ƏHSƏNÜL-QASAS
Uca Allah Qurani-Kərimdə əvvəlki Peyğəmbərlərin həyatlarından bizə misallar çəkərək onlardan ibrət almağımızı istəyir. Bu baxımdan xüsusilə Hz. Yusufun (ə.s) həyatı diqqətimizi daha çox cəlb edir.
“Yusuf” surəsi Həzrət Yusufun (ə.s) həyatından bəhs edən ibrətamiz lövhələrlə dolu, Quranın ən təfsilatlı qissəsidir. Heç də təsadüfi deyil ki, Uca Allah bu surədə Hz. Yusufun (ə.s) həyatından bəhs etməyə başlayarkən onu “qissələrin ən gözəli” mənasına gələn “əhsənül-qasas” adı ilə bizə təqdim edir.
Uca Allah ona yuxuların yozumunu öyrətməklə yanaşı, yetkinlik yaşına çatanda hökm və elm də verir. Ayədə qeyd edilən “hökm”dən məqsəd “hakim olmaq, Allahın kitabına uyğun və ədalətli qərar verə bilmək” xüsusiyyətidir. Bu, Allahın Yusuf peyğəmbəri seçməsinin və ona nemət bəxş etməsinin bir təzahürüdür. Qurani-Kərimdə belə buyurulur:
“Ən yetkin dövrünə çatdıqda ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!” (Yusuf, 22)
Həzrət Yusufun (ə.s) həyatında bu gün ibrət və nümunə götürəcəyimiz məqamlar çoxdur. Xüsusilə gənclərimiz öz nəfslərinə, şəhvani hisslərinə uymamaları baxımından Hz. Yusufun (ə.s) başına gələnləri oxuyub dərs çıxartmalı, ibrət almalıdır.
Qurani-Kərimin geniş bir şəkildə bəhs etdiyi kimi, Hz.Yusuf yetkinlik çağına gələndə evində qaldığı qadın, yəni ağasının xanımı Hz.Yusufdan (ə.s) ayənin ifadəsi ilə desək, “murad almaq” istədi. Bunun üçün hər cür şəraiti hazırlamışdı. Qapıları bağladı və doğru olmayan arzusunu gerçəkləşdirmək istədi. Hz.Yusufun (ə.s) burada verdiyi cavab iffətli bir möminin nümunəvi davranışıdır. Ayədə xəbər verildiyi kimi, o da qadını arzulasa da, belə haram bir hərəkət etməkdən imtina edərək Allaha sığındı. Allahın rizasına zidd olan çirkin hərəkətə yol vermədi. Həmin vəziyyətdə vəfalı və gözəl davranış nümayiş etdirərək qadına sahibini xatırlatdı. Ərinin qayğıkeş, xoş rəftar sahibi olduğunu yadına saldı. Hz. Yusufun (ə.s) bu xatırlatması onun nə qədər vəfalı olduğunun bir təzahürüdür. Bütün bunlar ayələrdə bu cür xəbər verilir:
“Evində olduğu qadın tovlayıb yoldan çıxartmaq istədi və qapıları bağlayaraq: “Di, gəlsənə!” – dedi. Yusuf isə: “Mən Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır. Həqiqətən, zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi. Doğrudan da ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi, ona meyl edərdi. Biz pisliyi və biabırçılığı ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!” (Yusuf, 23-24)
Ayədən də aydın olduğu kimi, Hz.Yusuf (ə.s) zinanın Allah dərgahında haram edildiyini bilirdi. Buna görə də harama yaxınlaşmamış və qadından qaçmağa çalışmışdır.
Allahın Hz.Yusuf (ə.s) üçün işlətdiyi “o da ona meyl salmışdı” ifadəsi bizə imtahanın mühüm bir sirrini öyrədir: bir möminin nəfsinin dinin haram buyurduğu şeylərə meyl etməsi mümkündür. Əsas məsələ bu istəyə boyun əyməməsi və Allahın sərhədlərini aşmamaq üçün iradəli hərəkət etməsidir. Əgər nəfsin istəkləri olmasaydı, onda imtahan da olmazdı.
Bu hadisədən sonra Yusuf peyğəmbərin hər mənada iffətli, zinadan çəkinən davranışlarına baxmayaraq, qadın Hz.Yusufa (ə.s) böhtan atdı. Vəzir olan ərinə Yusuf peyğəmbərin ona pis niyyətlə yaxınlaşdığını söylədi, cəzalandırılmasını tələb etdi. Lakin Yusuf (ə.s) verilən zindan cəzasına baxmayaraq, heç bir zaman bundan şikayətçi olmadı. Allaha güvəndi və Allah onun təmiz olduğunu yenidən ortaya çıxartdı.
Yusuf surəsinin sonuna doğru, qissənin axırında Həzrət Yusufun (ə.s) bu duası xüsusilə diqqətimizi çəkir: “Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” (Yusuf, 101)
Bu ayə o qədər əzab-əziyyətdən sonra Misirdə ad-san qazanan, ata-anasına qovuşan, qardaşları ilə barışan Həzrət Yusufun (ə.s) ən bəxtəvər vaxtında axirətin yamaclarına göz dikməsini və ölümü arzulamasını göstərir.
Quyuya atılarkən, ucuz bir əşya kimi satılarkən, kölə kimi işlədilərkən, iffətini qorumaq uğrunda böhtana düşərkən, cinayətkar kimi zindana salınarkən və zülmə məruz qalmaqla yanaşı, vətən, el-oba həsrəti ilə qovrularkən bircə dəfə də ölüm istəməyən və bununla yalnız risalət vəzifəsinə görə yaşadığını sübut edən Həzrət Yusuf (ə.s) dünyəvi imkanlara, ailəsinə, səadət və xoşbəxtliyə nail olduğu an Uca Allaha qovuşmağı diləyir. Deməli, dünyanın o üzündə dünyəvi səadətdən daha cazibədar bir səadət var və Həzrət Yusuf (ə.s) kimi həqiqətə aşina bir şəxs ləzzətli dünyəvi inkanlar içində çox acı görünən ölümü arzulayır ki, o biri, həqiqi xoşbəxtliyə qovuşsun.
Xülasə, insan Allahın onu hər an gördüyünü düşünərək ətrafındakıların təsirində qalmamalı, qəflətə düşməməli, dünya gözəlliklərinə aldanmamalı, şəhvani arzulara məğlub olmamalı və daim axirətini qurtarmaq düşüncəsi ilə hərəkət etməlidir.
ŞƏRHLƏR