Hesab gününə hazirliq görürükmü?
Hz. Ömərin (r.a) belə buyurduğu rəvayət olunur: “Ey İnsanlar! Hesab günü sorğu-sual edilmədən əvvəl nəfslərinizi sorğu-sual edin, (mizan tərəzisində) çəkilmədən əvvəl əməllərinizi çəkin! Böyük gün üçün hazırlıq görün! Hesaba çəkiləcəyindən qorxaraq bu dünyada öz nəfsini hesaba çəkən heç kimə o gün qorxu olmayacaq və hesabı yüngül olacaq!” (Tirmizi, Qiyamət, 25)
İnsan üçün ən böyük imtahan və dəhşət məhz ölüm anıdır. Ondan daha dəhşətlisi isə bu həqiqətdən qafil halda ömür sürmək, onu yaddan çıxartmaq və Haqqa layiq bir ömür yaşamamaqdır. Ağıllı insan heç vaxt ölümü yaddan çıxartmaz və ölümdən sonrası üçün daim hazırlıq içində olar. Bu həyatın fani olduğunu anlayar, dünyada yaşasa da, dünyəvi olmaz. Bu dünyada bir qərib kimi ömür sürər. Necə ki, başqa bir ölkədə qərib olan insan daim öz yurduna geri qayıtmaq fikri ilə yaşayar, bunun kimi, bir gün axirətə köçəcəyini, həqiqi yurduna dönəcəyini də heç vaxt unutmamalıdır.
Allah Rəsulu (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Ağıllı insan o şəxsdir ki, nəfsinə hakim olar, özünü daim hesaba çəkər və ölümdən sonrası üçün hazırlıq görər. Aciz isə günah və haramlar içində boğular, amma Allahın onu bağışlayacağını ümid edər”. (İbn Macə, Zöhd, 31)
Nəfsinə hakim olub, orta yollu bir həyat sürən, dünyaya, nəfsinə və şeytana əsir olmayan insan ağıllı və tam azad insandır. O daim ehtiyatla davranar, hər bir hərəkətində öncə Xaliqi, sonra məxluqu düşünər. Hal və hərəkətlərinə diqqət edər. Allahın haqlarına, bütün məxluqatın hüquqlarına ehtiramla yanaşar. Şeytanın və aldadıcı nəfsin arzu və istəklərinə əhəmiyyət verməz. Amma aciz insan bunun kimi deyildir. Aciz insan şeytanın, nəfsin və dünyəvi arzuların əsiri olmuş insandır. Bu əsarətdən xilas ola bilmir. Günahlardan uzaq dura bilmir. Özünü hesaba çəkmir. Hər zaman bir bəhanə tapır. Amma yenə də ümid edir ki, Allah onu bağışlayacaq.
Təbii ki, Uca Allah mərhəmət sahibidir, bağışlayandır, öz bəndələrini bağışlamağı sevir. Lakin Allah o bəndəsini bağışlayır və mərhəmət edir ki, bəndə öz günahlarını etiraf etsin, tövbə edib peşman olsun və bir daha o günahlara geri qayıtmasın.
İnsanın özünü hesaba çəkməsinin bir çox yolu və metodları var. Bəzilərini burada sadalamaq istəyirəm:
- Sadiq insanlarla oturub-durmaq, imanımızı gücləndirəcək dostlar seçmək.
- Qəbirləri ziyarət etmək, orada təfəkkürə dalmaq. Qəbri, qəbir sorğu-sualını, qəbrin insanı sıxmasını və qəbir əzabını düşünmək.
- Elm məclislərində, mənəvi söhbətlər aparılan məkanlarda iştirak etmək.
- Təhəccüdə (gecə namazına) qalxmaq, səhər vaxtlarında istiğfar, dua və zikrlə məşğul olmaq.
- Qurani-Kərimi çox-çox oxumaq və anlamağa çalışmaq. Halalını halal, haramını haram qəbul etmək, həyatını ona görə tənzimləmək.
- İnsanı qəflətə aparan yerlərdən və Allahı unutduran məclislərdən uzaq olmaq.
- Dilin daim Uca Allahın zikri ilə islaq olmasına çalışmaq.
- Heç vaxt özümüzdən, nəfsimizdən razı olmamaq, əksinə, onu tərbiyə etmək və Allahın iradəsinə boyun əydirməyə çalışmaq.
Uca Allah buyurur: “And olsun nəfsə, onu yaradıb surət verənə. Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)! Nəfsini günahdan təmizləyən nicat tapmışdır. Nəfsini günaha batıran isə ziyana düşmüşdür”. (əş-Şəms, 7-10)
Eyni zamanda insan özünü hesaba çəkərkən əvvəlcə Allahın əmrlərinə itaət edib-etmədiyinə fikir verməlidir. Ən başda fərz əməllər yer alır. Fərzlərdə (namaz kimi) hər hansı bir əskiyi varsa, onu tamamlamalıdır. Bundan başqa, qadağan olunmuş əməllərə baxmalıdır. Əgər bu əməllərdən hansısa birinə bulaşıbsa, dərhal tövbə edib ondan uzaqlaşmalıdır.
Həmçinin bədən üzvlərimizi də hesaba çəkməliyik ki, bu da çox mühümdür. Ayaqlarımız lazımsız yerlərə gedirmi? Əlimiz, barmağımız lazımsız şeylərə toxunurmu? Dilimiz yalan, qeybət, iftira və dedi-qoduya bulaşırmı? Gözümüzü naməhrəmə baxmaqdan və uyğunsuz mənzərələrdən çəkə bilirikmi? Qulağımızla qeybət, dedi-qodu, lazımsız musiqilər dinləyirikmi? Şəhvət duyğularımıza nəzarət edə bilirikmi? Zehnimiz, qəlbimiz günahlardan və haramlardan təsirlənib kirlənirmi? Burada da mövcud olan nöqsanlarımızı tapıb aradan qaldırmağa çalışmalıyıq.
Uca Allah bədən üzvlərimizin etdiyimiz günahlara şahidlik edəcəyini bildirir. Allah bizi bağışlasın; bu çox çətin bir mənzərədir. Hər zaman oxuduğumuz, hətta tez-tez oxuduğumuz bir surədə - Yasin surəsində Uca Allah belə buyurur: “Bu gün onların ağızlarını möhürləyərik. Qazandıqları günahlar barəsində əlləri danışar, ayaqları da şahidlik edər”. (Yasin, 65)
Böyük gün gəlmədən, böyük məhkəmə qurulmadan öncə özümüzü o günə hazırlayaq. O elə bir məhkəmədir ki, Hakimi də, əsas Şahidi də Uca Allahdır.
ŞƏRHLƏR