SƏBİR ABİDƏSİ HZ. ƏYYUB (ə.s)
Hz. Əyyub (ə.s) Yaqub peyğəmbərin (ə.s) qardaşı İysin nəslindən gəlmiş, Şam yaxınlığında yaşamış, öz qövmünə peyğəmbər kimi göndərilmişdi. Qurani-Kərimdə Hz. Əyyuba (ə.s) peyğəmbərlik verilməsi haqqında belə buyurulur: “Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik”. (ən-Nisa, 163)
Babası Hz. İshaqın duasının bərəkəti ilə Uca Allah ona xeyli var-dövlət, övladlar, xidmətçilər, tarlalar və heyvanlar ehsan etmişdi. Fəqir-füqəraya yardım edər, süfrəsində kasıblar olmasa yemək yeməz və Allahın ona lütf etdiyi nemətləri qonaqlarına ikram etməyi çox sevərdi.
Hz. Əyyub (ə.s) ömrünün əvvəllərində varlı, ortasında kasıb, sonunda isə şükrü və səbrinin nəticəsində təkrar zəngin olaraq ilahi ehsana qərq olmuşdur. Uca Allah onu Qurani-Kərimdə tərif edərək, səbir etməkdəki təmkinini, dözümünü bu şəkildə bildirmişdir: “...Biz onu (müsibətlərə) səbir edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi”. (Sad, 44)
Rəvayət edildiyinə görə, bir nəfər Allah Rəsulunun (s.ə.s) yanına gəlib Hz. Əyyubla (ə.s) bağlı bəzi suallar soruşdu. Allah Rəsulu (s.ə.s) ağlayıb belə dedi: “Uca Allaha and olsun ki, Əyyub ona göndərilən o xəstəlik bəlasına görə nə inildədi, nə də sızıldadı. Yeddi il, yeddi ay, yeddi gün və yeddi gecə o xəstəliklə qıvrandı. Ayaq üstə namaz qılmaq istədi, bacarmadı və yerə yıxıldı. İbadətlərini yerinə yetirə bilməyəcək bir vəziyyətə düşüncə: “Rəbbim, həqiqətən də, mənə xəstəlik üz verdi”, - dedi”. (Qurtubi, Təfsir, XI, 323, 327)
Müsəlmanın bu dünyada üç imtahanı var. Bu ya canı, ya malı, ya da övladı ilə əlaqəli olur. Hz. İbrahim (ə.s) kimi Hz. Əyyub (ə.s) da bu üç imtahandan keçirilmiş və səbirlə, təmkinlə bu bəlaların öhdəsindən gəlmişdir.
İmtahanın bir nəticəsi olaraq Hz. Əyyub (ə.s) var-dövləti, övladları və əldə etdiyi bütün nemətlər bir-bir əlindən çıxdıqdan sonra ardından ağır bir xəstəliyə düçar olmuşdu. Ancaq Allaha təvəkkül və təslimiyyəti ilə canına, var-dövlətinə və övladlarına gələn bəla və müsibətlərə qarşı böyük bir səbir göstərərək ilahi qismətə razı oldu. Onun dillərdə dastanlaşan səbir və təslimiyyəti bir ibrət nümunəsi olaraq tarixə düşmüşdür.
Uca Allah digər peyğəmbərlər kimi Hz. Əyyubu (ə.s) da insanlara nümunə olsun deyə bu ağır sınaqlardan keçirmişdir. O isə sınaqlarının çətinliyinə və ağırlığına baxmayaraq hər zaman öz müvazinətini, təmkinini qorumağı bacarmışdır. Rəbbindən gələn hər bir nemət kimi müsibəti və imtahanı da xoş qarşılamış, Yunusun dediyi kimi: “Xoşdur mənə Səndən gələn; ya qönçə gül, yaxud tikan... Lütfün də xoş, qəhrin də xoş!” duyğusunu dilindən və qəlbindən düşürməmişdir.
Var-dövlətinin əlindən çıxması, övladlarını itirməsi canına gələn xəstəlik qədər ağır olmamışdı. Çünki o, adı bilinməyən, tanınmayan, hələ o zamana qədər bölgə xalqından heç kimsədə görünməyən çarəsiz bir xəstəliyə tutulmuşdu. Şeytan bölgə xalqına vəsvəsə verərək onu yurdundan çıxarması üçün insanların qəlbinə nüfuz etmişdi. Bunun üçün onun xanımına da çox təzyiq göstərirdilər. Nəticədə tək köməyi, baxıcısı olan xanımı onu kürəyinə almış, insanların yaşadığı bölgədən uzaqlaşdıraraq, çöllük bir ərazidə məskən seçərək, orada qulluq göstərmək məcburiyyətində qalmışdı. Çox acı bir səhnə deyilmi? İnsanlar bir peyğəmbərin xəstə halına belə dözüm göstərə bilməmiş, şeytana uyaraq onu öz yurdundan çıxarmışdılar. Bu haqda Qurani-Kərimdə belə xəbər verilir: “Bəndəmiz Əyyubu da yad et! Bir zaman o: “Şeytan mənə zərər və əziyyət verdi!” - deyə Rəbbinə səslənmişdi”. (Sad, 41)
O günə qədər xəstəlikdən heç bəhs etməyən Hz. Əyyuba (ə.s) bu vəziyyət çox ağır gəlmişdi. Yenə də şeytana yenilmədi, bütün müsibətlərin və imtahanların tək Sahibi, çarəsizlərin Çarəsi olan Uca Allaha üz tutdu, səbir etdi, dözdü, nəticədə imtahanı qazandı. Onun bu halını Allah Rəsulu (s.ə.s) tərif edərək belə demişdir: “Əyyub insanların ən həlimi (yumşaq xasiyyətlisi), ən səbirlisi və qəzəbini ən çox udanı idi”. (İbn Əbi Şeybə, Müsənnəf, III, 201)
Hz. Əyyubun (ə.s) böyük bir səbir, ədəb və təzim içində Uca Allaha yönəlməsi nəticəsində duaları qəbul olmuş və ona şəfa, rəhmət və lütf qapıları açılmışdır. Uca Allah buyurur: “Beləliklə, Biz onun duasını qəbul edib dərgahımızdan bir mərhəmət və ibadət edənlər üçün bir xatirə olsun deyə başına gəlmiş bütün bəlaları sovuşdurduq, ailəsini geri verdik və onlarla yanaşı, bir o qədərini də ona bəxş etdik”. (əl-Ənbiya, 84)
Xüsusilə çətin günlərimizdə, darlıq zamanlarımızda Hz. Əyyubun həyatı bizim üçün böyük təsəlli qaynağı olmalıdır.
Səbrin sonu səlamət,
Səbir xeyrə əlamət.
Bəla sənə qəhr etsin,
Sən bəlaya salam et!
ŞƏRHLƏR