Belə ailə olmaz!

Belə ailə olmaz!

Evlilik bizim üçün müqəddəs bir struktur sayılır. Bunun üçün daşınmalı olan müəyyən şərtlər, yerinə yetirilməli olan tələblər və sonrasında son nəfəsə qədər davam edən məsuliyyətlər var. Kim evlənə bilər, kiminlə evlənə bilər, kiminlə evlənə bilməz, evliliklə hansı məsuliyyətlər yaranır, bunların hamısı dini mənbələrdə ən xırda təfərrüatları ilə yer alır. Bağlanan ilahi sədaqət əqdi xeyir-dualarla pərçimlənir, qurulan yuva Allah tərəfindən evlənənlərin öhdəliyinə verilmiş bir “əmanət” olaraq təhvil alınır.

Dini öhdəliklərindən savayı, təkcə evlənən insanların hüquqlarını, uşaqların hüquqlarını (xoşbəxt yuva, sağlam həyat, təhsil, miras və s.) və ahıl yaşda baxıma möhtac insanların hüquqlarını düşünsək belə, ailə quruluşunun cəmiyyət üçün nə qədər vacib bir element olduğunu sağlam ağıl və düşüncə sahibi hər bir kəs rahatlıqla qəbul edər.

Bu gün, çox təəssüf ki, ailə yuvası bəzi xəstə ruhlu insanların oyun-əyləncəsinə çevrilib. İnkişaf etmiş dünyanın göz qamaşdıran ehtişamlı həyat tərzi bəzi insanların başını gicəlləndirir, əxlaq və həqiqətlər qarşısında gözünü pərdələyir. Çılğın fərqlilik yaratmağı məharət saymağa başlayan insanlar bununla daha çox insanın rəğbətini, ən azı diqqətini cəlb etdiyini görərək bu bataqlığa batmaq uğrunda sanki yarışmağa başladılar. 90-cı illərdən sonra, xüsusilə internetin təmin etdiyi sosial platformalardakı paylaşımlarla özünü daha çox insana göstərə bilmək imkanı sayəsində bu xəstə düşüncələr bir epidemiya kimi dünyanın hər bir bucağını sarmağa başladı. Verəcəyim nümunələrdən də görəcəyiniz kimi, bəlkə də, bundan əvvəl də belə “manyak” insanlar var idi, amma onların davranışları elə öz məhəllələrindəki qınaq təzyiqi ilə tez bir vaxtda söndürülüb izi itirilirdi. İndi isə bəzi insanlar utanma hissini nöqsan sayacaq qədər azğın bir düşüncəyə saplanıblar. Bu azğın düşüncənin sahibləri öz əməllərinə bəzi din xadimlərini də alət edərək “ailə, evlilik, nikah” adı altında çox açıq bir şəkildə dəyərlərimizlə istehza edirlər. Məsələn, 92-ci ildə bir at ilə evlənərək televiziya xəbərlərinə düşməyə çalışan Mark, keçi ilə evlənən Charles Tombe, delfinlə evlənərək gündəmə  gəlməyə çalışan ingilis milyoner qadın Sharon, iti ilə evlənən qadın Emily, yaxud iti ilə evlənən məşhur dizayner Karl, pişiyi ilə evlənən alman iş adamı Cozef... və neçə-neçə belələri öz gülünc və anlaqsız əməllərinə kilsə rahiblərini də alət etmişdilər.

Bunun bir az daha məsum görünən, lakin yenə bir o qədər “ailə” müəssisəsini baltalamağa xidmət edən nümunələri kimi notbuku ilə nikah qıymağa cəhd edən, pizza ilə evləndiyini deyən, daşla evlənən, hətta animasiya surəti ilə evlənən, ayfon telefonu ilə evlənən gənclər var. Bu hərəkətləri, əlbəttə, şüurlu deyil. Sadəcə “like” qazanmaq, daha çox insanın diqqətini cəlb etmək xatirinə edilən bu tip mənasız hərəkətlər insanlığın əyləncə zövqünün səviyyəsini düşürməkdən başqa bir şey deyil.

İşin daha bir dəhşətli yönü isə XXI əsr olmasına baxmayaraq, insan oğlunun aydan ulduza, planetdən planetə səyahətə qədəm basdığı bir dövrdə hələ də davam edən cəhalət, mövhumat və savadsızlıqla bağlıdır. Məsələn, şans gətirməsi üçün iti ilə evlənən nepallı qoca, qəsəbəyə yayılan bir xəstəliyin bitməsi məqsədi ilə iki balaca qızı iki qurbağa ilə evləndirən hindlilər, iflic olduğu üçün bir lənətə düçar olduğu düşünülərək itlə evləndirilən hind gənc, bədənində bir ləkə ilə dünyaya gəldiyi zaman pis ruhların təsirində olduğu düşünülərək itlə evləndirilən balaca hindli qız uşağı kimi nümunələr xüsusilə xurafatın hakim olduğu cahil toplumlarda belə hərəkətlərin hələ də rəvacda olduğunu göstərir.

Şou xarakterli bu tip evlilikləri internet və profil xəstəliyinə bağlasaq da, cahilliyin yol açdığı, xüsusilə uşaqların alət edildiyi “boş” evliliklər isə hələ də haqq dinin, sağlam təfəkkürün dünyada anladılmasının, təbliğ edilməsinin zərurətindən xəbər verir.

O ki qaldı, xüsusilə Qərb dövlətlərində müşahidə edilən eyni cinslər arasındakı evliliyə, bunu evlilik adlandırmaq ən azı özümüzü təhqir etmək, öz dəyərlərimizi aşağılamaqdır. Həmcinsi ilə evlənən, həmçinin, özü özü ilə evlənən, yaxud ölmüş sevgilisi ilə evlənən şəxslər var, bunlar cəmiyyətə nə qazandıra bilər? Halbuki:

- Evlənmək: evin yükünü, kədər və sevincini, hər bir məsuliyyətini bölüşmək, o evi bərəkətli bir yuvaya çevirməkdir.

- Ailə olmaq: bir-birini tamamlamaq, birlikdə bir bütövü meydana gətirməkdir. Bu nə itlə, pişiklə ola bilər, nə də eyni cinsdən insanlarla. Çünki qadının əskiyi kişi ilə, kişinin əskiyi isə yalnız qadınla tamamlanar.

- Nikahlanmaq: Allah qarşısında söz verərək bu mənəvi məsuliyyəti ilahi əmanət kimi qəbul etməkdir.

Elə isə ailə qalamıza zərər verən bu cür səfeh davranışlara yol verməməklə birlikdə, bunlar haqqında danışarkən tutduqları əmələ “ailə”, “evlilik” kimi ad qoymamalıyıq. Məncə, bu sarsaq əlaqəyə başqa bir ad tapmaq lazımdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz