İSTİDRAC

İSTİDRAC

“İstidrac” ərəb dilində “bir şeyi dərəcə-dərəcə yuxarı çıxarmaq”, “mövqeyini dəyişmək”,  “yüksəltmək” deməkdir. Hər hansısa bir kəsi öz istəyi ilə bir yerə qədər tədricən aparıb xəbəri olmadan fəlakətə atmaq mənasında da işlədilir. İstidrac sahibi bu yüksəlməyin öz mənfəətinə olduğunu zənn edər. Bunun həqiqətdə uçuruma aparılma olduğunu isə dərk edə bilməz.

Dini terminologiyada, Allaha asilikdə ifrata varanların Allahın verdiyi mal, müvəffəqiyyət və sağlamlıq kimi nemətlərlə üsyanlarını daha da artırmaları və nəticədə həlak olmaları istidrac adlanır. Həmçinin ilahlıq iddiasında olan fasiq və inkarçı bir kəsin istəyinə uyğun olaraq zühur edən bir çox hadisələr də istidrac sayılır. Bu yönü ilə istidrac bir insanın günahını artırdıqca və azğınlığını davam etdirdikcə Allahın ona nemət qapılarını açması, dünyəvi nemətlər bəxş etməsi və yüksək mövqelərə çıxarmasıdır. Bu kimsə bütün bu müvəffəqiyyətlərin özündən olduğunu zənn edər. Allaha şükür edib tövbə etməyi və təvazökarlığı unudar. Qürur və təkəbbür içində üsyankarlığı artar və axirət yurdundakı vəziyyəti getdikcə pisləşər. Qəflətən əcəl gəldikdə isə şiddətli əzabla üz-üzə qalar.

İstidrac bəzən möminlər üçün də imtahana çevrilə bilər. Bunun bir nümunəsini səhabələrin istidracdan Allaha sığınmasında görürük. Belə ki, İran kisrasının xəzinələri Mədinəyə qənimət olaraq gətirildikdə Hz. Ömər Allaha belə sığınmışdır: “Allahım! Bu xəzinələrin istidrac olmasından sənə sığınıram”.  Haris əl-Muhasibi bu sözün  mənasını genişləndirərək mal və sərvətləri ilə və yaxud da başqa nemətlərlə qürurlanıb bunları Allah yolunda xərcləməməklə möminlərin də istidraca məruz qala biləcəyini bildirmişdir.

Tarixdə istidracın bir çox nümunələri mövcuddur. Şeytanın qiyamətə qədər özünə icazə verilməsi üçün etdiyi duanın qəbul edilməsi, Fironun 400 ilə yaxın uzun bir ömür yaşamasına baxmayaraq başının belə ağrımaması, Hind fəqirlərinin uzun müddət ac qalmaları, atəşdə gəzmələri və su içində uzun müddət havasız qala bilmələri və bədənlərinə şiş batırmaları istidraca nümunədir. Bəzi hədislərdə Dəccal haqqında qeyd edilən xariqüladə qabiliyyət və imkanlar da istidrac  sayılmışdır.

            İstidracın dini baxımdan hökmü barəsində müxtəlif fikirlər söylənmişdir. Mavərdiyə (v. 450/1058) görə, bu barədə cümhurun fikri belədir: “Peyğəmbərlik iddia edən yalançı kəsin əlində möcüzə zühur etmədiyi kimi, ilahlıq iddiasında olan adamda da xariqüladə hallar meydana gəlməz. Çünki bu iddiadakı günah və böhtan digərindən daha böyükdür. O halda ilahlıq iddia edən bir şəxsin əlində xariqüladənin zühur etməməsi digərinə nəzərən daha dəqiqdir (Dəccalın göstərəcəyi hadisələr müstəsna).  Həm də ilahlıq iddia edənin ortaya qoyacağı bu “xariqüladə” hallar araşdırıldığı zaman əsassız və sehr kimi bir hoqqabazlıq olduğu açıq-aşkar olaraq ortaya çıxar”.  

Quran və sünnədə istidrac

Allah-Təala belə buyurur: “Ayələrimizi yalanlayanları bilməyəcəkləri bir yerdən, yavaş-yavaş həlaka yaxınlaşdıracağıq. Onlara möhlət verərəm. Şübhəsiz ki,  mənim tədbirim çox qüvvətlidir”. (əl-Əraf, 182-183)

“Biz bir məmləkəti həlak etmək istədikdə, orada mütriflərə (dünya həyatını son məqsəd sayanlara, mərhəmətsiz mal düşkünü olanlara) əmr edərik (onların saylarını çoxaldarıq), orada fitnə yaradarlar”. (əl-İsra, 16)

Ayədən başa düşülür ki, bu həlak etmə işi birdən-birə olmaz. Fitnə və fəsadın çoxaldığı, İslamın unudulub xor görüldüyü bir yerə Allah əvvəlcə xəbərdarlıq göndərər. Lakin cəmiyyətdə fitnə və fəsadı qızışdıran fasiqlər, zalımlar, tağutlar, mütriflər doğru xəbər gətirənlərə və Allahın dininə qarşı çıxdıqları kimi, cəmiyyətin əksəriyyəti də ümumiyyətlə səslərini çıxarmazlar. Bu vəziyyət uzun bir müddət (məsələn, Hz. Nuhun qövmündə 950 il olduğu kimi) davam edər. Bu müddət içində Allah tağutlara, fasiqlərə, zalımlara haqq yola gəlmələri və eyni zamanda etdiklərinin həlakı haqq edəcək səviyyəyə gəlməsi üçün möhlət verər. Onlar isə bu möhlət verməyi anlamazlar, həlak olmayacaqlarını, etdiklərindən hesaba çəkilməyəcəklərini sanarlar. Hətta dünya işləri olduqca yolunda gedər, ən gözəl evlər onların olar, ən yüksək mövqelərdə onlar oturar, yaxşı yeyib, yaxşı geyinən onlar olarlar. Bu həqiqət Qurani-Kərimdə belə ifadə edilir:

Əgər insanların (inkar edənlərə rəğbət göstərən) bir ümmət olmaları (təhlükəsi) olmasaydı, yalnız Rəhman olan Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları gümüşdən edərdik”. (əz-Zuxruf, 33)

Hz. Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: “Allah-Təalanın bir qula günah işləməsinə baxmayaraq dünyada sevdiyi şeyləri lütfkarlıqla verdiyini görsəniz, bilin ki, o istidracdır”. Hz. Peyğəmbər (s.ə.s)  sonra bu ayeyi-kəriməni oxudu: “Özlərinə xatırladılanları unutduqlarında onlara hər şeyin qapısını açdıq. Nəhayət, onlara verilən nemətlərə sevinib zövq-səfaya daldıqda onları əzabımızla qəflətən yaxaladıq. Dərhal ümidsizliyə qapılıb qaldılar”. (əl-Ənam, 44) (Əhməd b. Hənbəl, IV, 145).

           Qurani-Kərimdə istidrac ilə məna yaxınlığı içində olan başqa anlayışlar da vardır. Bunların başlıca olanları məkr, keyd, xuda və muxadaa (hiylə və tələ qurmaq, hiylə etmək, aldatmaq) imla və imhal (möhlət vermək) anlayışlarıdır.  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz