SABAHA HAZIRLIQ

SABAHA HAZIRLIQ

Diyanət İşləri Başqanlığı tərəfindən Almaniyaya təyinat alan vəzifəli (imam) bir qardaşımız Bişkekdəki dostuna zəng edərək gənclərə anlatmaq üçün söhbət, vəz, yazı kimi materiallar istəyibmiş. Bişkekdəki həmin dostumuz isə bizə zəng edib “sizdə belə möhtəvalı dosyelər varmı?” deyə soruşdu. Əlimizdəki dosyelərdən bir miqdar göndərdik. İndi bu görülən işdə ən böyük xəta/nöqsan haradadır və kim tökmə su ilə dəyirman döndürməyə çalışır? Tökmə su ilə dəyirman bir anlıq fırlana bilər, bəlkə bir neçə kilo buğdanı üyüdə də bilər, bəs növbədə gözləyən kisələr necə olacaq? “Hazıra dağ da dözməz” deyirlər. Elə isə nə etməliyik? Dəyirman daşını dayanmadan döndərəcək suyu, uzaqda olsa da, çəkib dəyirmana gətirmək lazımdır.

Yaponların çox xoşuma gələn bir atalar sözü var: “Susadığınız gün quyu qazmaq üçün çox gecdir”. Qış üçün hazırlıq görməkdən bəhs edən cırcırama və qarışqanın hekayəsini hər kəs eşidib. Maraqlısı budur ki, hamı özünü qarışqa kimi görür, başqasını isə cırcırama. Yol hərəkətində də eyni eqo qarşımıza çıxır. Hər kəs özünün diqqətli və mükəmməl olduğunu düşünür; xəta edən hər zaman başqasıdır. Başqalarına xətaları səbəbi ilə ağır sözlər deyənlər əgər öz xətaları üçün də özlərinə belə sözlər sərf etsəydilər, gün ərzində öz-özünü ən çox təhqir edən insan adını qazanardılar. Mən əsgərəm deyən şəxs düşmənlə üz-üzə gəldiyi an sursat axtarmağa başlamamalıdır. Düşmən hələ görünməmişdən əvvəl, müharibədən əsər-əlamət olmadığı zamanlarda belə müharibə ilə bağlı bütün hazırlıqlar görülməlidir.

Almaniyaya gedən yoldaşımızın illər əvvəlindən “bunlar mənə lazım olar, bu dosyelərdən istifadə edərəm” deyə hazırlığının olması lazım idi. İnsanların evdə yemək bişirməyib restoranlarda yeməyə öyrəşməsi kimi, bilgi sahəsində də töhfə vermək istəməyən, “hazıra nazir” insanların sayı çoxdur. Əslində, “gənclərə anlatmaq üçün” deyilən o dosyelərin də müəyyən zaman sonra yenilənməsi, əlavələr və çıxartmalar edilməsi zəruridir; virtual dünyada arı kimi işləmək lazımdır. Arının çiçəkdən çiçəyə qonaraq bal hazırlaması kimi, bilgidən bilgiyə, hikmətdən hikmətə, incəlikdən incəliyə, yazıdan videoya, şəkildən statistikaya qədər hər yerə yetib analiz və sintezlər edərək əvvəla bilgini istehsal etməli, zəruri məlumatları özümüz toplamalıyıq.

Bir ölkənin müharibədə öz istehsalı olan silahlardan istifadə etməsi nədirsə, müəllimin/xocanın öz istehsal etdiyi dosyeləri/məlumatları işlətməsi də odur. “Eldən gələn öynə olmaz, o da vaxtında tapılmaz”, - deyə bir deyim var, Anadoluda. Yəni təkcə başqasının köməyi ilə həyatı davam etdirmək olmaz. Bişkekdən Almaniyaya göndərilən dosyelər nə qədər dərdə dərman ola bilər ki?! Əvvəllər həkimlər dərmanları özləri istehsal edərmiş. O dövrün dərmanı, əlbəttə, indiki kimi kimyəvi tərkibli deyildi. Təkcə dərman deyil, geyimdən qidaya kimi bir çox şeyi insanlar ehtiyac duyduqca özləri istehsal edirdilər. Sonra yatağından yorğanına, xalısından kiliminə, ayaqqabısından corabına, yuyucu tozdan uşaq bezinə kimi hər şey başqasından satın alınmağa başladı. İnsan istehsal etmək, əsər vermək xüsusiyyətini itirdi. Klaviaturanın yanındakı mausu işlədənlərin sayı klaviaturanı işlədənlərdən daha çox oldu.

Bu qısırlıq, təəssüf ki, dini sahəyə də yayıldı. İmamların işi təkcə Allahu əkbər deyib camaatı rükuya, səcdəyə aparmaq olmamalıdır. İmamların əsl işi təbliğdir, yəni danışaraq anlatmaq. Yarım saatlıq vəzi, on dəqiqəlik xütbəni hazırlayıb təqdim edə bilməyənlər, inciməyin, atamın oğlu olsa belə, mən imamam, mən xocayam deməsin.

Xüsusilə də virtual dünyada çox sürətli bilgi axışı var. Bilgidən hikmətə, sənətdən ədəbiyyata o axış içərisindən balıqlar tutmaq, tutulan balıqları arxivləyərək “zamanı gələndə lazım olar” demək lazımdır. Əgər belə etsək, qarışqa kimi qış üçün hazırlıq görmüş olarıq. Yox əgər necə olsa hər şey var deyərək arxivləmə/dosyeləmə etməmişiksə, bax o zaman Almaniya dar gələr; Türkiyədə və Qırğızıstanda olan dostlara zəng edərək “mənə balıq göndərin, əlinizdə hazır balıq varmı?” deyərik. Əslində burada qarışqanın cırcıramaya dediyi kimi cavab vermək lazımdır, amma deyə bilmirsən. Yenə də, heç nə demədən dözə bilməyəcəyəm: Qardaşım, bu vaxta kimi nə iş görürdün? Oxuduğun, eşitdiyin gözəl şeylərdən “bu mənə lazım olar” deyərək kənara heç nə qoymamısan?

Nə isə, bütün tənqidləri Almaniyadakı imama yönəltməyək, öz-özümüzə də sual verək: Dünyadan axirətə gedəcəyini bildiyin halda niyə hazırlıq görmürsən? Qiyməti bilinməli olan beş şey ilə aran necədir?

Peyğəmbərimiz (s.ə.s) belə buyurur:

“Beş şey gəlmədən əvvəl beş şeyi qənimət bil: Qocalıqdan əvvəl gəncliyini, xəstələnmədən əvvəl səhhətini, kasıblıqdan əvvəl zənginliyini, məşğuliyyətdən əvvəl boş vaxtlarını və ölümündən əvvəl həyatını!” (Buxari, Riqaq, 3; Tirmizi, Zöhd, 25)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz