KİŞİLƏR VƏ QADINLAR
İnsanın istəkləri öz hüdudlarını müəyyən etmədiyi təqdirdə sonsuz və sonsuz olduğu qədər də təhlükəyə meyillidir. Son dövrlərdə qadın-kişi münasibətlərindəki gərginliklərin artması, cinslər arasındakı yadlaşma və cinsi doyumsuzluq hisslərinin daha çox müşahidə edilməsi bir çox psixo-sosial səbəblərin varlığından xəbər verir.
“Kişilər Marsdan, qadınlar Veneradandır” deyirlər. Belə baxanda iki fərqli dünyanın insanının bir araya gəlməsi mümkünsüz görünür. Ancaq bu heç də belə deyil. Fərqli dünyalardan olsalar da, bir dünyada mehriban yaşaya biləcək qədər yaxındırlar, əslində. Yetər ki, bir-birinin dünyalarından agah olsunlar və qarşılıqlı istəklərinə cavab verə bilsinlər. Qadın və kişilər bir-birindən fiziki və psixoloji olaraq fərqlənsələr də, onlar bir bütünün ayrı-ayrı parçalarıdır. Belə demək mümkündürsə davamlı olaraq kişilər qadınlara, qadınlar da kişilərə möhtacdır. Son dövrlərdə “qadınlar kişilərə möhtac deyildir” kimi feminist düşüncələr olsa da, bu, tamamilə absurddur.
Möhtac olmaq anlayışı sadəcə maddi ehtiyaclar zəminində dəyərləndirilməməlidir. Ehtiyac iyerarxiyası mənəvi müstəvidə də özünü göstərir. Hadisəni obyektiv dəyərləndirdiyimiz zaman görürük ki, qadınlar kişilərə nə qədər ehtiyac duyurlarsa, kişilər də eyni dərəcədə qadınlara ehtiyac duyur. İki fərqli cinsin birlikdə olması nəticəsində yeni bir fərdin dünyaya gəlməsi bu işin nə qədər əhəmiyyətli olmasının bariz nümunəsidir. Tək əldən səs çıxmadığı kimi, tək cinsdən də yeni fərd ortaya çıxmaz. Bu mənada ideoloji olaraq cinslər arasında uçurumların yaradılması, cinsi ehtiyac zəminində heteroseksual münasibətlərin göz ardı edilərək homoseksuallığın təşviq edilməsi həm fərdlərin, həm də cəmiyyətin zərərinə xidmət edir.
Qadın-kişi münasibətindəki keyfiyyətin artırılması birbaşa iki fərqli cisin müxtəlif hadisələr qarşısında sərgilədikləri müxtəlif reaksiyaları anlayışla qəbul etməkdən başlayır. Bununla birlikdə bu münasibətin davamlılığını təmin edəcək bir neçə faktor da öz sözünü deməkdədir. Bu faktorların birincisi seçim mərhələsidir. Bu mərhələdə cinslər özlərinə fərqli kriteriyalarla tərəf müqabili seçir. Kimisi fiziki gözəlliyə diqqət edərkən, kimisi də əxlaq, din, təhsil və maddi imkanı kriteriya olaraq qəbul edir. Daha sonra qurulan münasibətdə ən önəmli rolu zaman oynayır. Zaman keçdikcə münasibət inkişaf edir, zənginləşir və ya tam tərsi olur.
Adına sevgi dediyimiz duyğu isə əksər hallarda fərdlər arasındakı ülvi hissləri özündə əks etdirir. İlk görüşdən aşiq olduğunu, dəlilər kimi sevdiyini, sevdiyi üçün də hər şeydən vaz keçə biləcəyini iddia edir insan. Sevgi iki fərdi bir-birinə yaxınlaşdıran sehrli bir duyğudur. Bu duyğunun ömrü isə insandan insana dəyişir. Qadınlarda adətən bu duyğunun ömrü uzun, kişilərdə isə daha qısa olur. Bunun da əsas səbəbi qadınlarda kişilərə nisbətən romantik duyğulara meyilliliyin yaradılış etibarı ilə daha çox olmasıdır. Yeni ailə qurmaq istəyən iki fərd arasındakı sevgi duyğusu nə qədər çox olarsa onların qurduqları ailənin də ömrü bir o qədər uzun olar. Çünki sevgi insana sevdiyinin sevdiyi şeyləri sevməyi öyrədir. Ailə fərdləri arasında sevginin meydana gətirdiyi empatiya duyğusunun səviyyəsi artdıqca həmin ailədə xoşbəxtlik duyğusunun da səviyyəsi artır.
Sevgi duyğusundan sonra ikinci ən önəmli məsələ cinsi ehtiyacın təmin edilməsidir. Yaradılış etibarı ilə nəslin artırılmasına xidmət edən bu ehtiyac iki fərqli cins arasında xüsusi zövq zəminində baş tutur. Ailədə bir-birini düzgün anlamayan, ilkin mərhələdə sevgi münasibətlərində problemlər olan cütlüklər cinsi münasibətlərində də problemlə qarşı-qarşıya qalırlar. Bu mənada yeni qurulan ailələrdə sağlam nəsillərin yetişdirilməsi üçün doğru cinsi münasibətlərin olması mütləq şəkildə şərtdir. Son dövrlər eyni cinslər arasında baş tutan yanlış evliliklərdə zövq mərkəzli münasibətlər baş tutsa da, gələcək nəsillərin yetişdirilməsi və əxlaqi prinsiplər tamamilə gözardı edilməkdədir. Bu münasibətlər istər dini, istərsə də əxlaqi prinsiplərə ziddir və qəbuledilməzdir.
Evliliyin ilk üç ilindən sonra isə adət və səmimiyyət mərhələsi başlayır. Fərqli ailələrdə böyüyüb boya-başa çatan iki insan üç illik müddətdən sonra artıq bir-birilərinə alışmağa və doğmalaşmağa başlayır. Əgər həmin insanların əvvəlki mərhələlərdəki sevgi və cinsi münasibətlərində hər hansı bir problem olmayıbsa onların doğmalaşma prosesi daha sürətli baş verir. Biri digərinin yoxluğunda özünü tənha hiss edir və davamlı olaraq onun varlığına ehtiyac duyur. Adət və səmimiyyət mərhələsi əvvəlki mərhələlərin yaşlılıq dövründə azalması ilə azalmır, əksinə, daha da möhkəmlənir.
Son olaraq unutmayaq ki, sevgi hissi ilə başlayan münasibət cinsi istəklərlə davam edir və doğmalaşma mərhələsində ən ali dövrünü yaşayır. Digər qeyri-təbii münasibətlərdə isə qeyd etdiyimiz müsbət psixoloji hallar baş vermir, əksinə, bu yanlış münasibətlər depressiv vəziyyətləri çoxaldır və fərdləri mənəvi böhrana məruz qoyaraq intihara sürükləyir.
ŞƏRHLƏR