Ailə xoşbəxtlik yuvasıdır
İslamda ailə quruluşu müqəddəsdir və bu müqəddəsliyini də ən uca dəyər qaynağı olan Quran və səhih sünnədən alır. Nəhl surəsinin 72-ci ayəsində: “Allah sizin üçün özünüzdən (insan cinsindən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar və nəvələr yaratdı. Təmiz qidalardan sizə ruzi verdi. Belə olan halda onlar hələ də Allahın nemətini inkar edib batiləmi inanırlar?” - deyə buyuran Rəbbimiz evlilik və ailə mövzusunun əhəmiyyətinə diqqət çəkmişdir. Peyğəmbərimiz (s.ə.s) həm özü evlənmiş, həm də evliliyi bu mübarək sözləri ilə təşviq etmişdir: "Evlənməyə gücü çatdığı halda evlənməyən məndən (mənim ümmətimdən) deyildir”. (Beyhəqi, Şuabul-iman, 5067; Təbərani, Mucəmul-əvsat, 989; Əbu Davud, Mərasil-məal əsanid, 202).
Məqsədi sağlam bir cəmiyyət qurmaq olan İslam dini ailəyə çox böyük əhəmiyyət vermişdir. Çünki ailə cəmiyyətin təməl daşıdır. Cəmiyyətlər ailələrdən meydana gəlir. Ailə sağlam olarsa, cəmiyyət də sağlam olar.
Rum surəsinin 21-ci ayəsində Allah-Təala buyurur: “Ünsiyyət edəsiniz deyə sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr xəlq edib aranızda sevgi və mərhəmət yaratması da Onun (varlığının) dəlillərindəndir. Şübhəsiz ki, bunda düşünənlər üçün ibrətlər vardır”.
Ailə ancaq evlənmə yolu ilə qurular. İslamda evlilik təsadüfi və keyfi məqsədlərdən uzaq, ciddi bir addımdır. Evlilik şüurludur və məsuliyyət tələb edir. Buna görə də, özünə, Rəbbinə və ətrafına qarşı məsuliyyət şüurunda olmayan yaşdakıların evliliyə məcbur edilməsinin dini və elmi heç bir məşruluğu, heç bir əsası yoxdur.
Allah-Təala insanı kişi və qadın olaraq fərqli cinsiyyətlərdə yaratmışdır. Bir-birilərinə həyat yoldaşı olmaları, hüzurlu bir yuva/ailə qurmaları üçün aralarında qüvvətli bir sevgi, məhəbbət və mərhəmət bağı qurmuşdur. Nisa surəsinin 34-cü ayəsində Allah-Təala belə buyurur:
“Allahın insanların bir qismini digərlərinə üstün etməsinə və öz mallarından (qadınlar üçün) sərf etdiklərinə görə kişilər qadınların idarəçisi və himayədarlarıdır. Əməlisaleh qadınlar itaətkardırlar. Allah onları qoruduğu üçün onlar da gizli olanı (namuslarını) qoruyarlar..”.
Cəmiyyət ailələrdən meydana gəlir. Ailə cəmiyyətin ən kiçik ictimai qurumudur. Toplumun xoşbəxt və hüzurlu olması ailələrin xoşbəxt və hüzurlu olmasına bağlıdır. Ailə Allahın qoyduğu qaydalara görə qurularsa, cəmiyyətin sağlam və xoşbəxt bir ünsürü olar.
İslama görə ailənin təməli nikah dediyimiz müqəddəs bir bağ ilə qurulur. “Nikah əqdi” cəmiyyətin nüvəsi sayılan bu kiçik yuvanın qanuni/məşru sayılmasının ilk şərtidir. Məşru olmayan yollarla bir araya gələn insanların meydana gətirdiyi bərabərliklər ailə sayılmaz. Çünki bu bərabərliyin təməlində nikah deyil, sifah (iffətsizlik) vardır. Buna görə də İslam dini iffətsizlik sayılan zina, fahişəlik və bunlar kimi hər cür qeyri-qanuni/məşru olmayan əlaqəni, bərabərlikləri haram saymış və şiddətlə qadağan etmişdir.
Evlənərək ailə qurmaq hər şeydən əvvəl yaradılışımızın bir tələbidir. Haqq-Təala "İçinizdəki subayları evləndirin!” (ən-Nur, 32) buyruğu ilə qadın və kişi üçün nikahı təşviq edərkən, başda yaxınları olmaq üzrə bütün bir cəmiyyətə də evlənmə çağına gələnlərə dəstək olmalarını tövsiyə etmişdir.
Dinimiz sağlam evliliyə və xoşbəxt ailə yuvası qurulmasına böyük əhəmiyyət vermişdir. Mədəniyyətimizdə, adət-ənənəmizdə və inancımızda evlilik təkcə iki insanı eyni damın altında birləşdirmək deyildir. Evlilik həmçinin cəmiyyəti və nəsilləri qorumaq məqsədi ilə atılan sağlam bir təməldir.
İslamın üzərində duraraq qurmağa çalışdığı ailə sevgi və hörmətlə, şəfqət və mərhəmətlə, qayğı və həssasiyyətlə həyatı paylaşmaqdır. Çünki arzu olunan şəkildə ailə olmaq: dünyanın müxtəlif məşəqqətlərinə birlikdə sinə gərmək, sevinci və kədəri, varlığı və yoxluğu birlikdə yaşamaq və bölüşməkdir.
Və həmçinin dinimizin önəm verdiyi ailə eyni zamanda bir duyğu, ideal, ümid və fikir bərabərliyidir. Bu istiqamətdə ailə olmaq Rəbbimizin razılığına uyğun bir həyatı birlikdə yaşamaqdır. Sevinci və kədəri, varlığı və yoxluğu paylaşmaqdır. Hər cür çətinliyin öhdəsindən bərabər gəlmək, vəfalı bir həyat yoldaşı, sadiq bir yar, mərhəmətli bir valideyn, saleh bir övlad olmaqdır.
Əziz Peyğəmbərimiz (s.ə.s) ailə ilə əlaqəli buyurur ki: “Sizin ən xeyirliniz ailəsinə ən gözəl şəkildə davranandır. Aranızda ailəsinə ən gözəl davranan mənəm”. (Tirmizi, Mənaqib, 63)
Bu xeyrə nail ola bilmək üçün biz evliliyə Rəbbimizin adı ilə və ata-analarımızın, sevdiklərimizin hüzurunda addım atırıq. Ailələrimizin dünyadakı cənnətimiz olması arzusu ilə Rəbbimizdən belə niyaz edirik: “Allahım! Bu əqdi (evliliyi) bərəkətli və mübarək et! Bu cütlüyü ülfət, məhəbbət və bağlılıq duyğuları ilə bağla! Hz. Adəm ilə Həvvanı, Hz. Peyğəmbərimiz ilə Xədicə anamızı və Hz. Əli ilə Fatiməni bir-birinə bağladığın kimi!.."
ŞƏRHLƏR