BİR AYƏ

BİR AYƏ

 بسم الله الرحمن الرحيم

هُوَ الَّذِي جَعَلَ الشَّمْسَ ضِيَاءً وَالْقَمَرَ نُورًا وَقَدَّرَهُ مَنَازِلَ لِتَعْلَمُوا عَدَدَ السِّنِينَ وَالْحِسَابَ مَا خَلَقَ اللَّهُ ذَٰلِكَ إِلَّا بِالْحَقِّ يُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ

“Günəşi işıqlı, ayı parlaq edən, illərin sayını və hesabı bilməyiniz üçün aya mənzillər təyin edən Odur. Allah bunları haqq olaraq yaratdı. O, bilib düşünən bir qövm üçün ayələri açıq şəkildə izah edir”.  (Yunus, 10/5)

Allah-Təala yer üzünü, günəşi, ayı və səmanı yaratmış, hər birini özünəməxsus bir nizama salaraq onlara fərqli xüsusiyyətlər bəxş etmiş və insan oğlunun istifadəsinə vermişdir. Bu ayeyi-kərimədə yer üzünü aydınladan Günəş və Ayın insan həyatında çox mühüm yer tutduğu və böyük nemət olduqları vurğulanır. Çünki yer üzündə onlarsız həyat namümkündür. Eyni zamanda ayədə Günəş və Ayın batmasının, eləcə də Ayın formasını dəyişməsinin insanların təqvim hazırlamasına, gün, ay və illəri hesablaya bilmələrinə yardım etdiyinə işarə edilir. Bunun nəticəsində də insanlar tarix boyunca işlərini bir plan daxilində görmüş və həyatlarını nizamlamışlar.

Onu da qeyd edək ki, ayədə yer alan “Aya mənzillər təyin edən Odur” ifadəsindəki “mənzil” kəlməsi ilə Ayın fazaları nəzərdə tutulur. Belə ki, bu fazalar Yerdəki müşahidəçinin gördüyü Ayın görünən üzünün Ayın tam səthinə nisbətini göstərir. Ay Yer kimidir, yəni özü işıq şüalandırmır, səthinə düşən Günəş şüalarını əks etdirməklə işıqlanır. Bu səbəbdən, Ayın Yer və Günəşə görə mövqeyindən asılı olaraq müəyyən bir hissəsi işıqlı, qalan səthi isə qaranlıq görünür. Hicri təqvim (ay təqvimi) də Ayın bu mənzillərinə görə hesablanır.

Buna görə də insan oğlu dərk etməlidir ki, kainatın sahibi olan Uca Allah heç bir şeyi boş yerə yaratmamışdır və bütün bu nemətlərə görə o, haqq-hesaba çəkiləcəkdir. Necə ki, digər bir ayədə Allah-Təala: “Biz göyü, yeri və onların arasındakıları boş yerə yaratmamışıq. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin cəhənnəmdəki halına!” (Sad, 38/27) – buyuraraq bu həqiqətə diqqət çəkir. Əgər insan oğlu ağıl nemətini düzgün və yerində istifadə edə bilsə, kainatın və həyatın mənasını dərindən dərk edə bilər. Nəticədə o, Allaha iman etməyə aparan güclü dəlillər və ya imanını gücləndirəcək sağlam sübutlar əldə edə bilər. Elm və texnologiya inkişaf etdikcə Allah-Təalanın xəlq etdiyi qüsursuz kainatın sirləri bir-bir ortaya çıxır və Uca Yaradanın qüdrəti daha yaxşı anlaşılır.

Ayənin sonunda Allahın xəlq etdiyi bütün bu varlıqların heç birinin əbəs yerə yaradılmadığı xatırladılır və insanların bu nemətlər barəsində dərindən düşünmələri, onları araşdırmaları və buna görə Uca Allaha şükür etmələri gərəkdiyi bildirilir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz