Dinimiz əmlakçılıq (maklerlik) işi ilə məşğul olmağa necə baxır? Bu işdən əldə edilən qazanc halaldırmı?
- “Vasitəçilik”, “dəllallıq”, “brokerlik” və “maklerlik” deyə də adlandırılan əmlakçılıq işi son zamanlarda ölkəmizdə geniş yayılan peşə sahələrindəndir. Satıcı ilə müştəri arasında vasitəçilik edərək satıcı adına malı satan adamlar qədim dövrlərdən etibarən var olmuşdur. Peyğəmbərimizin (s.ə.s) dövründə də bu işlə məşğul olanlar var idi və Peyğəmbərimiz (s.ə.s) onların bu işi görmələrinə səs çıxartmamış, onlara “Ey tacirlər!” deyə xitab edərək boş sözdən və and içməkdən uzaq durmalarını tənbehləmişdir. (Əbu Davud, Büyu, 1; İbn Macə, Ticarət, 3) İslam alimlərinin əksəriyyəti bu hədisə əsaslanaraq əmlakçılıq peşəsinin caiz olduğunu ifadə etmişlər. İslam hüququna görə, əmlakçı mal sahibinin vəkilidir. Mal sahibi satmaq və ya kirayə vermək istədiyi əmlakı yaxşı qiymətə və tez sata bilmək üçün əmlakçını vəkil təyin edir. Əmlakçının bu vəkillikdən əldə etdiyi qazanc halaldır. Mal sahibindən əlavə, müştəridən aldığı pul da halal sayılmışdır. Çünki əmlakçı müştəriyə axtardığı əmlakı sürətli və asan bir şəkildə tapma, onu görmə və incələmə xidməti verir. Dinimizin halal saydığı əmlakçılıq cəmiyyət üçün əslində zəruri bir ehtiyacdır. Çünki hər kəs ehtiyacı olan malı və ya daşınmaz əmlakı tapa bilməz, yenə eyni şəkildə satmağı və ya kirayə verməyi düşünən insan da hər zaman müştəri tapa bilməz.
Əsli halal olsa da, bəzi hallarda əmlakçılıqdan qazanılan pul şübhəli və haram hala gəlməkdədir. Əmlakçı mal sahibinin göstərişləri xaricinə çıxdığı zaman bu işdən qazandığı qazanc halallığını itirər. Məsələn, “malımı bu qiymətə sat və komissiyanı al” deyə mal sahibi əmlakçıya vəkalət verdiyində əmlakçı həmin malı daha yuxarı bir qiymətə satsa və bunu mal sahibindən gizlədib öz normal komissiyasını da alsa, bu qazancı halal olmaz. Yenə mal sahibi əmlakının müəyyən xüsusiyyətlərə malik kimsələrə kirayə verilməsini şərt qoşubsa, əmlakçı daha çox komissiya almaq məqsədi ilə bu şərtin xaricinə çıxaraq əmlakı ev sahibinin uyğun görmədiyi kimsələrə kirayə versə, alacağı pul halal olmaz. Əmlakçının yalanla, aldadaraq və hiylə işlədərək əldə etdiyi qazanc da halal deyildir.
Tapılan pul və əşyalarla bağlı dinimizin hökmü nədir?
- İnsanların mallarını və əşyalarını icazəsiz götürmək və istifadə etmək haram olduğu kimi, itirdikləri pul, mal və əşyaları da götürüb sahiblənmək halal deyildir. Bu, başqasının malını qəsb etməklə eyni hökmdədir. Tapılan pul və əşya yalnız sahibinə qaytarmaq məqsədi ilə götürülə bilər. Tapılan mal götürülməsə tələf olacaq bir maldırsa, onu sahibinə geri vermək məqsədi ilə götürmək vacibdir. Tələf olma qorxusu yoxdursa, onu götürmək mübahdır və məcburi deyildir. Bir kimsə tapdığı əşyanı götürərkən onu sahibinə qaytarmaq məqsədi ilə aldığına dair şahid tutmalıdır. Bu, həmin əşyanın itməsi və ya tələf olması halında tapan şəxsə hüquqi baxımdan köməklik göstərməsi üçün önəmlidir. Çünki bu halda əşya onu tapan şəxsin əlində əmanət hökmündədir. Bir qüsuru olmadan mal itsə və ya tələf olsa, sahibinə onu ödəməklə məsul olmaz. Tapan şəxs onu dəyərinə görə bir müddət elan edər və sahibinin ortaya çıxması üçün gözləyər. Sahibi tapılar və özünə aid olduğunu sübut edərsə, əşyanı ona qaytarar. Sahibi çıxmazsa, o malı yoxsul kimsələrə sahibi adından sədəqə olaraq verər. Tapan şəxs yoxsuldursa, özü də o maldan istifadə edə bilər. Ancaq daha sonra sahibi tapılarsa, malın qiymətini ona ödəyər. Sahiblərinin axtarmayacağı qədər dəyərsiz və ya çox cüzi dəyərə malik əşyalar üçün elana və gözləməyə ehtiyac yoxdur. Bu cür əşyalar ehtiyac sahiblərinə verilə bilər və ya tapan şəxs özü möhtacdırsa, istifadə edə bilər.
Ev, maşın və ya başqa ehtiyaclar üçün yığılan pulun zəkatı verilməlidirmi?
- İnsanların təməl ehtiyaclarından sayılan ev, ev əşyaları, paltar, minik və digər ehtiyac maddələri özləri zəkata tabe deyildir. Lakin İslam alimlərinin böyük əksəriyyəti əldə tutulan pulun hansı məqsədlə tutulduğuna baxmayaraq zəkata tabe olduğu fikrini qəbul ediblər. Belə olan halda hər hansı bir məqsədlə yığılan pulun da zəkatının verilməsi lazımdır. Çünki pul, qızıl və gümüş təbiətləri etibarı ilə dəyəri artıcı mahiyyətdə olduğu üçün bunlar istər yatırım üçün, istərsə də xərcləmək və ya gələcəkdə bir şey almaq üçün əldə tutulsun, zəkata tabe olar.
ŞƏRHLƏR