ŞEYTANIN TƏLƏSİ

ŞEYTANIN TƏLƏSİ

İnsan oğlu ilə mələklər arasında ən önəmli fərq insanların iradə sahibi olaraq savab və günah işləyə biləcək istedada sahib olmasıdır. Odur ki, insan  günah bataqlığına düşərək heyvanlardan daha aşağı, saleh əməllər işləyərək də mələklərdən daha üstün ola bilər.

Hər bir insanın yaradılışı həm Allahın əmrlərinə boyun əyməyə, həm  də ona itaətsizlik göstərməyə imkan verir. Bu o demək deyil ki, günah işləməyin arxa planında Allahın bizi bu cür yaratması yatır. Və belə olan halda günah işləyən biri Allah qarşısında məsuliyyət daşımır. Bu düşüncə tamamilə yanlışdır. Bu anlayış doğru olsaydı, o zaman insanın dünyadakı əməllərinə görə imtahan edildiyi anlayışına tərs düşərdi. Əksinə, insanların imtahana tabe tutulduğunun sübutu elə onun həm savab, həm də günah işləyə bilməsidir. Bir də ki, insanlardan Allahın əmrlərinə boyun əyərək nəfsinin istəklərindən boyun qaçıran və ya Allah əmr etdi deyə gündə beş dəfə namaz qılan, ya da malından sədəqə verənlərlə öz arzu və istəklərinə görə davranaraq dünyanın bütün ləzzətlərindən dadan, kiməsə yardım əli uzatmayan kimsələr arasında fərq qoyulmazsa o zaman ədalətsizlik olardı. Bu da Allahın “Adil” adına tərs düşərdi. Deməli, hər bir insan dünya imtahanından keçmək üçün Quran və sünnə dərsinə yaxşı çalışmalıdır.

Amma bütün bunlarla birlikdə mömin bilmədən və ya nəfsinin istəyinə dözməyərək bəzən günaha düşər. Burada əsas məsələ işlənən o günahı adət halına gətirməməkdir. Belə olan halda həmin kəs işlədiyi günahdan sonra səmimiyyətlə və ixlasla Allaha tövbə etməlidir. Hz. Peyğəmbər: “Əgər siz günah işləməsəydiniz, Allah sizi həlak edər, yerinizə günah işləyib ardından tövbə edən qullar yaradardı”, - buyurmuşdur. (Müslim, Tövbə 9) Bu hədisi-şərifdən anlaşılır ki, elə bir insan ola bilməz ki, o, həyatı boyunca heç günah işləməsin. Hətta peyğəmbərlər belə zəllə deyilən kiçik xətalar etmişlər. Ancaq burada diqqət ediləcək xüsus işlənən günahın bağışlanması üçün dərhal Allaha yalvarmaqdır. İnsan oğlu günah işlədikdən sonra tövbə edəcək ki, Allahın “Təvvab” isminin təcəllisi gerçəkləşsin. Əks halda günahı adət halına gətirmək insanın qəlbinin möhürlənməsinə gətirib çıxara bilər. Allah-Təalanın insanlara bəxş etdiyi ən önəmli nemətlərin biri məhz tövbə edən qullarını bağışlamasıdır.

Günahın şeytanın bir tələsi olduğunu bilmək çox vacib məsələdir. Bunun şeytan tələsi olduğunu bilməsək, rahatlıqla bu tələyə düşərik. Belə demək mümkündürsə, siçanın tələyə düşməsinə səbəb pendirdirsə, şeytan tərəfindən bizim üçün qurduğu tələdəki pendirin nə olduğunu bilmək lazımdır ki, bu tələnin fərqində olaq. Deyilsə, bizim siçandan fərqimiz qalmaz.

Günah tələsinə düşmə səbəblərinin nələr olduğunu Qurani-Kərim və sünnədən öyrənə bilərik. Məsələn, bunlardan biri insanın mələk olmaq arzusudur. Bəlkə bunun arxa planında yatan səbəb məsuliyyətdən qaçmaq istəyidir. Bilindiyi kimi, mələklər günah işləmə istedadına malik deyillər, hətta Allahın ümumiyyətlə əmr və qadağalarının xaricinə çıxa bilmə iradələri yoxdur. Bəlkə buna görədir ki, insan həyatını riskə atmaq istəmir. Allah-Təala Əraf surəsinin 20-ci ayəsində şeytanın qadağan olunmuş ağacdan yeyərsə mələk olacağını deyərək Hz. Adəmi aldatdığını xəbər verir: “...Rəbbiniz sizə bu ağacı qadağan etdi ki, mələyə çevrilməyəsiniz, yaxud əbədi qalanlardan olmayasınız”. Şeytanın tələyə qoyduğu yemlərdən birinin də insanın əbədi olmaq arzusu olduğunu bu ayədən öyrənmiş oluruq.

İnsanın günaha düşməsinin başqa bir səbəbinin unutqanlıq və qəflət olduğunu yenə həmin surənin 21-ci ayəsindən öyrənirik: Həmçinin (şeytan) onlara and verərək: “Mən həqiqətən, sizə nəsihət verənlərdənəm!” – dedi”. Bu ayədə şeytanın and verərək Hz. Adəmi aldatdığı bildirilir. Aldanmağın insanın qafil olmasından, eyni zamanda unutqanlığından irəli gəldiyi bilinməkdədir. İslam alimləri Hz. Adəmin günah işləməsinin onun Allahın əmrini unutması səbəbindən baş verdiyi mövzusunda həmfikirdirlər. Taha surəsinin 115-ci ayəsindən Hz. Adəmin bu günahı işləməsində bir qəsdinin olmadığı anlaşılmaqdadır.

Bəqərə surəsinin 170-ci ayəsində bildirildiyinə görə, insanların Allahın dəvətinə uymamalarının səbəblərindən biri “yanlış yolda olan atalarının yolundan getmək” arzusunda olmalarıdır. Şeytan bəzən həssas mövzu olan adət-ənənə dəyərləri ilə də insanları aldatmaqdadır.

Şeytanın bizi aldadaraq günaha batırması üçün kasıblıq qorxusu (əl-İsra, 31), Allahın rəhmətinə arxayın salmaq (əl-Fatir, 5), əsilsiz xəyallara daldırmaq (ən-Nisa, 119) kimi saysız tələləri vardır. Onun  insanların düşməni olduğu, insanları Allahın yolundan azdırmaq üçün qiyamətə qədər yollarının üzərində duraraq min bir hiylə ilə aldadacağı, hətta ilk təşəbbüsündə Hz. Adəmi və onun yoldaşı Həvvanı aldatmaqla sözündə nə qədər ciddi olduğu  Hz. Adəm qissəsindən  hamımıza məlumdur. Odur ki, hər mömin düşmənini qətiyyən kiçik görməməli, ona qarşı hər zaman diqqətli olmalıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz