HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 10
Hüdayi həzrətləri buyurur:
Eydi-ədhaya ərişdirdin bizi,
Sənə çox həmdü-şükürlər ey Kərim!
Zövqü-əlaya ərişdirdin bizi,
Sənə çox həmdü-şükürlər ey Kərim!
“Ey Kərim olan Rəbbimiz! Bizi Qurban bayramına, o ali zövqə nail etdiyin üçün Sənə bol həmd və şükürlər olsun!”
Allah-Təalanın biz aciz qullarını istər Ramazan, istərsə də Qurban bayramına qovuşdurması həqiqətən həmd və şükrü vacib qılan ilahi ehsandır. Hər xüsusda olduğu kimi, bu böyük nemətlərin də şükrü yalnız dil ilə ifa edilə bilməz. Onun qəlbi və feli şükrünü də əda etmək lazımdır.
“Hər nemətin şükrü öz cinsindəndir” kəlamına görə əvvəla Qurban bayramının hikmət və ibrətlərinə qəlbən yönələrək bu mübarək bayramın əhyası üçün lazım olan cəhd və fədakarlıqları felən sərgiləmək, xüsusilə hüznə qərq olan ürəklərə də bayram sevinci yaşada bilmək çox mühümdür.
Hüdayi həzrətləri Qurban bayramının gerçək məna və həqiqətini belə xülasə edir:
Eydi-əkbər, eydi-ədhadır bəyim!
Eydi-ula qurbi-Mövladır bəyim!
“Ən böyük bayram qurban bayramıdır, ən ali bayram da Mövlaya yaxınlıqdır!..”
Qurbanın əsl mənası və əsas qayəsi edilən fədakarlıqlarla Allaha yaxınlığımızı artırmağa çalışmaqdır. Allah-Təalaya ən yaxın qullar isə Onun nəzərində ən dəyərli olan təqva sahibləridir.[1] Yəni Haqq-Təalanın riza və məhəbbətindən məhrum qalmaq qorxusu ilə;
- Nəfsaniyyətdən uzaqlaşıb ruhaniyyəti inkişaf etdirən,
- Haramlardan həssaslıqla çəkinən,
- Saleh əməllərə böyük eşq, vəcd və həvəslə can atan müttəqi qullardır.
Oruc ibadətinin fərz qılındığını bildirən ayədə “لَعَلَّكُمْ تَتَّقُونَ : bəlkə təqvaya çatasınız”[2] buyurularaq bu ibadətin qəlbə qazandıracağı əsl xislət olan təqvaya işarə edildiyi kimi, qurban ibadətində də əsl məqsədin təqva ilə Allah-Təalaya yönəlmək olduğu ayeyi-kərimədə belə bəyan edilir:
“Onların nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır. Beləcə, onları sizin xidmətinizə verdik ki, sizi doğru yola yönəltdiyi üçün Allahı uca tutasınız. Yaxşı əməl sahiblərinə müjdə ver!”. (əl-Həcc, 37)
Həzrət Mövlana ayeyi-kərimədə bildirilən həqiqətlərdən yola çıxaraq bu hikmətli nəsihəti edir:
“Keçinin kölgəsini qurban etməyə qalxma!
Qurbanın həqiqətini dərk et ki, onu ət bayramı zənn etməyəsən!
Qurban kəsməkdən əsl məqsəd Allaha təslimiyyət və təqva ilə qulluqdur”.
Yəni qurban edilən heyvanın əti-sümüyü kölgə varlıqdır; əsas olan onun ifadə etdiyi mənadır. Qurban fədakarlığın simvoludur. Əsas məsələ könüldəki taqva hissinin fədakarlıqlar surətində təzahür etməsidir.
Ramazan bayramı oruc, riyazət və təqva ilə keçirilən bir ayın ardından lütf edilən sevinc günləri oldu. Qurban bayramı da lazım gəldikdə Allah üçün candan, maldan və bütün imkanlardan fədakarlığın bir şəhadətnaməsidir.
