NATO-nun Vilnüs sammiti: nəticələr və gözləntilər
Yəqin ki, NATO-nun bu yaxınlarda Vilnüs şəhərində keçirilən sammiti ən çox gözləntilərin olduğu bir tarixi hadisə kimi ən yeni tarixə düşəcək. Səbəb, təbii ki, ilk növbədə artıq bir ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi və İsveçin alyansa üzvlüyü ilə bağlı Türkiyənin yaşıl işıq yandırması ilə bağlıdır.
Bəlli olduğu kimi, Ukrayna Gürcüstanla bir yerdə 2008-ci ildən etibarən, loru dillə desək, alyansın qapılarını davamlı olaraq döyməkdədir. Həmin il Buxarestdə alyansın iki üzvü - Qerhardt Şrederin rəhbərlik etdiyi Almaniya və Nikola Sarkozinin prezident olduğu Fransa NATO-nun qapılarını adı çəkilən post-sovet ölkəsinin üzünə açmadı.
Volodimir Zelenski Ukrayna prezidenti olandan bəri öz çıxışlarında dəfələrlə ölkəsinin NATO-ya üzvlük məsələsini Qərb liderləri ilə görüşlərində qaldırmasına baxmayaraq, hələ də müsbət cavab ala bilməyib. Vilnüs sammitindən sonra Zelenskinin ritorikasına diqqət etdikdə belə bir nəticəyə gəlmək olur: rəsmi Kiyev qismən nəticələrdən razı qalıb.
NATO-nun Vilnüs sammiti həm də ona görə maraq kəsb edir ki, Ukrayna ilə bağlı son qərar dövlət başçılarının görüşünə lap az müddət qalmış qəbul olundu. ABŞ prezidenti Cozef Bayden CNN-ə verdiyi sammitdən öncəki müsahibəsində Ukraynanın alyansa üzv olmayacağını bildirdi. Prosedura görə, bu təşkilatda qərarlar konsensus yolu ilə qəbul edilir. Alyansın yekun kommunikesində qeyd edilir ki, Ukraynanın gələcək üzvlüyü üçün lazım olan, əsasən üç illk hazırlıq prosesini nəzərdə tutan Üzvlük Əməliyyat Planı (Membership Action Plan) Ukrayna üçün tətbiq edilməyəcək, yəni bu ölkə uyğun şərtlər yetişdikdə, daha sürətli prosedura uyğun alyansa qəbul ediləcək. Zelenskidən fərqli olaraq Ukraynanın keçmiş prezidenti Petro Poroşenko bu qərarın baş aldatmadan başqa bir şey olmadığını dilə gətirdi.
Vilnüs sammiti ərəfəsində maraqlı olan bir yenilik də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Ukrayna NATO üzvü olmağa layiqdir” açıqlaması oldu. Bununla, Putin Rusiyası ilə yaxın münasibətləri olan AKP hökuməti daha cəsarətli mövqe ortaya qoymuş oldu və istər-istəməz sual meydana çıxdı: bu addımın əsasında nə durur? Böyük ehtimal ki, həm Ərdoğanın bu addımı, həm də, qeyd edildiyi kimi, Vilnüs sammitinin əsas hadisələrindən olan Türkiyənin İsveçin üzvlüyünə “hə” deməsi Türkiyənin daha çox Qərblə yaxınlaşmasından xəbər verir.
Başda baş katib Yens Stoltenberq olmaqla, NATO rəsmiləri açıq şəkildə bəyan ediblər ki, Ukrayna NATO-ya üzv olacağı halda, müttəfiqlər nizamnamənin 5-ci maddəsinə uyğun hərbi təcavüzə məruz qalmış bu ölkəyə dəstək göstərməlidir. Lakin NATO Rusiya ilə birbaşa toqquşmadan çəkinir. Onda başqa bir sual meydana çıxır: Zelenski Vilnüs sammitinin qərarlarından qismən razı qaldığını deyəndə nəyi nəzərdə tuturdu?
Məsələ burasındadır ki, alyans əsgərləri Rusiya-Ukrayna müharibəsində birbaşa iştirak etməsə də, bu ölkəyə ayrı-ayrı müttəfiqlər səviyyəsində hərbi dəstək göstərməyə davam edir. 2022-ci il fevralın 24-dən, müharibə başlayandan bəri ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Niderland və Qərbin başqa ölkələri davamlı olaraq Ukraynanı silah və sursatla təmin etməkdədir ki, biz öncəki məqalələrimizdə bu barədə ətraflı yazmışıq. Bəzi təsdiq olunmamış məlumatlara görə, NATO Ukraynaya strateji xarakter daşıyan informasiya ötürməyə davam edir. Rusiyanın sursat anbarlarının, ağır silahlarının məhv edilməsində bu tipli kəşfiyyat məlumatlarının rolu böyükdür.
NATO-nun Vilnüs sammitinin ən çox diqqət çəkən məqamı, qeyd etdiyimiz kimi, Türkiyənin İsveçin alyansa üzv olmasına razılıq bildirməsi oldu. Ərdoğanın sammit çərçivəsində bu ölkənin baş naziri və alyansın baş katibi ilə görüşündən sonra müvafiq açıqlama verməsi, ardınca bu məsələnin yaxın zamanlarda Türkiyə Böyük Millət Məclisində səsverməyə çıxarılması dünya mətbuatının əsas gündəmində yer tutdu. Düzdür, az sonra səsvermənin bu ilin oktyabrına qədər baş tutacağı xəbərinə rast gəldik. Ehtimal etmək olar ki, yaxın zamanlarda Türkiyənin bununla bağlı atdığı addımlar maneə xarakteri daşımayacaq, İsveç rəsmi Ankaranın maraqlarını nəzərə alacaq və alyansa üzvlük tezliklə baş tutacaq. Eləcə də biz bunun qarşılığında Türkiyənin qazanacağı dividendlərin nə olduğunu biləcəyik.
ŞƏRHLƏR