“Ailə cəmiyyətin özəyidir!”
Müsahibə
Sosioloq Dr. Asəf Qənbərov:
“Ailə cəmiyyətin özəyidir!”
- Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
- Asəf Qənbərov, sosiologiya üzrə fəlsəfə doktoru, dosent. Hal-hazırda Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsində dekan müavini vəzifəsində çalışıram. Evliyəm, üç övladım var.
- Sosial mühit və ailə. Bir-birini tamamlayan bu iki amilin qarşılıqlı münasibətini necə izah edərdiniz?
-Sualınızın cavabına keçməzdən əvvəl, qeyd etmək istəyirəm ki, ailə məsələsini müzakirə obyektinə çevirmək; bu mövzuda müsahibələr, məqalələr və s. elmi-analitik və maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi böyük əhəmiyyətə malikdir. Bu mənada, ailə mövzusuna bu dərəcədə önəm verməyinizin təqdirəlayiq addım olduğunu düşünürəm.
Suala gəlincə, sosial mühit və ailə, başqa formada ifadə etsək, cəmiyyət-ailə münasibətləri sıx bağlıdır. Bu, sadəcə müasir dünyamız üçün deyil, bütün dövrlərdə və bütün cəmiyyətlərdə danılmaz bir fakt olmuşdur. Fakt nədən ibarətdir? Ailə cəmiyyətin özəyini təşkil edir! Tarixin istənilən dövrünə və zamanına müraciət etsək, ailə institutunun olmadığı və ya ailənin müəyyən qanun-qaydalar, adət-ənənələrlə tənzimlənmədiyi insan topluluğu təsəvvür etmək mümkün deyil. Düzdür, sosial struktur və normalar baxımından ailənin çox müxtəlif formaları mövcud olmuşdur. Günümüzdə bu müxtəliflik öz əhəmiyyətini qoruyur. Amma bütün bunlar ailənin bütövlükdə sosial sistemin əvəzolunmaz komponenti olması faktını dəyişdirmir.
İcazənizlə, ailənin universallığı məsələsi üzərində bir az daha dayanmaq, məsələnin sosioloji əhəmiyyətinə də toxunmaq istəyirəm. Belə ki, antropoloji, etnoqrafik və sosioloji araşdırmalar göstərmişdir ki, ailə institutu olmadan cəmiyyət öz həyatına davam edə bilməz. Ona görə ki, cəmiyyətin mövcudluğu və davamlılığı üçün uşaqların dünyaya gətirilməsi və onların yetişdirilib ictimailəşdirilməsi məhz ailə institutu tərəfindən həyata keçirilir. Bunlar, sosiologiya elmində ailənin iki təməl funksiyası: reproduktiv funskiya və sosializasiya funksiyası kimi ifadə olunur. Yəni uşaqların dünyaya gətirilməsi və onların təlim-tərbiyəsi prosesi məhz ailədə baş verir. Lakin uşaqların yemək-içmək və yaşayış məskəni kimi sırf fizioloji ehtiyaclarının təminatı ailənin yeganə vəzifəsi deyildir. Eyni zamanda uşaqların valideyn sevgisi, şəfqəti və qayğısı ilə əhatələnməsi kimi psixoloji ehtiyaclarının ödənilməsi də məhz ailə tərəfindən həyata keçirilir. Maddi və mənəvi ehtiyacların bərabər səviyyədə təmin olunmadığı fərdlər sağlam xarakterə sahib ola bilmir, özünə və cəmiyyətə faydalı bir şəxsiyyətə çevrilmir. Buna görə də sağlam şəxsiyyətlərin yetişdirilməsi üçün məhz ailə qurumuna önəm vermək, onun rifah səviyyəsini yüksəltmək, ailənin maddi və mənəvi problemlərini aradan qaldırmaq dövlətin, cəmiyyətin və ailə üzvlərinin (fərdlərin) borcudur. Sağlam cəmiyyət qurmağın yolu sağlam ailə qurumundan keçir.