Hüdayi həzrətləri Qurban bayramının ilahi şəhadətnaməsinə yalnız fədakarlığımız nisbətində nail ola biləcəyimizi belə dilə gətirir:
Canın bu yolda xak edər,
Varlıq hicabın çak edər,
Qəlbi sarayın pak edər,
Sultana ərmək istəyən…
Hər kim dilərsə bula Yar,
Varlığını eylər nisar,
Canın verir İsmail-var,
Qurbana ərmək istəyən…
“Haqqa qovuşmaq istəyən bu yolda canını xak ilə yeksan / yerlə bir edər, varlıq və mənlik örtüsünü yırtıb atar, könül sarayını Allah-Təalanın razı olmadığı hər şeydən təmizləyər.
Çünki hər kim Uca Yara qovuşmaq istəyərsə, səxavətlə varını, yoxunu Onun yolunda xərcləməlidir. Qurbanın əsas mənası olan Haqqa yaxınlığa nail olmaq istəyən kəs Həzrət İsmayıl u kimi canını verməyi belə gözə almalıdır”.
Allah-Təala onunla “qurbət (yaxınlıq) və dostluq” iqliminə nail ola bilməyimiz üçün biz qullarından “qurbanlar” istəyir. Yəni canımızla, malımızla və bütün imkanlarımızla rizası yolunda “fədakarlıq” etməyimizi istəyir.
“Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə “birr”ə (yəni iman, əməl və əxlaqda xeyrin kamal zirvəsinə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir”. (Ali-İmran, 92)
Peyğəmbərlərin, əshabi-kiramın, Allah dostlarının həyatına baxanda hər birinin nə qədər böyük fədakarlıq yarışına girdiyini görürük. Xüsusilə də canı, malı və övladı ilə sınağa çəkilərək Allahın Xəlili / dostu olan İbrahim u və Allah üçün böyük bir təslimiyyətlə canını ortaya qoyan oğlu İsmayıl u-ın müqəddəs xatirəsi həcc və qurban ibadətləri ilə qiyamətə qədər gələcək bütün möminlərə fədakarlıq üfüqünü göstərir.
Çünki Allaha yaxınlaşmağın ən mühüm yolu fədakarlıqdır. Ayeyi-kərimədə belə buyurulur:
“Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır”. (ət-Tövbə, 111)
Əsas həyat olan axirətin əbədi bir bayram kimi yaşanmasını arzu edən bir mömin fani həyatını qurban bayramlarının təlim və təlqin etdiyi fədakarlıq üfüqündə yaşamağa çalışmalıdır. Lazım gəldikdə canını və malını Allah yolunda səfərbər etməyi ən böyük nemət və ləzzət bilməlidir. Allah üçün bir fədakarlıq etdiyi zaman sevinməli, bundan məhrum qaldıqda isə hüznə qərq olmalıdır.
Elə isə bu həqiqətlər işığında öz halımıza nəzər salaq:
- İbadət, müaməlat, əxlaq, xeyir-həsənat, saleh əməl, təbliğ və irşadda, xüsusilə də övladlarımızın mənəvi təhsil və tərbiyəsində, İslamın inkişafı üçün həyata keçirilən hər bir xidmətdə Həzrət İbrahim, Həzrət İsmayıl və Həzrət Həcər L-ın göstərdikləri fədakarlıq, təvəkkül, təslimiyyət, itaət və riza halından nə qədər nəsibimiz var?
- Bizi iman, əxlaq və fəzilətdən uzaqlaşdırmaq, o cümlədən saleh əməllərdən, xeyir-həsənatdan, comərdlik və fədakarlıqdan uzaqlaşdırmaq istəyən, xülasə, bizi ilahi rizadan və cənnətdən məhrum etməyə çalışan şeytan və təmsilçilərini daşlaya bilmək iradəsini nə qədər sərgiləyə bilirik?
