünya ölkələrində müşahidə edirik. Bunu da deyim ki, insan nəslinin tamamilə tükənməməsi üçün də bəzi tədbirlər düşünürlər. Laboratoriya şəraitində uşaq dünyaya gətirməyə çalışırlar. Bu zaman istədikləri saya nəzarət edəcəklərini planlayırlar. Uşaq kimin olacaq, dövlətin. Yəni dünya vətəndaşı olacaq. Başqa dəyərləri olmayacaq. Bizim kimi, köklərinə bağlı qalmaq istəyən, ailə olaraq yaşamaq istəyən, inancının tələblərini yaşayaraq davam etmək istəyən insanlar və toplumlar üçün bunlar ürküdücü şeylərdir.
- Son illərdə, xüsusilə LGBT kimi təşkilatların dünyanın bir çox nəhəng şirkətləri tərəfindən dəstəkləndiyinə şahid oluruq. Loqolarda, yaxud paketləmədə onları təmsil edən rənglərə yer verirlər. Həmçinin bəzi məşhurlar da onların propaqandasına alət olurlar. Onları necə təsir altına alırlar?
- Mən təxminən 45 ildir ki, bu sahədə aparılan tədqiqatların içindəyəm. İlk illərdə kapitalizmin nəyə görə bu qədər rəğbət gördüyü diqqətimi çəkmişdi. Axı bu, istismarçı sistemdir. Kasıbın əməyini istismar etməyə əsaslanır. Hər kəs borc içində yaşayır; kasıbı da, zəngini də. Belə bir sistemi insanlar necə qəbul edirlər? Mənim gəldiyim qənaət budur ki, onlar insan təbiətini çox yaxşı tanıyırlar. Çünki pulun gücü ilə dünyanın ən yaxşı, ən güclü beyinləri onların xidmətinə girir. Çox ciddi araşdırmalar aparırlar və buna əsasən istədiklərini həyata keçirə bilirlər. Əsas məsələ budur: insan nəfs sahibidir. Nəfs çox güclüdür, insana təsir edir. Kapitalizm də məhz nəfsə xitab edir. Buna görə də heç kəs ondan qurtula bilmir. Burada din, dil, irq fərqi yoxdur. Qadın-kişi, uşaq-böyük fərqi də yoxdur. “Sən bunu işlətsən, daha gözəl olacaqsan”, “Bundan istifadə etsən daha güclü olacaqsan” – deyir. Hər kəsin nəfsini oxşayan şüarlar tapırlar. Kapitalizm hakimiyyətini elə gücləndirib ki, onu dəyişmək çox çətindir. Belə bir halda cəmiyyətdə mənəvi məqsədləri həyata keçirmək çox çətindir, çünki insanlar buna əhəmiyyət vermir. Bu dəqiqə dünyada sözü keçən sistem pulun hakimiyyətinə əsaslanır. Mərhəmət, ədalət yoxdur. Buna görə də hər kəsə çox rahatlıqla təsir edirlər.
- Bəs yaxşı, nə etməliyik, nə edə bilərik?..
- Əvvəla, qətiyyən ümidsizliyə düşməmək, təslim olmamaq lazımdır. Biz bilirik ki, dünyada daha ədalətli bir bölgü ola bilər. Bunun üçün birlik olmaq və çox çalışmaq lazımdır. Danışmaqdan daha çox iş görmək lazımdır. Ölkələr arasında iş birliyi olmalıdır. Xırda məsələlərə görə parçalanmamalıyıq, bir-birimizə arxa çevirməməliyik. Ağıl ilə hərəkət edərək məhsuldar işlər görmək lazımdır.
- Çox təşəkkür edirik, bizə vaxt ayırıb dəyərli məlumatlar verdiniz.
- Mən də təşəkkür edirəm, bütün qardaşlarımıza salam deyirəm.
ŞƏRHLƏR