ÖLMƏYƏN HÜCEYRƏLƏR
Bacısı uşaqlarının, nəvələrinin başına yığışdığı yüz bir yaşlı Nabat nənə hərdən ölənləri sağ, sağ qalanları ölü bilirdi. “Nabat nənə, məni tanıdın?” Bu sualı, demək olar ki, onu görməyə gələnlərin hamısı verirdi. Qohumlar elə bil, Nabat nənənin yaddaşında, dünyasında qalmaqla öz varlıqlarını təsdiq etmək istəyirdi. “Tanımadım səni, a bala. Kimlərdənsən?” sualını eşidənlərdən bəzilərinin sifətinə xəfif kədər qonur, bəzilərinin canına “birdən qocalanda, biz də belə olarıq” xofu düşürdü.
Vatsapla yaşca ən böyüyü, yetmiş dörd yaşlı bacısıqızına vidoegörüntülü zəng edib onunla calaşdırırlar. “Xala, məni tanıyırsan?” – “Sənsən də Etelya. O nə sualdı verirsən?” Etelya, o birilər sevinir ki, Nabat nənəni bu dünyayla bağlayan qohumlardan kimsə var. Nabat nənənin gələn qohumlar arasında qəfil bacısı nəvəsi otuz səkkiz yaşlı İsrafilə “A bala, bəs sən ölməmişdin?” sualını verməsi hamının qəhqəhəli gülüşünə səbəb olur. “Yox, ay nənə, hələ sağam, turp kimiyəm. Nənə, mən kiməm? Adım nədi?” – “İsrafilsən də, kim olassan ki?” Nabat nənənin bu sözlərindən sonra hamı yenə gülür.
Son vaxtlar Nabat nənə həyətə düşüb meyvə ağaclarının qabağında dayanıb onlarla danışır, danışanda arada coşur, əsəbiləşir, bəzənsə sığallayır, qucaqlayır onları. Ona baxan tək övladı olan qızı Zamilə qohumlara deyir ki, “anam ağacları adam bilir, armud ağacının qabağında dayananda qonşu kənddəki Ş.-nın adını çəkir, deyir, kənddəki filan-filan hərəkətlərinə görə sən heç düz eləmədin. Nar ağacını bağrına basıb sövəliyir, deyir, ay bacı, nə yaxşı ki, bizim aramızda heç vaxt söz-söhbət olmadı”. Qohumların gözlərində “Bəlkə ölənlərin ruhlarını ağaclarda görür?” sualı meydana gəlir. Bəzilərinə isə təəccüblü gələn Zamilənin bu şeyləri həqiqət kimi həvəslə danışmasıdır. Anasının ağaclarla söhbəti barəsində danışan qızı əlavə edir: “Hər dəfə söhbəti bitirəndə iki əlini göyə açıb: “Şükür sənin məsləhətinə, ilahi!” - deyir”.
Qonaqlarla söhbətlərində də Nabat nənənin arada ürəkdən “Şükür Allahın məsləhətinə” deməsi ortama bir iman ovqatı gətirir.
“Xala, Cəbrayıl bizdədi, ordumuz oranı da, Süleymanlını da ermənilərdən aldı”, – bacısı qızı Tellidir. “Allah ermənilərin tifağını dağıtsın. Bizə çox zülm elədilər”. – “Yox e, ay xala, rayon indi ermənilərdə deyil, bizdədi” , – Telli “bizdədi” sözünü vurğulamaqçün iki dəfə əliylə sinəsini vurur. Nabat nənə reaksiya vermir, İsrafil pıçıltıyla deyir: “Ondan asılı deyil, beynindəki hüceyrələr öldükcə yaddaşı itir”. Telli başını bulayıb sakitcə deyir: “Ey gidi dünya. Vaxt varıydı iki rəqəmlini iki rəqəmliyə vurub cavabı deyirdin, kəndin canlı kalkulyatoruydun, ay xala”.
Bir vaxtlar Süleymanlı kəndinin bütün mühasibat işlərini qəpiyinə qədər doğru-dürüst aparan, atını minib rayon mərkəzinə hesabat verməyə, maaşları gətirməyə gedən Nabat nənənin bu halına qohumlar indi acıyır. Zamilə üzünü Telliyə tutaraq: “Telli, elə indi də iki rəqəmlini iki rəqəmliyə vura bilər”. – “Ciddisən?” – “Hə, Allah haqqı”. – “Nabat xala, iyirmi səkkizi iyirmi dördə vuranda neçə eliyir? – Telli, xalasına sual verir. – “Altı yüz yetmiş iki”, – azca fikirləşəndən sonra Nabat nənə cavab verir. “Halaldı, vallah. Ayıb da olsa, deyim ki, otuz səkkiz yaşımda vurma cədvəli arada yadımdan çıxır, – İsrafil başını bulayır, – demək hələ hüceyrələrin hamısı ölməyib”.
Elə bu vaxt Nabat xala öz qızına əmr tonunda səslənir: “Zamilə, dur çayın altını yandır, indi Əlövsət gələjək”. Əlövsət qardaşı oğludu, bir neçə il əvvəl altmış yaşında insultdan ölüb. İsrafilin optimist replikasından sonra Nabat xalanın bu sözləri naqolay sükut yaradır. Zamilə sükutu aradan qaldırmaqçün xalası nəvəsinə az əvvəl verdiyi sualı bir də verir: “İlhamə, deyirsən, qızın Türkiyədə oxudu qutardı?”
Az sonra Nabat nənənin bacısı oğlu Möhsün pıçıltıyla qohumlara deyir: “Atalar üçdən deyib, görək bu dəfə alınacaq?” üzünü Nabat nənəyə tutaraq uca səslə: “Nabat nənə! Ordumuz qırx dörd gün vuruşdu Süleymanlını, Balyandı, Qarajallını, Qışdağı, rayon mərkəzini, Cəbrayılın bütün kəndlərini, Suru, Zamzuru, Banazuru, hələ üstəlik Hadrutu ermənilərdən aldı, indi oralar bizimdi, ay Nabat nənə!” Bu sözləri deyəndə, o, doluxsunur, səsi titrəyir. Qohumlar təmkinli, hisslərini cilovlamağı bacaran adam kimi tanıdıqları Möhsünün bu halına təəccüblənir, bacıları kövrəlir. Qəddini düzəldən Nabat nənə dillənir: “Hə, qadan alım, hamımız gedəjiik Cavreyilə - iki əlini baxdığı göyə qaldırır - Süleymanlıda atı minib sürəjəm Hadruta, Ziyaratın başına çıxajam”. Hamı əl çalır, gülür, Telli, İlhamə sevinc göz yaşlarını silir.
ŞƏRHLƏR