- Haqq-Təalanın bizə nümunəvi şəxsiyyətlər kimi lütf etdiyi peyğəmbərlər, səhabeyi-kiram və Allah dostları canları, malları və övladları ilə imtahanda - nəyin bahasına olursa olsun - Allahın əmrinə itaət və təslimiyyət göstərdikləri halda biz kiçicik dünya mənfəəti uğrunda əbədi istiqbalımızı təhlükəyə atırıqsa, necə Allaha yaxın qul ola bilərik? Halbuki Allah-Təala: “Allah yolunda infaq edin! Öz əllərinizlə özünüzü təhlükəyə atmayın!..” (əl-Bəqərə, 195) deyə xəbərdarlıq edir.
- Allah yolunda qarşılaşdığımız çətinliklərə səbir və riza ilə sinə gərməsək, qurbanın fədakarlıq şüuruna özümüzü necə layiq görə bilərik?
- Uhud döyüşündən sonra düşməni təqib etmək əmri verildikdə yarası yüngül olan səhabə ağır yaralını kürəyində daşımaq bahasına “Allah Rəsulunun əmrini yerinə yetirməkdən geri qalmayaq” dediyi halda;
Ayağı yer tutmayacaq qədər xəstə bir səhabə iki nəfərin qoluna girərək məscidə gedib camaat namazından məhrum qalmamağa çalışarkən;
Biz heç bir üzrümüz olmaya-olmaya məsciddən, camaatdan, Allah yolunda çalışmalardan uzaq dururuqsa, Allah və Rəsulu üçün ağzımızdan çıxan “Canım qurban olsun, Sənin yoluna!” kimi sevgi iddialarının nə əhəmiyyəti ola bilər?!
- Qarşılaşdığımız bütün ilahi sınaqlarda imanımız bütün varlığımızı ardınca sürükləyib aparmalı olduğu halda, “Amanın günüdür, narahat olmayaq, kefimiz pozulmasın, dünyəvi mənfəətimiz zərər görməsin…” deyərək imanımızdan və qulluğumuzdan güzəşt ediriksə, “qurban məktəbi”nin “fədakarlıq dərsləri”ndən məqbul qiymət alacağımızı necə düşünə bilərik?
Yenə də təfəkkür edək:
- İmanımızın və dini mücadiləmizin səviyyəsi bizi Rəbbimizə yaxınlaşdıracaq keyfiyyətdədirmi? Yoxsa nəfsani, şeytani və dünyəvi cazibələrin təsiri ilə yaradılış qayəmiz olan qulluqdan uzaq qalırıq?
- Haqqa yaxınlıq üçün müstəsna fürsət bilərək saleh əməllərlə əhya etməli olduğumuz Qurban bayramını cəmiyyətimizdəki qafillərin axınına qapılaraq nəfsani rahatlıq və əyləncələrə həsr edilmiş bir tətil fürsəti kimi görmə qəflətinə biz də sürüklənirikmi?..
Hüdayi həzrətləri buyurur:
Bayrama ol aşiq ərər,
Kim Haqq camalını görər,
Dost bəzminin zövqün sürər,
Pür nur olar dil xanəsi…
…
Bir aşiq ərişsə Sana,
Ol eydi-əkbərdir ona.
Budur murad öndən sona,
Rəbbim mədəd, Mövlam mədəd!..
“Bayramın həqiqətinə o aşiq nail olmuşdur ki, Haqq camalını tamaşa etmiş, Onun dostluq məclisinin zövqünü dadmış, qəlbi Allahın nuru ilə dolub-daşmışdır.
Ey Rəbbim! Aşiq bəndənin sənə vasil olması onun üçün ən böyük bayramdır. Onun başdan-sona bütün arzusu bundan ibarətdir. Mədəd, ey Rəbb! Bizə bunu nəsib et, ey Mövlam!..”
