TƏBLİĞ HƏSSASİYYƏTİ
Peyğəmbərlərin xidmət və təbliğ həyatı bizim üçün çox böyük ibrətlər sərgiləyir. Bunlardan biri də Yunus peyğəmbərin həyatıdır. Yunus peyğəmbərin timsalında ilahi təlimatlara səbir göstərmək, son ana qədər təbliğ məsuliyyətini unutmamaq, əldəki fürsətləri son ana qədər haqq yolunu təbliğ üçün dəyərləndirmək çox mühüm qulluq borcumuzdur.
Yunus peyğəmbər (ə.s) Ninovada doğulub böyümüş və otuz yaşına çatanda Allah-Təala tərəfindən peyğəmbər kimi vəzifələndirilmişdi. İllərlə qövmünü imana dəvət etdi. Ninova əhalisi bütlərə və heykəllərə sitayiş edirdi və insanları çox zalım idilər. Yunus peyğəmbər tövhidə dəvət etməyə başladıqda ona yalnız iki nəfər iman etdi. Biri alim və hakim, digəri abid və zahid biri idi. Geri qalanlar isə alışmış olduqları atalarının dinindən dönmək istəmədilər. Hələ bununla kifayətlənməyib Yunus peyğəmbərə əzab-əziyyət verməyə başladılar.
Hz.Yunus (ə.s) onların etdiklərinə təhəmmül və səbir edir, onları yenə mərhəmətlə tövhidə dəvət edirdi. Allahın əzabının çətin olduğunu anladırdı. Onlar öz dilləri ilə əzab istəyincə Yunus peyğəmbər qövmünün inadkarlıq edərək bu qədər küfr etməsinə çox üzüldü. Daha bundan artığına səbir etməyib ilahi izni gözləmədən onların arasından ayrıldı.
Bu ayrılıq nə ilahi vəzifədən boyun qaçırmaq, nə də bu vəzifəni verənə etiraz etmək idi. Yalnız uca dəvətə tabe olmayan üsyankar bir qövmdən uzaqlaşmaq idi.
Yunus peyğəmbər qövmünün yanından uzaqlaşdıqdan sonra onlar çox peşman oldular və tövbə qapısına üz tutdular. Allah-Təala da Rəhman adına uyğun olaraq onların tövbələrini qəbul etdi.
İmansızlıqlarına görə həlaka düçar olub tövbə edərək qurtulan tək qövm Hz. Yunusun qövmüdür. Bu, ilahi lütfün başqa bir təcəllisidir və Yunus surəsinin bir çox ayəsi Rəhmanın rəhmətinin ilahi əzabdan daha çox olduğunu bəyan edir.
Yunus peyğəmbər qövmündən ayrıldıqdan sonra bu əməlinin qarşılığında başına balığın qarnına düşmək hadisəsi gəldi. Həzrət Yunus düşdüyü bu çətin və sıxıntılı şərtlərdə də həmişəki kimi Allah-Təalanı təsbih və zikr etməkdən geri qalmamağa çalışdı. Tövbə və dua ilə məşğul oldu. Mələklər onun vəziyyətindən xəbər tutduqda onun barəsində Allahdan şəfaət istədilər. Yunus peyğəmbər Rəbbini zikr etməsi, xətasını başa düşməsi və təvəkkülü sayəsində balığın qarnından qurtuldu.
Mühüm bir xüsusdur ki, Yunus peyğəmbər qövmünün həlakı üçün verilən qırx günlük möhlətə 37 gün səbir etmiş, üç günü gözləyə bilməmişdi. Bunun müqabilində Allah-Təala da onu balığın qarnında səbir etmək kimi böyük bir imtahandan keçirmişdi.
Haqq yolunda mübarizə aparanların səbirli, təmkinli və əzmli hərəkət etmələri lazımdır. Yunus peyğəmbər qövmündən son dərəcə bezar olduğu üçün, əzabın şiddətli olmasına görə ilahi vəhyi gözləmədən oradan ayrılmışdı. Bu isə bir baxımdan səbirsizlik və tələskənlik sayılırdı. Çətin vəziyyətdə olsa belə bu cür davranış onun üçün zəllə sayılmışdı.
Yunus peyğəmbərin qissəsindən alınacaq ibrətləri üç maddədə xülasə edə bilərik:
1) Təbliğdə həssaslıq, səbat və səbir göstərmək əsasdır.
2) Şərtlərdən və şəraitdən asılı olmayaraq zikr və tövbəyə davam etmək lazımdır.
3) İxlasla edilən tövbə qəbul edilir.
İnsan dünyada öz varlığını hiss etdiyi andan etibarən fərdi inkişafını unutmamalıdır. “Nəfsini bilən Rəbbini bilər” düsturu ilə hərəkətə keçərək özümüzü, ehtiyaclarımızı tanımalı, fərqinə varmalıyıq. Növbəti mərhələ isə ətrafımızdakı insanları aydınlatmaqdır.
Əvvəla hadisələrin özümüzlə əlaqəsini kəşf edərək, nələr edə biləcəyimizə diqqət etməliyik. Eşq ilə birləşən iman, vəcd ilə ifa edilən ibadət və davranış gözəlliyinə çatmağı bacarmalıyıq. Səhərlər bizim vəcd qaynağımızdır. Edilən araşdırmalarda səhərlər tez qalxan insanların özlərini daha enerjili, gümrah və xoşbəxt hiss etdiyi görülür. Günə tez başlamaq, edilməsi lazım olan işləri planlamaq insanlara özlərini daha rahat hiss etdirir. Tez qalxan insanlar gec qalxan insanlara nisbətən daha az depressiya riski daşıyır.
Yardımsevərlik şüuru və insanlara xidmət etmək ruh sağlamlığımızın qorunmasına da kömək edəcəkdir. Sədəqə bəlaları dəf edər. Sədəqə vermək surətilə üzərimizə ruzinin bolca enməsini təmin etməliyik.
Niyyətlərimizdə ixlas və istiqamət zəruridir. İxlasa çatmaq yolunda ehsan şüurundan istifadə etməyi də bacarmalıyıq. Bunun yolu isə daim ilahi müşahidə altında olduğumuzun fərqində olmaqdan keçir:
“De: “(İstədiyinizi) edin! Allah, Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir”. (ət-Tövbə, 105)
Təbliğ həyatında çəkdiyimiz sıxıntı və əziyyətlər isə bizim daha da inkişaf etməyimizə kömək edəcəkdir. Sosiallaşmaq xitabətimizi qüvvətləndirər və bizə özünəinam qazandırar. Söz söyləmə bacarığımızı artırar. Xidmət və təbliğ həyatı bizim üçün adətən qoruyucu həkim olar. Ruzilərimizin bərəkətlənməsi, mənəviyyatımızın daim güclü olması və ruhumuzun sağlamlığı bu dünyada nə qədər faydalı insan olmağımıza bağlıdır.
ŞƏRHLƏR