Və sonda, qeyd etmək lazımdır ki, ailə sosial mühitdən təsirlənir, eyni zamanda sosial mühit ailə institutunun strukturu və ailə dəyərləri ilə şərtlənir. Bunları bir-birindən müstəqil düşünmək mümkün deyil.
- Bir sosioloq kimi, Azərbaycan ailəsini necə səciyyələndirərdiniz, bizim ailə quruluşumuzu digər toplumlardan ayıran səciyyəvi xüsusiyyətləri nədə görürsünüz?
- Kifayət qədər mürəkkəb sualla qarşılaşdığımı qəbul etməliyəm. Azərbaycan ailəsinin səciyyəvi cəhətlərini ideal tip kimi müəyyənləşdirmək, onun özünəməxsusluqlarını fərqləndirmək elə də asan məsələ deyil. İlk növbədə, ona görə ki, ailə institutunu sosioloji baxımdan öyrənmək empirik, yəni tətbiqi məsələdir. Burada geniş, sosioloji və entoqrafik sahə araşdırmaları aparmaq lazımdır. Amma müşahidələrimə əsaslanaraq belə bir fikir irəli sürə bilərəm ki, Azərbaycan ailəsi modernləşmə prosesini yaşayan cəmiyyətlər üçün səciyyəvi olan bir quruluşa malikdir: Azərbaycan ailəsi ənənəvi və modern dəyərlərin çuğlaşmış formasında təzahür edən ailədir. Lakin bunu da qeyd etmək lazımdır ki, kəndlər və regionlarda üstünlük təşkil edən ailələrdə ənənəvi və dini dəyərlər, şəhər mərkəzlərində yerləşmiş ailələrdə isə daha çox modern və dünyəvi dəyərlər ağırlıq təşkil edir.
Belə ki, Azərbaycan ailəsində ənənəvi dəyərlər nikah, doğum, ər-arvadın vəzifə və rollarının bölgüsündə, ailə böyükləri ilə münasibətlərdə, xüsusilə də ailə fərdlərindən birinin dünyasını dəyişməsində və bununla əlaqədar həyata keçirilən dini ehkamlarda və s. açıq şəkildə özünü göstərir. Evlənənlərin çoxunun rəsmi nikahın yanında dini nikaha da önəm verməsi, uşaqların adqoyma və sünnət etmə mərasimində qohum-əqrəba ilə yaxın münasibətlər kimi ənənəvi dəyərlərin qorunub saxlandığını müşahidə edirik. Bununla yanaşı, aşağıda sadalayacağım müasir tendensiyalar da Azərbaycan ailəsində geniş vüsət tapmaqdadır; monoqamiya, yəni qanunla çoxevliliyin qadağan olunması və artıq təkevliliyin cəmiyyətimizdə norma kimi qəbul edilməsi, ər-arvadın bərabərliyi prinsipi və hər ikisinin ev təsərrüfatı xaricində əmək fəaliyyətinə daxil ola bilməsi, xüsusilə şəhərlərdə nuklear ailə tipinin (ər-arvad və uşaqların müstəqil yaşayış məskənində yerləşməsi) yayılması, erkən yaşda evliliklərin, demək olar ki, aradan qalxması, tərəf müqabillərinin sevgi əsasında və könüllü surətdə nikaha daxil olması, boşanmaların çoxalması və s. elementlər də müasir tendensiyaların açıq təzahür formalarıdır. Bunları nəzərə alaraq, mən bu fikirdəyəm ki, müasir Azərbaycan ailəsi birmənalı olaraq nə sırf ənənəvi ailə, nə də sırf müasir ailə formasına malikdir. Müasir Azərbaycan ailəsi ənənəvi və modern ailə dəyərlərinin çuğlaşmasından ibarətdir. Və bu ailə modelində müasir tendensiyalar getdikcə ənənəvi dəyərləri sıxışdırmaqdadır. Düşünürəm ki, bu proses bütün qloballaşan və modern cəmiyyətlərə xas olan, təbii bir prosesdir.