Daha əvvəl də ifadə etdiyimiz kimi, Qurban bayramının həqiqətinə nail olanlar qəlblərindəki təqvanın təzahürü olaraq etdikləri fədakarlıqlarla Allah-Təalaya yaxınlaşanlardır. Həqiqi bayram da dünyadakı təqva və fədakarlıq imtahanından üzüağ çıxaraq Allahın hüzuruna səlim bir qəlb və rahat vicdanla çıxa bilməkdir. Ən böyük bayram Allah-Təalanın riza və rəhmətinə nail ola bilməkdir. Haqq dostları da bu qəbildən:
“Əsl bayram yeni libas geyinənə deyil, Allahın əzabından əmin olanadır”, - buyurmuşlar.
Yəni əsl bayram Haqq-Təalanın bizdən razı olmasıdır. Belə bir bayrama nail olmaq üçün dünya həyatında qovuşduğumuz bayramları ictimai ibadət günləri kimi yaşayıb din qardaşlığını ən yüksək səviyyədə dərk etməliyik. Unutmayaq ki, əsl bayram sevincinin tamaşa ediləcəyi ən şəffaf ayna bayram etdirilən qırıq qəlblərdir.
Həqiqi bayramın ən gözəl şəhadətnaməsi:
- Cəmiyyətdə təbəssüm etməyi unutmuş iztirab sahiblərinin hüznlü qəlblərinə bayram sevinci yaşatmaq,
- İslam coğrafiyasındakı məzlum, möhtac və çarəsiz din qardaşlarımıza qurban vəsiləsi ilə azacıq da olsa təbəssüm etdirə bilmək,
- Məhrum olduqlarını təmin etmək səfərbərliyinə qoşulmaq,
- Onların xeyir-dualarını alaraq Allahın rizasına nail olmaqdır.
Bir sözlə, bayram möminin yalnız öz səfasını düşünəcəyi tətil günü deyil. Necə ki, Rəsulullah r -in heç bir tətili yoxdu. O, heç vaxt: “Bu xurma ağacının kölgəsində üç gün tətil edim, məni narahat etməyin!..” - demədi. Əksinə, Allah yolunda göstərdiyi səylər və etdiyi fədakarlıqlarla dincəldi. Qəlbi yalnız bu sayədə hüzur tapdı. Çünki bütün bunlar axirət qazancıdır və “əsl həyat axirət həyatıdır”. (Buxari, Riqaq, 1)
Fani dünya həyatındakı bayramlar məhz bu müstəvidə idrak və əhya edilərsə, uxrəvi bayramlar üçün zəmin hazırlayar. Bursəvi həzrətləri bu barədə belə buyurur:
“Bizim üç bayramımız var. Birincisi, Ramazan (və Qurban) bayramıdır. Bu, təbiətin, nəfsin bayramıdır. İkincisi, kamil imanla köçmək şərti ilə yaşanan ölüm bayramıdır. Bu, böyük bayramdır. Üçüncü və ən böyük bayramsa axirətdə Allahın camalının təcəllisinə məzhər olacağımız bayramdır”.[3]
Xülasə, əsl bayram:
- İmanla verilən son nəfəs bayramıdır.
- Qəlbin cənnət bağçalarından bir bağça olmasıdır.
- Hesab günündə mizanın ağır gəlməsidir.
- Əməl dəftərini sağdan ala bilməkdir.
- Hz. Peyğəmbərin şəfaətinə və Quranın bizim haqqımızdakı hüsnü-şəhadətinə nail ola bilməkdir.
- Siratdan keçərək cəhənnəmdən azad ola bilməkdir.
- Cənnətə giriş vizası ala bilməkdir.
- Əlbəttə ki, hamısından da ali olan camalullahı tamaşa etmək bayramıdır…
Rəbbimiz öz kərəmi ilə hər birimizə ehsan və lütf etsin.
Hüdayi həzrətləri buyurur:
Buxlu tərk eylə baxilin yeridir nari-cəhim,
Həm rəfiqi olusardır onun İblisi-racim…
“Xəsisliyi tərk et, çünki xəsisin yeri cəhənnəmdir. Qovulmuş və daşlanmış olan məlun iblis də onun yoldaşı olacaq”.
Daha əvvəl də ifadə etdiyimiz kimi, Haqqa yaxınlıq üçün maddi-mənəvi imkanlardan fədakarlıq etmək şərtdir. Bunun üçün də hər şeydən əvvəl nəfsin xəsisliyini tərk etmək və qulaqlarımızı şeytanın vəsvəsəsinə bağlı tutmaq lazımdır. Çünki ayeyi-kərimədə buyurulduğu kimi:
“Şeytan sizi yoxsulluqla qorxudar və sizə pis işləri (xəsisliyi) əmr edər…” (əl-Bəqərə, 268)
Hədisi-şərifdə də belə buyurulur:
“…Xəsislik budaqları dünyaya uzanan cəhənnəm ağaclarından bir ağacdır. Hər kim onun budaqlarından birindən yapışarsa, bu, onu oda (cəhənnəmə) aparar!..” (Beyhəqi, Şuabul-İman, VII, 435)
Çox mərhəmətli və səxavətli olan Allah-Təala qullarının xəsislik etməsini istəmir. Çünki xəsislik Allaha təvəkkül nöqsanlığından doğan iman zəifliyidir. İnsanın Yaradana sığınmalı olduğu halda fani malına, yəni Rəzzaqa deyil, ruziyə güvənməsidir. Bir mənada malını bütləşdirməsidir. Halbuki həmin var-dövləti verən də Allah-Təaladır…
Bir sözlə desək, xəsislik qəflətə düşərək Allahdan uzaq qalmağın bir nəticəsidir. Xəsis adam var-dövlətinin, sərvət və maddi gücünün onu əbədi qılacağını zənn edərək bu kimi maddi varlıqlara sarılma qəflətinə qapılar. İnfaqın malı bərəkətləndirəcəyinə dair ilahi vədə deyil, infaq ediləcəyi təqdirdə kasıblaşacağına dair şeytani vəsvəsələrə etibar edər.
Məhz bu qəflətə düşməmək üçün daima Rəbbimizə arxalanıb ona güvənməli, iman cəsarəti ilə nəfsimizin xəsisliyini və şeytanın təlqini olan kasıblıq qorxusunu yenməliyik.
Çünki Haqq-Təalanın sevdiyi və özünə yaxın etdiyi comərd və fədakar möminlərdən ola bilmək üçün əvvəla bizə xəsisliyi təlqin edən nəfsimizi susdurmalı, şeytanı da daşlamalıyıq. Şeytan daşlamaq nəfsə müxalifət etməklə, onun əsarət və boyunduruğundan qurtulmaqla mümkündür. Nəfsi Allahın əmrlərinə can-dildən ram etməklə, böyük təvəkkül və təslimiyyət içində Haqq-Təalaya itaət etməklə şeytanı daşlamış olarıq.
Necə ki, Hz. İbrahim u, Hz. İsmayıl u və Həcər validəmiz onları ilahi əmri yerinə yetirməkdən çəkindirmək istəyən şeytanın qorxu təlqininə və vəsvəsəsinə aldanmadılar. Allaha sığınıb şeytanı daşladılar.
Sünnətullah (ilahi qanunauyğunluq) gərəyi, böyük mükafatlar hər zaman böyük fədakarlıqların ardından gələr. Çünki fədakarlıqlar insanı Allaha yaxınlaşdırar. İlahi rəhmət də daha çox bu kimi zamanlarda təcəlli edər. Yəni Allah üçün qatlanılacaq çətinlikləri daima böyük rifah əvəz edər.
