Mərkəzlər Prizması
İnsanın öz həyatını davam etdirməsi üçün istifadə etdiyi maddi və mənəvi vasitələr var. İnsan davranışlarının hansı təməllər üzərində qurulduğunu yaxşı başa düşmək üçün onun istifadə etdiyi mərkəzlərə - çarxlara nəzər salmaq lazımdır. Enneaqram elminə görə, insanda üç təməl mərkəz işləyir: Baş (beyin, zəka, ağıl, düşünmə, dərk etmə), ürək (qəlb, duyğu, hiss etmə) və bədən (refleks, hərəkət, fəaliyyət). Bu üç mərkəzin hər biri insanda mövcud olsa da, birini daha çox istifadə edir. İnsan, mümkün olduğu qədər, bu üç mərkəzin fəaliyyətini sinxron şəkildə, bir-birini tamamlayacaq tərzdə qurmalıdır.
Niyyət və davranışların bəziləri duyğu ilə əlaqəli, bəziləri düşüncə ilə, bəziləri isə hərəkət, yaxud bədən refleksləri ilə əlaqəlidir. Davranış və niyyətləri tənzimləyərkən adı keçən üç mərkəzin işləyiş prinsiplərinə uyğunlaşdırmaq lazımdır. Yəni niyyət və davranış “toxumlarını” duyğu-düşüncə-hərəkət “dəyirmanına” qoyarkən seçdiyimiz yol və üsul doğru olmalıdır ki, çıxan “məhsul” keyfiyyətli olsun. İnsan hər üç mərkəzi xeyir yolunda, optimal və məqsədyönlü istifadə edərsə, doğru davranış sərgiləyər. Bir neçə misal verərək mövzunu izah etmək istəyirəm.
Birinci misal; Yusuf əleyhissalamın gözəlliyinə vurulan Züleyxanın davranışlarına nəzər salsaq (Yusuf, 23), görərik ki, o, adı keçən üç mərkəzi doğru istifadə etməmişdir. Züleyxa, duyğu-düşüncə-hərəkət mərkəzlərindən əmələ gələn üçbucaqda ilk öncə qəlb tərəfindən (duyğudan) yola çıxaraq davranışa doğru yönəldi və düşüncəni təxirə saldı. Züleyxa, qəlbindən keçən duyğuları davranışlarında əks etdirmədən əvvəl ağlını yaxşıca işə salıb dərindən düşünərək, hadisələri xeyir-zərər, doğru-yanlış, xəyanət-vəfa tərəzisində ölçsəydi, yanlışa düşməzdi. Deməli, insan, fəaliyyətə keçmədən əvvəl, necə deyərlər, yüz ölçüb bir biçməlidir. Ürək, beyin və bədən refleksindən ibarət fəaliyyət sistemi birlikdə, sinxron şəkildə hərəkət etməlidir. Ağlımıza gələn bir düşüncəni qəlbimizdə hiss etmədən, duyğularımız ilə ölçmədən həyata keçirməməliyik. Xüsusilə qəzəbləndiyimiz zaman, qısqanclıq, həsəd və paxıllıq bizi bürüdüyü vaxtlarda qərar vermək olmaz. Hadisələri görmək, yaxud eşitmək kifayət deyil, dərindən düşünmək və hiss etmək lazımdır.
İkinci misal; Quranda Qarun adında bir insanın əhvalatı rəvayət edilir (əl-Ənkəbut, 39). Qarun öz zinəti və ehtişamı ilə insanların önünə çıxaraq onlara öz zənginliyini göstərdiyi əsnada, ona baxan insanlar onun kimi zəngin olmağı arzulamağa başladılar. Elm əhli insanlar isə bu mənzərə qarşısında: “Vay halınıza! İman gətirib yaxşı əməl görən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar”, - dedilər”. (əl-Qasas, 80). Burada iki qrup insan var. Birinci qrup: Qarunun zənginliyinə heyran qalan və bu zənginliyi arzu edənlərdir. İkinci qrup: özlərinə elm verilmiş insanlardır. Qarunun bu təkəbbürlü davranışı qarşısında özlərini itirmədən, ağıllı-başlı düşünərək, duyğularına qapılıb yanlış söz, yaxud davranış sərgiləmədən hikmətli davrananlar ikinci qrupu təşkil edirlər. Hər iki qrup eyni hadisəni gördüyü halda, birinci qrupdakılar öz duyğularına qapılıb heyranlıq içində yanlış söz söylədilər və bir gün sonra söylədikləri sözlərə görə peşman oldular (əl-Qasas, 82). İkinci qrupdakı insanlar isə ağırbaşlı, düşünərək, axirətin hesabını diqqətə alaraq hərəkət etdiklərinə görə peşman olmadılar.
Üçüncü misal; Quranda Musa əleyhissalamın bir nəfərə kömək etməsindən bəhs edən ayələrə nəzər salaq. Musa əleyhissalamı birinci dəfə köməyə çağıran həmyerlisi - israil oğullarından biri onun gücünü, qüvvətini gördü və onu ikinci dəfə də köməyə çağırdı: “Beləliklə, o, (Musa) şəhərdə qorxu içində ətrafa göz qoya-qoya səhərə çıxdı. Bir də gördü ki, dünən ondan yardım istəyən həmin adam yenə qışqıraraq onu köməyə çağırır. Musa ona: “Sən, həqiqətən də, açıq-aşkar bir azğınsan”, - dedi”. (əl-Qasas, 18-19). Musa peyğəmbər israilli həmyerlisinin çağırışını eşitdikdən sonra fəaliyyətə keçmədən əvvəl həm qəlbini, həm də ağlını istifadə etdi. Musa əleyhissalam: “Sən, həqiqətən də, açıq-aşkar bir azğınsan”, - deyərək onu azarladı və haqsız olduğunu söyləyərək onları ayırmaq istədi. Musa əleyhissalam həmyerlisinin haqsız olduğunu araşdırmamış olsaydı, yaxud həmyerlisinin haqsız olduğunu bildiyi halda ona kömək etməyə davam etsəydi, o zaman Musa əleyhissalam adıkeçən üç mərkəzi yerli-yerində istifadə etməmiş olardı.
Duyğu-düşüncə-hərəkət prizmasından danışarkən unutmayaq ki, bunların hər birisinin dərinliyi və səviyyələri var. Bu üç mərkəz insanda inkişaf edərkən eyni zamanda aralarında güclü bir bağ yaranır. Elə bu səbəbə görə, insanlar özlərini bilik və elm baxımından daim tərəqqi etdirməli və mənəvi cəhətdən gücləndirməlidir. Belə olduğu təqdirdə insanda hikmət, məntiq, təqva kimi əvəzolunmaz “filtrlər” əmələ gəlir və insanın duyğu-düşüncə-hərəkət prizmasından həyata doğru tərzdə baxmasına şərait yaranır.
ŞƏRHLƏR