SÜLEYMAN KİMİ

SÜLEYMAN KİMİ

Qurani-Kərimin anlatdığı, tələb etdiyi yüksək əxlaqi keyfiyyətləri sadə bir nəzəriyyə, tövsiyə, nəsihətdən ibarət zənn ediriksə, yanılmış olarıq. Bildirilən bu əməllər əlçatmaz deyil. Əksinə, bunlar Allah-Təalanın peyğəmbərləri və saleh bəndələri tərəfindən isbat edilmiş, yerinə yetirilmiş əxlaq nümunələridir. Biz iman edirik ki, Allah Azzə və Cəllə gücümüz çatmayan keyfiyyətlər ilə bizi məsul tutmur. Onun bütün imtahanı isə bizim həyatımızın hər mərhələsində yer alır. Geyim tərzləri, şəhəvi xüsusiyyətlər, ailə, qonşu, qohumluq münasibətləri, eşq, əyləncə, təhsil, iş, əmək sərfiyyatı, qazanc, mal-mülk sevdası və sair həyat standartları ilahi nizam və müşahidə ilə meydana gəlir. Həyat ssenariyamızın müəllifi olan Uca Allah bizi imtahan edərkən nəyə gücümüzün çatıb-çatmayacağını öz geniş ədaləti və mərhəməti ilə ölçməkdədir. Bizdən tələb olunan ilahi əsaslar isə sadəcə dünyada fitrəti pozmadan təmiz bir həyat yaşamaqdan ibarətdir. Hədisi-şərifdə buyurulur:

“Allah-Təala Cənnəti yaratdığı zaman Cəbrayıla buyurdu:

- Get, ona  bax! 

Cəbrayıl əleyhissalam gedib baxdı və dedi:

- Ey Rəbbim, izzətinə and olsun ki, onu (Cənnətin ehtişamını) eşidib ora­ya girməyən qalmaz!

Sonra Allah onun ətrafını (nəfsə ağır görünənlərlə) bürüdü və:

- Ey Cəbrayıl, get bir daha bax, - dedi. Gedib ona bir daha baxdıqdan sonra gəldi və dedi:

- Ey Rəbbim,  izzətinə and olsun ki, oraya kiminsə girə bilməyəcəyindən qorxmağa  başladım.

Sonra Allah Cəhənnəmi yaratdı və buyurdu:

- Ey Cəbrayıl, get, ona bax!

Cəbrayıl (ə.s) gedib baxdı. Sonra gəlib:

- Ey Rəbbim, Sənin izzətinə and olsun, bunu eşidən heç kim oraya girməz, - dedi.

Uca Allah Cəhənnəmin ətrafını şəhvətlərlə bürüdü, sonra da:

- Ey Cəbrayıl, get, ona bir daha bax, - buyurdu.

Cəbrayıl (ə.s) baxdı və dedi:

- Rəbbim! İzzətinə and olsun ki, hər kəsin oraya girməsindən qorxmağa başladım!” (Buxari, Riqaq, 28; Müslim, Cənnət, 1; Tirmizi, Sifətül-Cənnət, 21)

Yuxarıda keçən hədisdən Cənnətə girməyin çətin görünməsinə baxmayaraq əmrləri yerinə yetirən kəslər üçün asan olduğunu, Cəhənnəmə girməyin isə asan görünməsinə baxmayaraq pul-para xərcləmək hesabına, vicdanından uzaqlaşaraq, kimlik və dəyərlərini itirən kəslər üçün məşəqqətli bir yol olduğunu müşahidə edə bilərik.

İdarə etdiyi səltənətə, geniş mal-mülkə, ehtişamlı orduya, hüdudları geniş torpaqlara sahib olan Hz. Süleymanı (ə.s) dünyada mülk sahibi olduğu halda Allahın rizasına çata bilən qullar arasında başda zikr etmək yerinə düşər. Dünyada əldə olunan maddi nemətlər çox zaman azdırıcı mahiyyətdə nəzərə çarpsa da, bu qədər vara sahib olanlardan bəzisi ən yüksək əxlaqi keyfiyyətlərə də sahib ola bilməkdədir. İnsanlıq tarixinə baxdığımız zaman görürük ki, Hz. Süleyman (ə.s) bunu əməlləri ilə isbat edən şəxsiyyətlərdəndir. Quran qissələrində daim texniki məsələlərə diqqət yetirib, möcüzəvi yönü olan və olarmı-olmazmı deyə üzərində mübahisələr olan qeyri-adi hadisələri öyrənməyə çalışırıq. Ancaq keyfiyyətli vəsflərə sahib olan Süleyman (ə.s) və onun qurmuş olduğu sistem kimi həyat tərzimiz baxımından mühüm mövzular çox zaman diqqətdən kənarda qalır. Əslində Rəbbimiz sanki bizə məhz bunu nümunə verərək: “Süleyman qulumun etdiyini siz də bacarar və edə bilərsiniz!” - deyir. Hər çağın elm və irfan əhli bu qissənin mesajını zamanının gözəl nümunəsi timsalında insanlara çatdıra bilər.

  Mədəni əxlaq ilahi əmr və keyfiyyətləri əhatə edən bir toplumda kökdən var olmaqda, bu yönü əskik olan cəmiyyətdə isə qismən maddi imkanlar çoxaldıqdan sonra şəkillənməkdədir.

Günümüzün kapitalist, zəngin və “inkişaf etmiş” ölkələrinə nəzər yetirsək, görürük ki, onlarda var olan maddi zənginliklər hansısa Afrika ölkələri, üçüncü dərəcəli müsəlman xalqlar, yaxud da bunun kimi yeraltı və yerüstü sərvətləri olduğu halda əzilərək öz sərvətindən istifadə edə bilməyən toplumlar sayəsində meydana gəlmişdir. Təəssüf ki, bu gün “mədəniyyət” deyəndə təkcə zalımlaşdığı halda sülhdən, insanlıqdan, insan haqlarından dəm vuran modern çağın inkişaf etmiş bu xalqları nəzərdə tutulur.

Hz. Süleyman haqqında olan Quran qissəsi bizə Süleymanın ədalətindən, Haqqa müti olmasından, xalqını necə gözəl inkişaf etdirməsindən, zənginliyi Allah yolunda sərf edərək dünya və axirət səadətinə xalqı ilə bərabər qovuşmasından bəhs edir. Onun mala-mülkə olan sevdasının əslini Sad surəsinin 32-ci ayəsində görürük. Ayədə belə buyurulur: “Bu zaman o: “Həqiqətən, mən mal-mülk sevgisini Rəbbimi zikr etmək üçün istədim”, - dedi”.

Dünya mülkü Allahı zikr etmək üçün deyilsə, bir müsəlman bununla Allahın rizası xaricində nəyi əldə etmək istəyər ki?! Mülkü ilə Allah yolunda olan, Onun sevgisini əldə edə bilən birisi üçün ətrafındakıları yenə Allah yoluna dəvət etməkdən daha zövqlü nə ola bilər?!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz