SUAL? - CAVAB!
Sual: Qurbanlıq heyvanlar hansı xüsusiyyətləri daşımalıdır? Qurbanlıq heyvanlarda qurban kəsilməsi üçün yaş həddi varmı?
Cavab: Qurbanlıq heyvanın sağlam, bütün üzvləri yerində və kök olması həm ibadət, həm də sosial mahiyyəti baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən çox xəstə olan, həddindən artıq zəif və arıq olan, bir və ya iki gözü kor olan, buynuzlarının biri və ya ikisi kökündən qırıq olan, dili, quyruğu, qulaqları və məmələrinin yarısı kəsilmiş olan, dişlərinin hamısı və ya əksəriyyəti tökülmüş olan heyvanlardan qurban olmaz. Ancaq heyvanın anadangəlmə buynuzsuz, çəp, topal, bir az xəstə, bir qulağı deşik və ya yırtılmış olması, məmələrinin bir qisminin olmaması qurban edilməsinə əngəl təşkil etmir. Vurğulamaq lazımdır ki, Şafei məzhəbinə görə, heyvanın ətinə, yağına və içalatına xələl gətirən qüsurlar qurbanın etibarlılığına əngəl təşkil edir. Ümumiyyətlə, yuxarıda sadalanan qüsurlardan birinin olması həmin heyvanın qurban edilməsinə əngəl törətməklə yanaşı, qotur xəstəliyi olan heyvanlarla yem yeməsinə mane olacaq dərəcədə dişlərinin bir hissəsi tökülmüş heyvanların da qurban edilməsi caiz deyil. Bundan əlavə, qeyd edək ki, müxtəlif məqsədlərlə qısırlaşdırılmış və ya axtalanmış heyvanlar qurban edilə bilər. Bu hal qurban baxımından bir nöqsanlıq sayılmır. Həmçinin sağlam olaraq satın alınan qurbanlıq heyvanda kəsilmədən əvvəl qurban edilməyə mane olan bir qüsur meydana gələrsə, əgər satın alan şəxs varlıdırsa, təzəsini alıb kəsməlidir; əgər yoxsuldursa, bir daha almasına ehtiyac yoxdur, aldığı heyvanı qurban etməsi kifayətdir. Ancaq kəsilən zaman meydana gələn qüsurlar qurbanlığa əngəl təşkil etmir.
Qurbanlıq heyvanda yaş həddi məsələsinə gəldikdə isə, qurbanlıq heyvanlarda yaş həddi Həzrət Peyğəmbərin (s.ə.s) hədisi-şərifi ilə müəyyən edilmişdir (Əbu Davud, Dəhaya, 5; Nəsai, Dəhaya, 13). Belə ki, qurbanlıqda iri buynuzlu heyvanlarda 2 qəməri, qoyun və keçilərdə isə 1 qəməri ilin keçməsi şərtdir. Ancaq qoyunlarda 1 qəməri il keçməyib altı ayı keçən və 1 yaşındakı kimi kök olan heyvanlar da qurban kəsilə bilər. Qoyunlarda edilən sözügedən istisna şəxsən Həzrət Peyğəmbər (s.ə.s) tərəfindən bildirilmişdir (Müslim, Ədahi, 13). Ona görə də, bu istisnanı başqa heyvanlara da tətbiq etmək düzgün hesab edilməmişdir.
Sual: Alınan qurbanlıq heyvan ölərsə, nə edilməlidir?
Cavab: Satın alınan bir qurbanlıq kəsilmədən əvvəl ölərsə, satın alanın imkanına görə fərqli hökmə tabedir. Belə ki, əgər həmin şəxs imkanlıdırsa, yenidən qurbanlıq alıb kəsməlidir. Çünki ona vacib olan qurbanı kəsməmişdir. Lakin həmin şəxs yoxsuldursa, yenidən bir qurbanlıq almasına ehtiyac yoxdur. Çünki yoxsula qurban vacib deyil, o, satın almaqla özünə satın aldığı heyvanı kəsməyi vacib etmişdir. Aldığı heyvan öldüyü üçün də vaciblik aradan qalxmış olur və yenidən almağa ehtiyac qalmır. Həmçinin alınanda sağlam olan heyvan qurban edilmədən qüsur meydana gələrsə, əgər satın alan varlıdırsa, yeni bir qurbanlıq alıb kəsməlidir; yox əgər yoxsul olarsa, aldığı heyvanı kəsməsi kifayətdir. Ancaq kəsilən zaman heyvanda meydana gələn qüsurlar qurbanlığa əngəl təşkil etmir.
Sual: Bir üzr səbəbilə vaxtında kəsilməyən qurbanların hökmü necədir?
Cavab: Qurban kəsmək üçün müəyyən edilən müddət ərzində (qurban bayramı günlərində) kəsilməyən qurbanları, əgər sahibi kasıbdırsa və qurbanlıq niyyəti ilə satın almışsa, bunu yoxsullara verməlidir (qurban hökmü qalmadığına görə, kəsmək məcburiyyəti yoxdur, bütöv də verə bilər); yox, əgər varlıdırsa, istər qurbanılığı satın almış olsun, istərsə də olmasın, bir qurbanlıq heyvanın dəyərini yoxsullara sədəqə olaraq verməlidir.
Sual: Qurban kəsən qəssaba pul əvəzinə qurban ətindən vermək olarmı?
Cavab: Qəssaba pul əvəzinə qurban ətindən verilə bilməz. Çünki verilərsə, qurban ibadətini yerinə yetirmək üçün lazımi xərcdən bir hissəsi ona zəhmət haqqı kimi verilmiş olar. Həzrət Əlinin belə dediyi nəql edilmişdir: “Rəsulullah (s.ə.s) dəvələr kəsilərkən başında durmağımı, dərilərini və yunlarını yoxsullara paylaşdırmağımı əmr etdi. Onlardan hər hansı bir şeyi qəssab pulu kimi verməyi mənə qadağan etdi və: “Qəssabın pulunu özümüz verərik”, (Buxari, Həcc, 120-121) – buyurdu”.
Sual: Bir kimsə nisyə qurbanlıq alıb kəsə bilərmi?
Cavab: Qurban ibadəti Uca Allaha yaxınlaşmaq niyyəti ilə yerinə yetirilən bir ibadətdir. Bu məqsəd də yalnız insanın öz mülkiyyətindəki heyvanı qurban etməsi ilə gerçəkləşər. Mülkiyyət heyvanı böyütmək, bağış qəbul etmək və miras yolu ilə olmaqla yanaşı, satın alma yolu ilə də reallaşır. Nisyə alış-veriş caizdir. Bu alış-veriş borcun ödənməsinin müəyyən vaxta qədər təxirə salınmasıdır. Odur ki, nisyə satın alınan bir mala satın alan şəxs tam mülkiyyətlə sahib olduğu üçün bu yolla alınan bir heyvanın qurban edilməsində də hər hansı qəbahət yoxdur.
ŞƏRHLƏR