- Ənənəvi ailə və müasir ailə. Hansını seçməliyik?
- Ailə modelləri arasında seçim etməklə qarşı-qarşıya qalsaq, mənim fikrimcə, ailədə ər-arvadın sevgi əsaslı bərabərliyinə əsaslanan, uşaqların sağlam inkişafı üçün zəruri olan maddi rifahın və mənəvi dəyərlərin hökm sürdüyü ailə modelini seçmək məqsədəuyğun olardı. Yuxarıda ənənəvi və müasir ailənin bəzi elementlərinə toxunduğuma görə, təkrara yol vermək istəmirəm. Qısaca, günümüzdə xoşbəxt ailə yuvasının qurulması üçün biz həm müəyyən müasir dəyərlərə, həm də bəzi ənənəvi dəyərlərə əhəmiyyət verməliyik. Çünki, fikrimcə, müasir nuklear ailədə olduğu kimi, ənənəvi geniş ailələrdə də özünəməxsus çatışmazlıqlar və problemlər vardır.
Klassik mənada ənənəvi geniş ailə bir-neçə nəslin eyni məskəndə yaşadığı, rifah səviyyəsinin aşağı olduğu, sərt qaydalarla idarə olunan, qadının kişiyə mütləq itaəti prinsipi üzərində qurulan ailədir. Bununla bərabər, ənənəvi geniş ailədə mənəvi-dini dəyərlər, həmrəylik və qarşılıqlı yardımlaşma yüksək səviyyədədir. Müasir nuklear ailə isə ər-arvad arasında bərabərlik, iş bölgüsü və bərabər əmək fəaliyyəti ilə məşğul olmaq, bundan irəli gələn nisbətən maddi rifah səviyyəsinin yaxşılaşması, eyni zamanda dünyəviləşmə, ənənəvi dəyərlərin və qohumlarla həmrəyliyin zəifləməsi kimi xüsusiyyətlərlə səciyyələnir. Əvvəl də qeyd etdiyim kimi, bu ideal ailə tiplərindən hər birində arzuolunan və xoşagəlməyən hallar mövcud ola bilər. Qloballaşan dünyanın ayrılmaz bir parçasına çevrilən ölkəmizdə, artıq, ənənəvi geniş ailələrin mövcud olduğunu söyləmək də çox çətindir. Çünki qloballaşma nəticəsində geniş yayılan kütləvi informasiya və kommunikasiya vasitələri ölkəmizin ən ucqar bölgələrini də əhatə edir və qaçılmaz olaraq sosial-mədəni həyatımızı təsiri altına alır. Təbii olaraq, bu proses ailə institutu üçün də təsirsiz ötüşmür.
Bu məsələ ilə bağlı, bəlkə də, oxucular üçün qəribə görünəcək bir faktı da qeyd etmək istəyirəm. Müasir Qərb sosial elmlərində ənənəvi ailə dedikdə, artıq, bizim yuxarıda qeyd etdiyimiz nuklear ailə nəzərdə tutulur. Çünki XXI əsr Qərb dünyasında ailə institutunda elə radikal dəyişikliklər meydana gəlmişdir ki, bizim yuxarıda ər-arvad və uşaqlardan ibarət müasir nuklear ailə kimi təsvir etdiyimiz ailə modeli onlar üçün artıq keçmiş bir ənənəyə çevrilib. Belə ki, son illərdə Qərbdə geniş vüsət tapan təkvalideynli ailələr və ənənəvi cəmiyyətlər üçün qəbuledilməz olan enyicinsli ailələr (buna ailə demək mümkündürsə) və s. ailə formaları meydana gəlmişdir. Qeyd etmək lazımdır ki, eynicinsli fərdlərin rəsmi nikahı Qərbdə də ənənəvi qrupların kəskin etirazı ilə qarşılanır və bunu ailə kimi qəbul etmək istəməyən müxalif təbəqələr mövcuddur. Lakin təkvalideynli ailələrin isə artıq sürətlə çoxaldığı müşahidə olunur. Bu ailə forması daha çox boşanmalar və tərəf müqabillərinin rəsmi nikaha daxil olmadan birlikdə yaşamaları, başqa ifadə ilə, vətəndaş nikahı şəratində yaşamaları nəticəsində meydana gəlir. Misal üçün, bir araşdırmada ABŞ-da doğulan uşaqların 1/3-nin, artıq, təkvalideynli ailələrin payına düşdüyü faktı ilə qarşılaşdığımı xatırlatmaq, məncə, yerinə düşər. Bütün bunlar onu göstərir ki, ailə institutu ilə əlaqədar dünyada elə sürətli dəyişikliklər gedir ki, ənənəvi və müasir ailə anlayışı belə birmənalı başa düşülmür.