Həzrət İbrahim u Allah-Təalanın əmri ilə xanımı Həcər anamızı və oğlu İsmayıl u-ı səhranın ortasında, əkinə yararsız, kimsəsiz və quraq bir vadiyə yerləşdirib yaşadığı yerə geri qayıtmışdı. Lakin Haqq-Təala onları tələf etmədi, əksinə, zəmzəm suyu ehsan etdi. İnsanların qəlbini oraya meyil etdirdi və həmin torpaqları dünyanın dörd bir yanındakı möminlərin ziyarət etməyə can atdığı mənəvi cazibə mərkəzinə çevirdi…
Demək ki, insan Rəbbinin riza, məhəbbət, yaxınlıq və dostluğu naminə nəfsinin xəsisliyini və şeytanın vəsvəsələrini aşaraq ilahi əmrlərə tam təslimiyyətlə ram olduqda Allah-Təala qulunu tələf etmədiyi kimi, ona xəyalına gətirə bilməyəcəyi dərəcədə böyük lütf və ehsanlar edir. İlahi rəhmətin təcəlli etdiyi bir məkan da, insan da abad olur, əhya olur.
Həzrət İbrahim u Allah üçün oda atılmağa razı olaraq canından fədakarlıq etmiş, Allah-Təala da onun üçün atəşi sərin və əmin qılmışdı.[4]
İbrahim u Allah üçün övladını fəda etməyi gözə almış, Haqq-Təala ona həm oğlunu bağışlamış, həm də onu “Əbul-ənbiya” qılmışdır. Yəni onu nəslindən gələn neçə-neçə peyğəmbərin, hətta Allahın Həbibi Muhamməd Mustafa r -in mübarək babası olmaqla şərəfləndirmişdir.
Allah-Təala onu təbrik və təkrim edərək Qurani-Kərimdə belə buyurur:
“Biz ona belə səsləndik: “Ey İbrahim! Yuxunu təsdiqlədin. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”. Şübhəsiz ki, bu, açıq-aydın bir sınaqdır. Biz (oğlunun) əvəzinə ona böyük bir qurbanlıq verdik. Onun şan-şərəfini sonrakı nəsillər arasında saxladıq. İbrahimə salam olsun!”. (əs-Saffat, 104-109)
Həqiqətən də Allah-Təala İbrahim u-a o qədər ali şan və şərəf bəxş etdi ki, qiyamətə qədər gələcək bütün müsəlmanlar qıldıqları hər namazda oxuduqları salli-barik dualarında onun üçün də dua etmiş olurlar. Həmçinin Qurani-Kərimin bir çox surəsində İbrahim u-ın adı keçir. Çünki Haqq-Təala:
“Şübhəsiz, Rəhman (olan Allah) iman gətirib yaxşı işlər görənlərin qəlblərində bir-birinə qarşı sevgi yaradacaqdır”, (Məryəm, 96) ayeyi-kəriməsi gərəyincə sevdiklərini sevdirir, onları unutdurmur.
Hətta yəhudi və xristianlar da onu özlərindən göstərməyə və sahiblənməyə çalışırlar. Allah-Təala Qurani-Kərimdə:
“İbrahim nə yəhudi, nə də xristian idi. O, ancaq hənif (Allahın birliyini tanıyan) bir müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi”, (Ali-İmran, 67) buyuraraq onun həqiqi vəsfini bütün insanlığa bəyan edir. Onu bu qədər böyük ilahi təqdir və iltifata məzhər qılır.
Həmçinin İbrahim u kasıblıq qorxusuna qapılmadan malını, mülkünü, bütün sərvətini səxavətlə Allah yolunda xərclədi. Haqq-Təala da ona “Xəlil İbrahim” bərəkəti ehsan etdi.
