MÜQƏDDƏS TORPAQLARDA

MÜQƏDDƏS TORPAQLARDA

Arzusunda olduğum, illərdir həsrətini çəkdiyim mübarək yerləri görmək üçün səfərə niyyət etdim. Səfər üçün bütün hazırlıqlarımı gördüm və iki rükət səfər namazı qılaraq evdən çıxdım.

Səfərim elə bir yerə idi ki, danışdıqca bitməz, dinlədikcə insanın içindəki susuzluğu artar, özünü oraya aid bir parça kimi hiss edərsən. İllərdir kitablardan oxuduğum, şəkillərinə baxdığım, videolarda izlədiyim və gələn zəvvarlardan dinlədiyim müqəddəs torpaqlar! Dərslərimdə hər zaman Məscidi-Nəbəvini, Beytullahı işləyərkən necə də çətinlik çəkdiyim gözümün önündən getmir. Görmədiyim yerləri nə qədər gözəl anlatmağa çalışsam da, yenə də boşluq hiss edirdim. İndi həsrətində olduğum o gözəlliyi öz gözlərimlə görməyə gedirdim.

Proqrama əsasən ilk ziyarətimiz Peyğəmbər (s.ə.s) şəhəri Mədineyi-Münəvvərəyə oldu. Səfər əsnasında hər kəsin dilində zikr, əlində təsbeh yolumuza davam etdik. Bir müddət sonra pilot haram bölgəsinə girdiyimizlə bağlı məlumat verdi. Gözlər sevinclə aşağı boylanır, ürəklər həyəcanla döyünürdü. Ciddə şəhərinə eniş etdik. Uzaq görünən məsafələr hər keçən dəqiqə daha da yaxınlaşırdı. Ölkəmizdə 15-18 dərəcə isti olduğu halda Ciddədə 33-36 dərəcə isti vardı.  

Avtobusda yerimizi aldıq; avtobus Mədinə şəhərinə doğru hərəkətə başladı. Bələdçi mühüm yerlər barəsində məlumat verir, arxasınca da səsli şəkildə salavat oxuyaraq yolumuza davam edirdik. Nəhayət, Mədinəyə çatdıq. Qaldığımız oteldən Məscidi-Nəbəvinin işıqları görünürdü. Əşyalarımızı yerləşdirdikdən sonra Peyğəmbərimizi (s.ə.s) salamlamağa getdik. Elə böyük sevinc və həyəcan içərisindəydim ki, sanki yuxudaydım...

Dünyada hökm sürən pandemiya şəraiti Mədinədə də öz ağırlığını göstərirdi. İsti hava şəraitində dəfələrlə Rövzəyə girməyə niyyət və cəhd etdim. Nəhayət, bir gecə o müqəddəs məkana girmək, orada ibadət və dua etmək nəsibim oldu.

Növbəti günlərdə Mədinə şəhərində Baqi qəbiristanlığı, Uhud dağı, Quba məscidi, Qibləteyn məscidi, Xəndək məscidi və Xurma bağları kimi yerləri ziyarət etdik.

Üç günlük Mədinə proqramından sonra Beytullaha doğru səfərə çıxdıq. Ehramımızı geyindik. Miqat bölgəsinə girmədən Zülhüleyfə məscidində Niyyət namazı qıldıq və “Ləbbeyk Allahummə ləbbeyk, ləbbeykə la şərikə ləkə ləbbeyk, innəl-hamdə vən-ni`mətə ləkə vəl-mülk, la şərikə lək”, - deyərək yolumuza davam etdik.

Ehramın mənəvi ağırlığı olduğunu zəvvarlardan eşitmişdim və həqiqətən bunun şahidi oldum. Birinə bilmədən yüngülcə toxunmaq, ayağını tapdalamaq və buna bənzər davranışlar etdiyin zaman bunu unuda bilmirsən. Haqqına girdim, görəsən, halallıq verəcəkmi kimi düşüncələr insanı narahat edir və bir an əvvəl halallıq almaq üçün can atırsan.  

“Kəbəni ilk gördüyün an edəcəyin duanı Allah geri çevirməz” sözünü yol boyu düşündüm. Nə dua edəcəyəm, necə dua edəcəyəm və nə istəyəcəyəm deyə bir çox fikirlər keçdi ağlımdan.

Bələdçimiz Məkkə şəhərinə çatdığımızı bildirdi. Hər kəs pəncərəyə doğru boylandı və şəhəri seyr etməyə başladıq. Qalacağımız oteldə dəstəmazımızı yeniləyib ümrə ibadəti üçün Kəbəyə yola düşdük. Avtobusda bir ağızdan təkbir gətirməyə başladıq. Kəbəyə yaxınlaşdıqca oxunan təkbirlərin səsi daha da yüksəlirdi. İçəri daxil olduq. Elə bu an burnuma  gözəl bir qoxu gəldi. Bundan əvvəl heç vaxt bu qoxuyla rastlaşmamışdım. İnsanı rahatlaşdırdığı kimi, xoş bir həyəcan hiss etdirirdi. Bələdçimiz hər kəsə ayaq barmaqlarımızın uc hissəsinə baxmağı və “başınızı qaldıra bilərsiniz” deyilənə kimi bunu davam etdirməyimizi söylədi.

Qısa, sakit və həyəcan dolu yolçuluqdan sonra “başınızı qaldıra bilərsiniz” sözünü eşitdik.  Və o an...  Gözümün qarşısında Beytullahı gördüm; elə gözəl, elə parlaq və elə möhtəşəm bir görünüşü vardı ki, gözlərimi ala bilmirdim. Sakitcə sevincdən yaşarmış gözlərimlə Kəbəni seyr etməyə başladım. Hər zaman namazda Kəbəni gözümün qarşısında canlandırmağa çalışırdım. İndi həmin Kəbə qarşımda idi.  Kənarda olan səslər, danışıqlar uğultu kimi gəlirdi; sanki bədənimlə deyil, təkcə ruhumla seyr etməyə gəlmişəm. Qısa bir səssizlikdən sonra ilk duamı etməyə başladım: “Ya Rəbbi, bu günə kimi etdiyim və bundan sonra edəcəyim bütün dualarımı qəbul et, geri çevirmə!”.   

Təvaf sərhədinə çatdıq və “Bismillah, Allahu əkbər” deyərək ilk təvafımıza başladıq. Yeddi dövrənin necə bitdiyinin fərqində olmadım. Kəbənin hər tərəfi, hər bir küncü bir-birindən gözəl idi. Kəbəyə baxaraq təvafımı yekunlaşdırdım. Təvaf namazı qıldıqdan sonra ümrənin digər şərtlərini yeri yetirmək üçün davam etdim. Nə vaxt zəmzəm suyu içmək qismətim olurdusa belə dua edərdim: “Ya Rəbbi, yerində içməyi nəsib eylə”. Və artıq duam qəbul olmuşdu. Hələ də yuxu kimi gəlsə də, zəmzəm suyunu çıxdığı torpaqda içdim.

Növbəti günlərdə Məkkə şəhərində Mina, Müzdəlifə, Ərafat, Nur dağı kimi yerləri ziyarət etdik.  Müqəddəs torpaqlardan ayrılarkən böyük hüzn hissi yaşadım. Dəfələrlə çevrilib Kəbəyə baxdım, dilimdə bu dua vardı: “Ya Rəbbi, təkrar bu gözəlliyi görməyi və arsuzunda olan hər kəsə buraya gəlməyi nəsib eylə!”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz