İSLAM VƏ ƏVVƏLKİ ƏHKAM
Həzrət Adəmdən (ə.s) Peyğəmbərimiz Həzrət Muhammədə (s.ə.s) qədər 124 min (başqa bir rəvayətə görə 224 min) peyğəmbərin göndərildiyi nəql olunur. (Əhməd İbn Hənbəl, Müsnəd, 5/266) Allahın dinini insanlara çatdırmaq vəzifəsini icra edən bütün peyğəmbərlər eyni dini əsasları təbliğ etmiş, iman və əxlaqi prinsiplər baxımından eyni qaydaları insanlara aşılamağa çalışmışlar. Bu cəhətdən bütün peyğəmbərlərin gətirdiyi dinin tək və eyni olduğunu ifadə edə bilərik. Amma sosial, siyasi, iqtisadi və hüquqi sahələrlə bağlı digər hökmləri ehtiva edən şəriət əhkamı hər peyğəmbər dövründə eyni olmamış və bəzi peyğəmbərlərin şəriəti digərlərindən fərqli olmuşdur.
Dini mənbələrə baxdığımız zaman bir peyğəmbərin şəriətində haram olan məsələnin başqa bir peyğəmbərin şəriətində mübah olması kimi hallarla qarşılaşırıq. Misal olaraq, Qurani-Kərimdə Yəhudilərə haram qılınan bəzi qidaların müsəlmanlar üçün halal edildiyi görülür. Mövzuya dair Ənam surəsinin 146-cı ayeyi-kəriməsində belə buyurulur: “Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Bellərində və bağırsaqlarında daşıdıqları, yaxud sümüklərinə qarışan istisna olmaqla, inək və qoyunun piylərini də onlara haram etdik. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, biz doğru söyləyirik”. Ayədə keçən qidaların İslam şəriətində halal edildiyi hamımızın məlumudur. Yenə bir hədisi-şərifdə buyurulduğu kimi, müharibədə qazanılmış qənimətlər öncəki şəriətlərdə haram ikən İslam şəriətində halal qılınmışdır. (Buxari, Salət, 56) İslam alimləri bunu “din dəyişməz, fəqət şəriət əhkamı dəyişə bilər” şəklində ifadə etmişlər. Son din olan İslamın gətirdiyi əhkam əvvəlki şəriətlərin əhkamını qaldırmış və bir çox yeni hökm ortaya qoymuşdur. Çünki adətən ən son qüvvəyə minən qanun əvvəlki qanunların hökmünü qaldırar və tətbiq baxımından ən son qanun əsas götürülər.
Bir iman əsası olaraq biz bütün peyğəmbərlərə inanır və onlara nazil edilmiş bütün ilahi kitab və səhifələrə iman gətiririk. Bilindiyi kimi, Qurani-Kərim Həzrət Muhammədə (s.ə.s) endirildiyi şəkli ilə qorunmuş və bizə də eyni şəkildə dəyişikliyə məruz qalmadan nəql olunmuşdur. Həzrət Peyğəmbərə (s.ə.s) nisbət edilən hədislərin də bizə doğru bir şəkildə çatdırılması üçün hədis alimləri çox çalışmış və hədislərin doğrusunu yalanından ayıraraq onların böyük ölçüdə qorunmasına nail olmuşlar. Ancaq əvvəlki dinlərə aid əhkamın nəqli xüsusunda eyni metodlar tətbiq edilmədiyi üçün və bu əhkam bizə Quran və sünnə kimi etibarlı mənbələrdən nəql olunmadığından İslam alimləri Quranda və hədislərdə keçməyən əvvəlki dinlərə aid əhkamla əməl edə bilməyəcəyimiz xüsusunda fikir birliyi etmişlər. Fəqət bilindiyi kimi, Quranda və hədis kitablarında öncəki dinlərə dair bəzi hökmlər mövcuddur. Bəs bunlara qarşı münasibətimiz necə olmalıdır? Bu hökmlərlə əməl etməyimiz lazımdırmı? Bu hökmlər bizə də şamildirmi?
Bu suallara cavab tapa bilmək üçün öncəliklə Quranda və sünnədə yer alan əvvəlki dinlərin əhkamının mahiyyətinə nəzər salmaq lazımdır. Quranda və sünnədə yer alan əvvəlki dinlərə aid hökmləri üç qrupa bölmək mümkündür.
Birinci qrupda yer alan hökmlər Quranda və sünnədə bəhsi keçsə də, bizim şəriətdə ləğv edildiyi bildirilən hökmlərdir. Bu cür hökmlərin müsəlmanlar üçün bir dəlil təşkil etmədiyi və keçərli olmadığı mövzusunda alimlər həmrəydirlər. Məsələn, yuxarıda da bəhs etdiyimiz kimi, yəhudilərə haram qılınan bəzi qidaların hökmünün bizim şəriətdə ləğv edilərək halal qılınması kimi.
İkinci qrupda yer alan hökmlər isə Quran və sünnədə yer alan və eyni zamanda bizim üçün də keçərli olduğu bildirilən hökmlərdir. Bu qrupa daxil olan hökmlər əvvəlki şəriətlərdə mövcud olduğu kimi, İslamın onları qəbul və təsdiqi ilə onlar eyni zamanda İslamın da hökmləri halına gəlmişdir. Məsələn, oruc və qurban kəsmək ilə əlaqəli hökmlər bu qrupa daxildir. Bu ibadətlər öncəki dinlərdə mövcud olduğu kimi, bizim dinimizdə də qorunub saxlanmışdır. Orucun fərz olduğu Bəqərə surəsinin 183-cü ayəsində belə ifadə edilir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu ki, bəlkə, günahlardan çəkinəsiniz!”. Qurban kəsmək də əvvəlki dinlərdən bizə miras qalan ibadətlərdəndir. Qurban kəsmək ilə əlaqəli bir hədisdə Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Qurban kəsin, çünki o, atanız İbrahimin (ə.s) sünnəsidir”. (İbn Macə, Ədahi, 3)
Üçüncü qrupda yer alan hökmlər isə Quran və sünnədə bəhsi keçməklə birlikdə, ləğv edildiyinə və ya qəbul edildiyinə dair bir açıqlama verilməyən hökmlərdir. Məsələn, Quran Tövratda yer alan qisas hökmünü xəbər verməkdə, ancaq bunun müsəlmanlar üçün keçərli olub olmadığına dair bir açıqlama verməməkdədir. (əl-Maidə, 45) İslam alimlərindən əksəriyyəti Quranda və sünnədə yer alan bu növ hökmlərin də müsəlmanlar haqqında keçərli və bağlayıcı olduğunu qəbul etmişlər.
ŞƏRHLƏR