NÜMUNƏVİ ƏXLAQ
Hər dövrün özünəməxsus qayğısı, dərdi və həyat tərzi vardır. Cəmiyyətlərin dəyişməsi intellektual baxış və səviyyələrin də dəyişməsini məcburi edir. Fəqət bəzi əsaslar var ki, bunlar zaman və dövran dəyişsə də, sabit qalmalıdır. Bunlara İslam məfkurəsində əxlaqi davranış qaydaları deyilir. Əxlaq anlayışının təməlləri sarsılmamalıdır. Bu mənada hər bir müsəlmanın əxlaqının ilham mənbəyi Qurani-Kərim olmalıdır. Çünki son peyğəmbər Həzrət Muhammədin (s.ə.s) əxlaq prinsipləri məhz Qurandan bəhrələnmişdir. Danılmaz bir həqiqətdir ki, milli-mənəvi, mədəni dəyərlərimizi formalaşdıran ən əsas dəyərlərin başında Hz. Peyğəmbərin (s.ə.s) əxlaq prinsipləri gəlir.
Dünyada gəlib-keçmiş və gələcək əxlaq nümunələrinin zirvəsi məhz Hz. Peyğəmbərin (s.ə.s) təsis etdiyi əxlaq prinsiplərindən keçir. Məşhur fiqh alimi Qərafinin “Hz. Peyğəmbərin (s.ə.s) heç bir möcüzəsi olmasaydı, sadəcə onun yetişdirdiyi əshabı (möcüzə kimi) peyğəmbərlik nişanəsi olaraq kifayət edərdi” sözünü bu aspektdən dəyərləndirmək lazımdır. Yəni o (s.ə.s), vəhşi cahiliyyə anlayışının kulminasiya nöqtəsini özündə əks etdirən cəmiyyəti gətirdiyi əxlaq anlayışı ilə “əsri-səadət”ə çevirmişdir.
Günümüzdə insanları və ələlxüsus gələcəyimizin təminatçıları olan gənclərimizi kapitalizmin caynağından qurtarmaq üçün yeganə resept, çıxış yolu İslam əxlaq anlayışını onlara aşılamaqdır. Övladlarımıza zəngin olmağı yox, vicdanlı olmağı öyrətməliyik. Əldə etdiyi müasir bilgiləri insanları öldürmək üçün yox, onların daha firavan və mehriban yaşaması üçün istifadə etməyi öyrətməliyik. Xoşbəxt dünyada yaşamaq istəyiriksə gənclərimizə naşükürlüyü deyil, şükür etməyi, qənaətcil olmağı aşılamalıyıq. Onları israf və istehlak xəstəliyindən qurtarmalı, əldə olanla xoşbəxt ola biləcəklərini göstərməliyik. Müasir mədəniyyət övladlarımıza paxıllığı, acgözlüyü, eqoizmi, riyakarlığı, qəfləti sırıyır. Biz isə onları bu qandallardan qurtarmaq üçün comərdliyi, qayğıkeşliyi, fədakarlığı, səmimiyyət və ixlası, təfəkkürü öyrətməliyik. Bəs necə?
Allah insanlara hər dövrdə “insan” kimi yaşamaq üçün Qurani-Kərimi göndərmişdir. Quranı mərkəzə alaraq qurulan hər cəmiyyət xoşbəxt olmaq məcburiyyətindədir. Çünki bu həqiqəti biz Hz. Peyğəmbərdə (s.ə.s) və onun yetişdirdiyi cəmiyyətdə görürük. Odur ki, insan üçün əsas nümunə Hz. Peyğəmbər (s.ə.s) və onun həyat tərzi olmalıdır. Bu bir Quran buyruğudur. Uca Allahın bu ayəsini hər bir müsəlman qulağına sırğa etməlidir: “Həqiqətən, Allah Rəsulunda Allaha və axirət gününə ümid bəsləyib Allahı çox zikr edən sizlər üçün gözəl bir örnək vardır”. (əl-Əhzab surəsi, 21)
Elmi cəhətdən isbatını tapan bir həqiqət var ki, insan hər sahədə nümunə şəxsiyyətə ehtiyac hiss edir. İnsan bütün fikir, inanc və digər sahələrdəki fəaliyyətlərini daim ona göstərilən nümunələr və onlardan əldə etdiyi təsirlərlə meydana gətirir. Bu baxımdan müsəlman bir fərd üçün hər sahədə təqlid ediləcək şəxsiyyət Hz. Peyğəmbər (s.ə.s) olmalıdır. Çünki həyatının hər bir anı bütün incəlikləri ilə tədqiq edilən yeganə şəxsiyyət Hz. Peyğəmbərdir (s.ə.s). O (s.ə.s) hər bir müsəlmana həyatının hər dövrü üçün, hər baxımdan müstəsna gözəllik və kamillik sərgiləmişdir. Odur ki, bütün insanlar Hz. Peyğəmbərin həyat tərzində özünə nümunə ala biləcək davranışlar tapa bilər.
Hz. Peyğəmbər (s.ə.s) bir hədisdə “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim”, - buyurmuşdur (İmam Malik, Muvatta). Bu onu ifadə edir ki, ən nümunəvi əxlaq prinsipləri təkcə ona məxsusdur. O elə bir əxlaq nümunəsi idi ki, ona inanmayanlar belə onu tərifləyirdilər. Məsələn: Fransız inqilabının əsaslarını hazırlayan Lafayet bütün hüquq sistemlərini tədqiq etmiş və İslam mədəniyyətinin bənzərsizliyini görərək belə demişdi: “Ey Muhamməd! Ədalətdə elə bir zirvəyə çatmısan ki, heç kim bu günə qədər o zirvəyə çata bilməmiş və bundan sonra da çata bilməyəcəkdir!”. Eyni şəkildə Hollandiyanın Lahey şəhərində toplanan elm adamları dünyanın yüz böyük adamını müəyyənləşdirmiş və hamısı xristian olan seçicilər birinci yeri Hz. Peyğəmbərə (s.ə.s) vermək məcburiyyətində qalmışdılar. Çünki onun gətirdiyi həyat prinsipləri vəhylə şəkillənmişdir.
Hz. Peyğəmbərin (s.ə.s) örnək əxlaqından lazımınca istifadə edə bilmək üçün könül aləmi (mənəviyyatımız) kamilləşməlidir. Çünki əl-Əhzab surəsinin 31-ci ayəsində qiyamət günündən qorxanlar və Allahı çox zikr edənlər üçün Onun (s.ə.s) nümunə olduğu qeyd olunmuşdur. Odur ki, Hz. Peyğəmbəri (s.ə.s) özümə nümunə alıram demək kifayət deyil, onun həyatını yaxından tədqiq etmək, ona bənzəməyə çalışmaq, onun kimi əxlaq timsalı olmaq üçün səy göstərməli, fədakarlıqlar etməlidir, insan.
“Məni Rəbbim tərbiyə etdi və tərbiyəmi də gözəl etdi” deyən bir peyğəmbərə sahib olan ümmətin ədəb, əxlaq baxımından heç bir problemi olmamalı, əksinə, bütün dünyaya nümunə olmalıdır.
ŞƏRHLƏR