Nümunəvi ailə başçısı
Qurani-Kərimdə peyğəmbərlərin ümmətlərinə nümunə ola bilmələri üçün evləndikləri, oğul-uşaq sahibi olduqları bildirilir: “(Ya Rəsulum!) Biz səndən əvvəl də Peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik”. (ər-Rad, 38)
Digər peyğəmbərlər kimi, Həzrət Muhamməd (s.ə.s) də bəşər olduğuna görə evlənmiş, hamıya nümunə olacaq sakit bir ailə həyatı yaşamış, kişinin xanımına, bir atanın övladlarına necə davranması lazım olduğunu ən gözəl şəkildə özü tətbiq edərək göstərmiş, ailə fərdlərinin haqq və vəzifələri ilə bağlı əsasları ortaya qoymuşdur. Sevimli Peyğəmbərimizin (s.ə.s) ortaya qoyduğu bu meyar sağlam və rahat bir ailə qurmağa kifayət edəcəyi kimi, fəzilətli bir cəmiyyətin də təməl daşıdır: “Möminlərin iman baxımından ən mükəmməli əxlaqı ən yaxşı olandır. Ən xeyirliniz isə qadınlara qarşı əxlaqi münasibətlərdə ən xeyirli olanlarınızdır”. (Tirmizi, Rada, 11; Əbu Davud, Sünnə, 15)
Müaviyə bin Hayd (r.a) belə nəql edir:
- Ya Rəsulallah! Qadınlarımızın bizim üstümüzdə haqqı nədir? - deyə soruşdum.
Hz. Peyğəmbərimiz (s.ə.s) belə dedi:
- “Yediyiniz ölçüdə yedirmək, geyindiyiniz səviyyədə geyindirmək, üzünə vurmamaq, etdikləri işin və özlərinin çirkin olduğunu söyləməməkdir”. (Əbu Davud, Nikah, 40-41; İbn Macə, Nikah, 3)
Ailə başçısı olmağın fəziləti və savabı nə qədər çoxdursa, məsuliyyəti də bir o qədərdir. Kişinin boynuna düşən vəzifəni lazımınca yerinə yetirməməsi xanımın və uşaqların pərişanlığına səbəb olar. Ailələri dağılan uşaqların isə gözəl bir tərzdə tərbiyə edilib cəmiyyətin faydalı bir üzvü olmaları çox zaman mümkün olmamaqdadır. Ona görə də, bu ciddi məsuliyyəti dərk edən ailə başçısı olaraq Hz. Peyğəmbərimizin (s.ə.s) həyatından nümunə götürməyimiz zəruridir.
Allah-Təala Nisa surəsinin 19-cu ayəsində “Qadınlarla gözəl davranın” buyuraraq kişilərə xəbərdarlıq etmiş və qadınlara dəyər vermələrini tələb etmişdir. Hz. Peyğəmbərimizin (s.ə.s) ailə həyatı ilə ortaya qoyduğu əsaslar sayəsində qadınlar heç görmədikləri və xəyallarında belə canlandırmadıqları bir dəyərə nail olmuş, cəmiyyət içində mühüm bir mövqe qazanmışdır.
Hz. Peyğəmbərimizin xanımlarına fəzilətlərini söyləməsi, onlara sevgisini bildirməsi, tərkinə alması, ayaqlarını dizinə qoyub miniyə minmələrinə kömək etməsi, kədərlənib ağlayan xanımının göz yaşlarını əlləri ilə silərək təsəlli verməsi onlara dəyər verdiyini göstərən nümunəvi davranışlardandır.
Cahiliyyət dövründə qadınlar onlara xas olan təbii hallarda insanlıqdan kənar münasibətlərə məruz qaldıqları halda, Hz. Peyğəmbərimiz (s.ə.s) bu anlayışları məhv etmək üçün gecə-gündüz dayanmadan çalışmışdır. Heyzli olduğu halda ona səccadəni vermək istəməyən xanımına:
- “Sənin heyzin əlinə bulaşmayıb ki?!” - buyurmaqla (Müslim, Heyz, 11) vəziyyəti məntiqi olaraq izah etmişdir. Yenə onlara dəyər verdiyini göstərmək üçün belə zamanlarında xanımlarının başını yumuş, hətta onlara söykənərək Qurani-Kərim oxumuşdur. (Buxari, Heyz, 2, 13)
Hz. Peyğəmbərimizin (s.ə.s) qadınlara qarşı göstərdiyi bu davranışlar keçici, bir anlıq deyil, köklü və sağlam bir həyat anlayışının nümunəsidir. Məsələn, sübh və əsr namazlarını qıldıqdan sonra hər gün xanımlarını tək-tək ziyarət edər və hal-əhvallarını soruşardı. Hz. Aişənin (r.anha) bu rəvayəti Hz. Peyğəmbərimizin (s.ə.s) xanımlarına verdiyi qiymətin nə qədər misilsiz olduğunu göstərir. O, belə deyir: “Rəsulullah (s.ə.s) sübh namazının iki rükət sünnəsini qıldıqdan sonra mən oyaq olduqda mənimlə söhbət edər, oyaq deyiləmsə, müəzzin namaz üçün iqamə oxuyana qədər yanımda uzanardı”. (Buxari, Təhəccüd, 24; Müslim, Müsafirin, 133)
Evliliyin və ailə qurmağın əsas məqsədlərindən biri də övlad böyütmək və insan nəslinin davamını təmin etməkdir. Bu da ilk növbədə atadan asılıdır. Ata övladlarını böyüdüb boya-başa çatdırmaqda və tərbiyə etməkdə nə qədər diqqətli və tələbkar olarsa, uşaqlar bir o qədər yaxşı yetişər və cəmiyyət kamil, mehriban, xeyirxah insanların yaşadığı nizam-intizamlı bir mühitə çevrilər. Valideynlər övladlarını doğru-düzgün yetişdirə bilmək üçün özü də bir ata olan Peyğəmbərimizi çox diqqətlə tədqiq etməli və övladlarının davranışlarında istifadə edəcəkləri metodları onun ibrətamiz həyat nümunələrindən götürməlidirlər.
Sevilməyi, mərhəməti və şəfqəti kifayət qədər dada bilməyən cahiliyyət dövrünün uşaqları Allah Rəsulu sayəsində cəmiyyətin göz bəbəyi olmuş və könüllərdə taxt qurmuşdu. Başının sığallanmasına, yanağının məhəbbətlə öpülməsinə alışmayan körpələr Peyğəmbərimizin zühuru ilə sevgi dolu baxışlara, şəfqətli və səmimi münasibətə layiq görülmüşdü. Harada olursa-olsun, onu görən uşaqlar dərhal ona doğru qaçar, onu əhatə edər, o da hər biri ilə maraqlanar, hal-əhval soruşar, məhəbbətini hiss etdirər və onlarla şən zarafatlar edərdi.
Biz də Peyğəmbərimizin (s.ə.s) yolu ilə gedərək Allahın bizə bir əmanəti olduğunu düşünərək ailəmizin, xüsusilə övladlarımızın tərbiyəsinə daha çox əhəmiyyət verməli, diqqət, şəfqət və məhəbbətimizi onlardan heç bir zaman əsirgəməməliyik.
ŞƏRHLƏR