İBRAHİM VƏ TƏSLİMİYYƏT
Yer üzündə bizdən əvvəl yaşamış ümmətlərin və o ümmətlərə göndərilən peyğəmbərlərin həm həyatları, həm də təbliğ üsulları bizim üçün ən gözəl nümunələrdir. Hər peyğəmbərin mübarizəsi və qarşısındakı insanlara tətbiq etdiyi metodlar bu gün bizə yol göstərən işıq kimidir. Hər peyğəmbər bizim üçün xüsusi və qiymətlidir; həyatından və mübarizəsindən alacağımız saysız dərslər və hikmətlər vardır.
Üsveyi-həsənə “gözəl nümunə” ifadəsi Qurani-Kərimdə 3 dəfə keçir. Biri əziz Peyğəmbərimiz (s.ə.s) haqqında, digər ikisi isə Hz. İbrahim (ə.s) haqqındadır. Qurani-Kərimdə Hz. Musadan sonra adı ən çox zikr edilən peyğəmbər də ulüləzm peyğəmbərlərdən olan Hz. İbrahimdir.
Müqəddəs kitabımızda Allah-Təalanın “xəlil-dost” deyə tanıtdığı Hz. İbrahimin sağlam imanı, nümunəvi həyatı, atəşə atılaraq canından imtahan olunması, mal və sərvətindən, insan üçün ən incə məqam olan ailəsindən və övladından imtahan olunması kimi yönlərindən bəhs olunur. Əsas məsələ bütün bu imtahanlarda onun nümunəvi təslimiyyətidir. Həm də Rəbbinə və Onun əmrlərinə şəkk və şübhə daşımadan, canı bahasına olan təslimiyyət...
Təslimiyyət onu elə güclü bir hala gətirmişdi ki, atasının, yaşadığı cəmiyyətin və hətta zalım kralın belə qarşısında durmağı gözə almışdı. Bu təslimiyyətin elə möhkəm bünövrəsi vardı ki, dəhşətli dərəcədə qorxunc olan atəşə atılmasına baxmayaraq, Rəbbindən başqasının yardımını qəbul etməmiş, bunun nəticəsində fitrəti yandırmaq olan atəş belə yandırmaz hala gələrək onun üçün gül bağçasına dönmüşdü.
Batil inanc yolunda olan atası ilə mücadiləsi ayrı bir nümunə götürüləcək xüsusdur. İslama (haqq inanca) inanmayan biri olsa belə, bir ataya necə davranılması gərəkdiyini ən gözəl danışma üslubu ilə bizə göstərmişdir. Belə ki, onunla yumşaq dillə danışır, Allahın lütfünü dilə gətirir və onun hidayəti üçün də dua edərək hidayətinə vəsilə olmağa can atır. (Məryəm, 47-49)
Hz. İbrahim (ə.s) insanlıq üçün bir təslimiyyət nümunəsidir. Qurani-Kərimdə onun dünyada seçilən qullardan olduğu və axirətdə də salehlərdən sayıldığı buyurulur. Mövzumuz baxımından mühüm bir ayə olan Bəqərə surəsinin 131-ci ayəsində isə: “Rəbbi ona: “təslim ol!” - dediyi zaman, o: “aləmlərin Rəbbinə təslim oldum!” – demişdi”, - buyurularaq Hz. İbrahimə (ə.s) bəxş edilən bu üstünlüklərin səbəbinin “təslimiyyət” olduğu bildirilir.
Bu xüsuslar və ayələr bizə bir daha onu öyrədir ki, təslimiyyətin səmimiliyi və isbatı Allah-Təalanın bir mənada bizim übudiyyətimizi ölçmə mahiyyətində yüklədiyi vəzifələri lazımi qaydada yerinə yetirib yetirmədiyimizlə ortaya çıxmaqdadır.
Hz. İbrahimin təslimiyyətinə nümunə olacaq digər bir xüsus onun böyük səbridir. Yaşlanıb övlad sahibi ola bilməməsinə baxmayaraq, heç bir zaman şikayət etməmişdir. Hər şeyə qadir olan Allah-Təala dilədiyi zaman (səksən yaşında belə) insanı ağlına gəlməyəcək nemətlərlə məsud edə bilər. Nəhayət, o, səbrindəki təslimiyyətinə qarşılıq övlad lütfü ilə taclandırıldı.
Onun əhdə vəfası və verdiyi sözdə dayanması isə dillərə dastandır. O, verdiyi söz övladını qurban edə biləcək qədər çətin olsa da, Rəbbinə sözündə sadiq qalmışdır.
Bu səmimiyyət və təslimiyyət həm onu, həm də ailəsinin digər fərdlərini məhşər gününə qədər müsəlmanların ibadətlərinə nümunə etmişdir. Həzrət Həcər anamızın (r.anhə) övladına olan şəfqət və mərhəməti bu gün Səfa və Mərvə arasında sə`y ibadəti kimi davam etdirilir. Övladını qurban etməyə apararkən şeytanın sapdırmasına və aldatmağa çalışmasına qarşı zövcəsinin, övladının və özünün etdiyi əməl bu gün şeytan daşlama ibadəti olaraq tətbiq edilməyə davam edir. Beləliklə, ümumi mənada Həcc ibadəti və onun tərkibində yer alan qurban Həzrət İbrahim və onun ailəsinin Qiyamətə qədər davam edəcək nümunəsini yaşatmaqdadır.
Hz. İbrahimin (ə.s) təslimiyyətinə vurğu edən bu qurbanlıq hadisəsində Hz. İsmayılın (ə.s) və Hz. Həcərin təslimiyyəti də zikrə dəyər başqa bir nümunə təşkil edir.
Belə baxdığımız zaman öz-özümüzə sual verə bilərik:
Kimin imtahanı daha ağırdır?
- Oğlunu qurban edən atanın,
- Atasının yuxusunun gərəyini yerinə yetirən oğulun,
- Yoxsa övladını qurbanlıq bir qoç kimi ataya təslim edən ananın imtahanı?
Bu qurbanlıq:
- Hz. İbrahimin təslimiyyətinə bir əvəz olaraq gəldiyi üçün,
- Hz. İsmayılın səmimiyyətinə bir mükafat olaraq gəldiyi üçün,
- Hz. Həcərin fədakarlığına bir təqdir olaraq gəldiyi üçün,
- Mələklərin sevincinə bir ikram olaraq gəldiyi üçün,
- İnsanlığın qurban ibadətinin başlanğıcına bir vəsilə olaraq gəldiyi üçün “Zibhin azim / böyük qurbanlıq” - deyə ifadə edilmişdir.
Buna görə insanlar İbrahim deyəcək, təslimiyyəti ondan öyrənəcək; İsmayıl deyəcək, səmimiyyəti ondan öyrənəcək; Həcər deyəcək, fədakarlığı ondan öyrənəcəklər.
Əgər bir insan Allaha dost olubsa, səmimiyyət və ixlas ilə Onun əmrlərinə riayət edibsə, həyatını Onun buyurduğu kimi yaşayıb, dininə xidmət edibsə, Allah-Təala onun ən kiçik əməlini belə hədər etməmişdir. Onu özündən sonra gələn nəsillərin nümunə götürəcəyi bir məqama yüksəltmişdir.
ŞƏRHLƏR