Texnologiya qarşısında ailəmiz
Texnologiyanın müsbət və mənfi tərəflərini nəzərə alaraq baxdığımız zaman, valideyn olaraq, övladımızın istifadə etməsi nöqtəsində başımızın qarışması, tərəddüdə düşməyimiz çox təbiidir. Lakin buna hansısa bir tərəfdən baxmaq yerinə hər iki tərəfdən baxaraq məsələnin nə yerdə olduğunu anlamağa çalışmaq daha doğru bir mövqe olacaq. Necə ki, bir uşaq barmağını əmirsə, bu problemin həlli yolu barmağı qopardıb atmaq deyil, eləcə də, texnologiyanı həyatımızdan tamamilə çıxardıb atmaq bu məsələdə çıxış yolu deyil. Bunun yerinə texnologiyadan necə istifadə etməliyik, bu haqda düşünməli, alternativ yollar tapmalıyıq. Bu mövzu xüsusilə uşaqlar üçün çox əhəmiyyət daşıyır. Çünki uşaqlar yaş etibarı ilə texnologiyanın təqdim etdikləri arasında yaxşını pisdən ayırmaq nöqtəsində böyüklərə nisbətən daha təcrübəsizdir. Bir də ki, uşaqlar texnoloji alətlərin daha çox istifadə edildiyi bir dövrdə dünyaya gəldikləri üçün gündəlik həyatda bunu daha çox və daha yaxşı istifadə edirlər. Ailələr texnologiya aludəliyi mövzusunda uşaqlarına bu gözlə baxmaq məcburiyyətindədir.
Uşaqların texnologiyadan istifadə etməsi nöqtəsində ən mühüm sual onların inkişafı ilə bağlı üç əsas xüsusiyyətin texnologiya səbəbi ilə əngəllənib əngəllənmədiyi məsələsidir. Bu xüsusiyyətlər: uşağın cəmiyyət üçün faydalı bir fərd kimi yetişməsi, uşağın fərdi keyfiyyətləri ilə öz gələcəyinə hazırlanması və uşağın vaxtdan səmərəli istifadə etməsidir. Texnologiya bu üç xüsusiyyətin inkişafına xidmət etdiyi nisbət və müddətdə istifadəyə açıq olmalıdır.
Hər nə qədər kompüter və internet kimi vasitələr uşaqların və gənclərin öyrənmələri üçün onlara inkişaf etdirici münasib və məhdudiyyətsiz bir mühit təmin etsə də, bəzən istifadəçilər bu vasitələrin verdiyi imkanlarla zərərli cinsi möhtəvalar, şiddət, alkoqol və siqaret mübtəlalığı, qumar, yanlış qidalanma kimi arzuolunmaz vərdişlərə də sövq edilə bilərlər. Xüsusilə kompüter qarşısında uzun müddət vaxt keçirmək inkişaf dövründəki uşaqların duruş və oturuş formalarına bağlı olaraq sümük-əzələ sistemində deformasiyalara, görmə zəifliyinə, elektromaqnit radiasiyasına məruz qalmağa, yaradıcılıq və zehni inikşaf risklərinə, dil qabiliyyətində geriləməyə və bəzi uşaqlarda epilepsiya tutmalarına, məktəb dərslərində qiymətlərin düşməsinə, beyin inkişafında problemlərə və sosial inkişaflarında mənfi təsirlərə səbəb ola bilməkdədir. (Arnas, 2005)
İnternet-uşaq əlaqəsində başqa bir problemli məsələ internetin pis işləri adiləşdirməsidir. Uşaqların internetdən daha çox onlayn oyun oynamaq üçün istifadə etməsi və bu oyunların əksəriyyətinin şiddət möhtəvalı olması, internet saytlarında şiddət səhnələrinin məhdudiyyətsiz ölçüdə və əyləncə vasitəsi kimi yer alması pis davranışların və şiddətin uşağın həyatına heç özünün də xəbəri olmadan sızmasına yol açır. Bunun sayəsində ağır yaralılar, qatillər, parçalanmış cəsədlər uşağın dünyasında gündəlik həyatının bir parçası kimi yer almağa başlayır. Qan gölməçələri, qorxulu hadisələr uşaqda dəhşət hissi oyatmayan kiçik bir diksinməyə və hətta sonrakı vaxtlarda laqeyd bir yanaşmaya çevrilir. Həmçinin bu oyun və videolarla uşaqların beynində düşmən bir dünya formalaşdırılır və mübahisələrin sülh yolu ilə həll edilməsi, empatiya, yaxud insanın şərəf və ləyaqətinə hörmət kimi məfhumlar arxa plana atılır. Önə çıxan məfhumlar isə zorakılıq və təktərəfli ədalət anlayışıdır. Bütün bunlara məruz qalan uşaqların gündəlik həyatlarında qarşılaşdıqları ən kiçik bir mübahisə və ya çəkişməni şiddət yolu ilə həll etməyə cəhd etmələri qaçılmazdır.
İnternetin yanlış istifadəsi uşaqların şəxsiyyətlərində də qüsurların yaranmasına səbəb ola bilər. Şəxsi təşəbbüs əskikliyi, konsentrasiyada çətinlik çəkmək, tənbəllik, dözümlülüyün azalması, gözüdoymazlıq, tez bezmək, hövsələsizlik və istəklərinin dərhal həyata keçməsi arzusu “texnologiya uşağı” olmağın nəticələrindəndir.
Uşaqların internet istifadəsi ilə əlaqəli mühüm məqamlardan biri də həyatda qarşılaşdığımız bir çox hallar kimi, internetdən istifadə vərdişinin də ailə içində formalaşmasıdır. Bu o demək deyil ki, uşaqlar internetdən necə istifadə edəcəklərini ata-analarından öyrənirlər. Burada nəzərdə tutulan: uşaqların texnoloji alətlərə hansı gözlə baxacaqlarını, bu alətlərə nə qədər vaxt ayıracaqlarını, hansı məqsədlə istifadə edəcəklərini ata-analarından öyrənməsidir. Məsələn, ata-ana texnoloji alətlərə, xüsusilə də televizor və internetə elektron dayə missiyası yükləyə bilərlər. Uşaqlar onları narahat etməsin, işlərinə mane olmasın deyə uşaqların internetdə keçirdikləri və ya televizora baxdıqları vaxtı qənimət bilər və bu müddətin nə qədər uzandığına da hansısa məhdudiyyət qoymazlar. Həmçinin texnoloji alətlərlə bağlı məlumatı olmayan ata-analar bununla bağlı uşağına nəsə öyrədə bilməz və texnologiyanın yaxşısını və pisini göstərə bilməzlər. Belə halda texnoloji alətlərlə baş-başa qalan uşaq bir şəkildə onun təqdim etdiyi pis hallarla qarşılaşdığı zaman, əvvəlcədən nəyin pis, nəyin yaxşı olduğuna dair təlimatlandırılmadığı üçün, pisin cazibəsinə qapılacaqdır. Bu mənada baxanda, deyə bilərik ki, ata-analar uşaqların texnologiya ilə əlaqəsində müəyyən məhdudiyyətlərə riayət etməklə yanaşı, daha çox onları məlumatlandırmaq, düzgün təlimatlandırmaq barəsində məsuliyyət daşıyırlar.
ŞƏRHLƏR