- Bu gün qloballaşmanın da təsiri ilə ailəni zədələyən bir çox faktorlar bizim cəmiyyətimizə də istər-istəməz təsir göstərir. Belə bir məqamda ailəni qorumaq üçün nə etməliyik?
- Fikrinizlə tam razıyam, qloballaşma prosesi bütövlükdə sosial sistem üçün, o cümlədən ailə institutu üçün mühüm çağırışlar yaradır. Bu ilk növbədə fərdiyyətçiliyin dərinləşməsi, ailəiçi münasibətlərin soyuqlaşması və həmrəyliyin zəifləməsi ilə müşayiət olunur. Xüsusilə də müasir informasiya kommunikasiya texnologiyalarının yayılması və hər kəs üçün əlçatan olması ailədə fərdlərin ünsiyyətinə xələl yetirir, ailənin bütövlüyünü təhdid edir. Buna görə də ailə fərdləri, xüsusilə valideynlər qeyd etdiyimiz kommunikasiya vasitələrinin daha ağıllı formada istifadəsini təmin etmək üçün çalışmalı, ailəiçi ünsiyyətin zəifləməsinə imkan verməməlidir. Ailə üzvləri mümkün qədər bir yerdə çox vaxt keçirməli, ortaq problemləri və vəzifələri birlikdə müzakirə edə bilməlidir.
Müasir ailə üçün yeni çağırışlardan biri də valideynlərin sadəcə ailənin maddi rifahına köklənməsi, bunun üçün hər ikisinin ev xaricində çalışması və uşaqların təlim-tərbiyəsinə, mənəvi inkişafına, günümüz üçün əhəmiyyət daşıyan ənənəvi dəyərlərin uşaqlara aşılanmasına kifayət qədər zaman ayıra bilməməsidir. Digər tərəfdən, müasir kapitalist dünyagörüşünün təşviq etdiyi ifrat istehlakçılıq, sadəcə özünü düşünmə, şəxsi zövqləri və uğuru hər şeydən üstün saymaq, boşanmanın artması və s. eqoist düşüncələrin yayılması müasir ailə institutu qarşısında duran böyük çağırışlardır. Buna görə də, fikrimcə, ailə həyatında iş və ev arasında balansın yaradılması, bundan başqa, uşaqlara hörmət və sayğılı olmaq, qənaətcillik, altruizm, başqasını düşünmə, empatiya, qohum-əqrəba münasibətlərini qorumaq, həmrəylik kimi dəyərlərin aşılanması uşaqların təlim-tərbiyəsi, bütövlükdə, ailə institutunun qorunması baxımından böyük əhəmiyyətə malikdir.
- Bizə vaxt ayıraraq dəyərli fikirlərinizi oxucularla bölüşdüyünüz üçün təşəkkür edirik.
- Sağ olun. Dəvətiniz üçün mən də təşəkkür edirəm.
ŞƏRHLƏR