Hədisi-qüdsidə Allah-Təalanın belə buyurduğu bildirilir:
“Bu din Zatım üçün seçib razı olduğum bir dindir. Ona yalnız comərdlik və əxlaq yaraşır. Müsəlman olaraq yaşadığınız müddətdə onu bu iki xislətlə ucaldın!” (Heysəmi, VIII, 20; Əli əl-Müttəqi, Kənz, VI, 392)
Allah-Təala “Məni xatırlayın ki, mən də sizi xatırlayım!..” (əl-Bəqərə, 152) buyurur. Yəni Zatının ismini və dininin şənini ucaltmaq uğrunda fədakarlıqla səy göstərən səxavətli qullarına misilsiz izzət və şərəf bəxş edir. Bəndənin ən böyük səadəti də məhz budur.
Həzrət İbrahim u-ın nümunə götürəcəyimiz dörd böyük dərdi və duası vardı:
- Nəfsinin dərdi: O, namazı layiqincə əda edə bilmək[5] və diriliş günü xəcalətli qalmamaq üçün dua edərdi.[6]
- Nəslinin dərdi: Zürriyyətinin də davamlı namaz qılanlardan olması üçün niyaz edərdi.[7] Necə ki, ilahi murada təslim olaraq ailəsini səhranın ortasında qoyub gedərkən Hz. İbrahim bunun səbəbini “namazı dosdoğru qılmaları üçün”[8] deyə ifadə etmişdi. Yəni İbrahim u ucsuz-bucaqsız, insankeçməz Hicazda ilahi təlimat üzrə imanlı bir nəsil yetişdirmək dərdində idi.
- Ata-anasının dərdi: Onlara minnət borcunun olduğunu düşünərək hesab günündə əfv edilmələri üçün dua edərdi.[9]
- Möminlərin dərdi: Möminlərin də əbədi qurtuluşu üçün dua edərdi.[10]
Biz də xüsusilə bu mübarək günlərdə ümməti-Muhamməd üçün qəlbi, qövli və feli dualarımızı artırmağa çalışmalıyıq. Çünki ümməti-Muhammədi düşünüb onlar üçün dua etməyimiz Rəsulullah r -in də bizdən razı olmasına vəsilədir.
Necə ki, hədisi-şərifdə belə buyurulur:
“Allah qatında qulun belə deməsindən daha sevimli bir dua yoxdur:
اَللّهُمَّ ارْحَمْ أُمَّةَ مُحَمَّدٍ رَحْمَةً عَامَّةً
“Allahım! Ümməti-Muhammədə ümumi rəhmətlə mərhəmət eylə!” (Əli əl-Müttəqi, № 3212, 3702)
Haqq dostlarından Marufi Kərxi həzrətləri də belə buyurur:
“Kim hər gün on dəfə:
اَللّهُمَّ أَصْلِحْ أُمَّةَ مُحَمَّدٍ
اَللّهُمَّ فَرِّجْ عَنْ أُمَّةِ مُحَمَّدٍ
اَللّهُمَّ ارْحَمْ أُمَّةَ مُحَمَّدٍ
“Allahım, ümməti-Muhammədin halını islah et!
Allahım, ümməti-Muhammədin bütün müşkülünü həll et!
Allahım, ümməti-Muhammədə rəhmət et!” – deyərsə, Allah dostlarından yazılar”. (Əbu Nuaym, Hilyə, VIII, 366)
Allah-Təala biz aciz bəndələrini Rəsulullah r -in və babası İbrahim u-ın üsveyi-həsənə olan örnək şəxsiyyətlərindən nəsib alaraq rizası yolunda səmimiyyətlə çalışan və fədakarlıq göstərən saleh bəndələrindən etsin.
Amin!..
[1] Bax. əl-Hucurat, 13.
[2] Bax. əl-Bəqərə, 183.
[3] Bursəvi, Ruhul-Bəyan, c. II, s. 200, Erkam Yayınları.
[4] Bax. əl-Ənbiya, 69.
[5] Bax. İbrahim, 40.
[6] Bax. əş-Şüəra, 87.
[7] Bax. İbrahim, 40.
[8] Bax. İbrahim, 37.
[9] Bax. İbrahim, 41.
[10] Bax. İbrahim, 41.
ŞƏRHLƏR