İSMAYIL VƏ TƏSLİMİYYƏT

İSMAYIL VƏ TƏSLİMİYYƏT

Təslimiyyət İslam sözü ilə eyni kökdən gəlməkdədir. Bu səbəbdən İslamı qəbul etmək eyni zamanda Allaha təslim olmaq deməkdir. Başqa bir ifadə ilə müsəlmana “Allaha təslim olmuş” da deyə bilərik. Qurani-Kərimdə Allah-Təalanın Hz. İbrahimə təslim olmağı əmr buyurduğu, onun da: “Aləmlərin Rəbbinə təslim oldum!” – deyərək bu əmrə tərəddüdsüz itaət etdiyi vurğulanır. (əl-Bəqərə, 131)

İslam tarixində təslimiyyət deyildikdə ilk ağıla Hz. İsmayıl (ə.s) və atası Hz. İbrahim (ə.s) gəlməkdədir. Çünki onlar özlərindən sonra qiyamətə qədər gələcək nəsillər üçün təslimiyyətin ən gözəl və mükəmməl zirvə örnəyini ortaya qoymuşdurlar. Bu səbəbdən Allah-Təala Qurani-Kərimdə: “İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır”,  (əl-Mümtəhinə, 4) - buyurur.

Alov yandırar, bıçaq kəsər… Bu onların təbii xassələridir. Hz. İbrahim və Hz. İsmayıl Allah-Təalaya qarşı elə bir təslimiyyət ortaya qoymuşdur ki, Hz. İbrahim oda atıldığı halda od onu yandırmamış, oğlu Hz. İsmayıl isə bıçağın altına yatdığı halda bıçaq onu kəsməmişdir. Onların Allaha olan təslimiyyətlərinin mükafatını Allah-Təala bu şəkildə bəxş etmişdir. Əsrlərdir müsəlmanların hər namazda salli-barik dualarını oxuyaraq  onları anması da yenə onların nə qədər böyük bir təslimiyyət ortaya qoyduqlarının başqa bir göstəricisidir (Bu dualarda Hz. Muhamməd (s.ə.s) və onun ali əhli-beytinə dua edərkən Hz. İbrahim və onun ailəsi yada salınaraq salavat və xeyir-bərəkət duası edilir).

Hz. İbrahim (ə.s) və oğlu Hz. İsmayıl (ə.s) Allaha təslim olmağın zirvəsi sayılacaq elə bir fədakarlığa imza atdılar ki, tarixdə bunun bir bənzərini görmək mümkün deyildir. Belə ki, Hz. İbrahim (ə.s) azyaşlı oğlunu, Hz. İsmayıl (ə.s) isə şirin canını ortaya qoyaraq Allah üçün hər şeydən vaz keçə, hər şeyi fəda edə biləcəklərini göstərmiş oldular.

Bütün inananlar üçün bu ata və oğul modeli ailə münasibətlərində də nümunə təşkil edir və ibrət alınması baxımından çox əhəmiyyət daşıyır. İtaət və təslimiyyət adibələri olaraq örnək təşkil edən bu ata və oğul Allaha təslimiyyət və qulluğun ifadəsi baxımından yaş qrupu, sosial status, zaman, məkan, imkan və şərtlər barədə bəhanə və üzr səbəbi axtarmamaq gərəkdiyini bizə göstərir. Bu gün gənclərimiz üçün xüsusi ilə Hz. İsmayıldan (ə.s) alınacaq ibrətlər vardır. Kəbənin təməli qoyulmağa başlayanda İsmayıl da atası ilə birgə: “Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et və nəslimizdən də Sənə təslim olan bir ümmət çıxart! (əl-Bəqərə, 128) - deyə dua etmişdir. Bu ayənin mənasından da gördüyümüz kimi, onlar təkcə özlərinin qurtuluşu və təhlükəsizlikləri üçün deyil, özlərindən sonra gələcək nəsillərin də hidayət və qurtuluşları üçün dua etmişlər.

Qurani-Kərimdə “həlim xasiyyətli bir oğlan uşağı” deyə bəhs edilən Hz. İsmayıl (ə.s) ibadətlərini ən kamil şəkildə yerinə yetirən, sözündə duran, səbirli, çalışqan, dürüst, saleh, itaətkar və təslimiyyət sahibi biri olaraq qarşımıza çıxır. Tarix kitablarında Hz. İsmayılın (ə.s) atası ilə birgə Kəbənin inşasında iştirak etdikdən sonra Məkkədə qaldığı və oranın xidmətkarı olduğu, ömrünü ibadət üçün gələnlərə qulluq göstərməyə və hidayət yoluna dəvətə sərf etdiyi birdirilir.

Hz. İsmayılın (ə.s) Allaha ibadət və müqəddəs ziyarət xüsusunda mərkəz olacaq Kəbənin inşasında və sonrakı baxımında yer alması da onun nümunəvi həyatının başqa bir mərhələsidir. Belə ki, onu örnək alan gənclər və ümumilikdə bütün inananlar üçün Kəbənin şöbələri olan məscid və tarixi-dini abidələrimizin qorunması, təmizliyi, təbliği və hər bir ehtiyacı baxımından sahib çıxmaq xüsusunda da onun ilahi təlim istiqamətində şəkillənən həyatında böyük ibrət və nümunə vardır. Müqəddəs məkanların inşası və onları möminlərin istifadəsinə təqdim etmək bir baxıma peyğəmbərlik yolunun mirası sayıla bilər. Odur ki, həm məscidlərin inşası, həm də istifadəsi - ibadət edənlər üçün lazımi şəraitin təmin edilməsi və camaat namazları başda olmaqla, məscidə gedərək oranın öz təyinatına uyğun istifadəsi baxımından dinimiz bizə müqəddəs bir vəzifə yükləməkdədir. Bunun ən gözəl nümunəsi isə İsmayıl peyğəmbərin timsalında göz qabağındadır.

Təkcə ibadət etmək üçün deyil, sağlam dini məlumatlandırmanın aparılması və Quran tədrisinin, dini kursların təşkili baxımından da bu gün məscidlərin böyük əhəmiyyət daşıdığı ortadadır. Əlbəttə ki, bu ülvi məqama nail olmağımız Allaha verdiyimiz sözə bağlılığımız, onun dininə təslimiyyətimiz və göndərdiyi peyğəmbərlərə olan sevgimiz nisbətində həyatımızda yer tapacaqdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz