ƏSRİ-İRFAN MƏDƏNİYYƏTİ

ƏSRİ-İRFAN MƏDƏNİYYƏTİ

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “O kəslər ki, qeybə (Allaha (c.c), mələklərə, qiyamətə, qəza və qədərə) inanır, namaz qılır və verdiyimiz ruzilərdən (xeyir naminə) sərf edirlər və  (Rəsulum) sənə göndərilənə (Qurana) və Səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəksiz inanırlar, məhz onlar Rəbləri tərəfindən göstərilmiş doğru yoldadırlar. Nicat tapanlar da onlardır”. (əl-Bəqərə, 3-5)

 Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Aləmlərə rəhmət olaraq göndərilən Hz. Muhamməd əleyhissalamın dünyaya təşrifi həm maddi, həm mənəvi, həm də siyasi təsiri ilə qəflət bəlasına mübtəla olmuş bəşəriyyətin insanlıq münasibətlərini, mənəvi durumunu, təfəkkür tərzini tamamən dəyişərək Adəm övladlarına, cinlərə və aləmlərdə qərar tutmuş bütün varlıqlara bərəkət örnəyi olacaq Əsri-Səadət toplumunun inşası ilə nəticələndi. Əsri-Səadət həqiqətlərinə günümüzdə irfan pəncərəsi açan Osman Nuri Topbaş əfəndi bəşəriyyətin hava və su kimi ehtiyac duyduğu bu rəhmət Kövsərinin həqiqətini necə də mənalı anlatmaqdadır:

“İnsanlıq tarixinə diqqətlə nəzər yetirsək görərik ki, bəşəriyyətin nail olduğu ən böyük tərbiyəçi və müəllim Allah Rəsuludur. Məhz Onun feyz, hikmət və ruhaniyyət dolu tərbiyəsində Əshabi-Kiram adlanan elə uca şəxsiyyətlər yetişmişdir ki, onların (elm, irfan, mərhəmət və məhəbbət şövqü ilə ərsəyə gətirdikləri) bənzərsiz fəzilətlər mədəniyyətinin tayı-bərabəri olmamışdır”.

Rəsulullaha (s.ə.s) tam bir itaətin və misilsiz bir məhəbbət rabitəsinin nəticəsində kamil bir iman və fədakar bir qulluq libasına bürünən və Haqqa yaxınlıq ruhunu və irfanını yaşayaraq varlıqlara ərmağan edən səhabə toplumunu Rəsulullahın (s.ə.s) qəlblərə həm şəfa, həm hikmət, həm sirr, həm də mərifət dolu ülvi tövsiyə və davranışlarından bir an belə ayrı təsəvvür etmək mümkün deyil. Bu möcüzəvi yaxınlığın eyni zamanda Allaha (c.c) götürən bərabərlik səadətinə etibarlı bir körpü olacağını Rəbbimizin   bildirməsi məsələnin ehtişamından xəbər verməkdədir. Uca Allah (c.c) Musa əleyhissalama belə vəhy etdi:

 “Ey Musa! Əgər Mənim sənə, sözünün dilinə, qəlbindən keçənlərin qəlbinə, ruhunun bədəninə, görmə gücünün gözünə və eşitmə duyğusunun qulağına olan yaxınlığından daha yaxın olmağımı istəyirsənsə Hz. Muhamməd əleyhissalama çoxlu salətu-salam gətir”.

Rəsulullahın (s.ə.s) cənnət rayihəsi saçan mənəviyyat məktəbində yetişərək qəlbləri nəhəng bir vəhdət və mərhəmət dəryasına çevrilən səhabə toplumundan saçılan feyz və hidayət dalğaları, əsrlərdir bu heybətli irfan dəryasının sahilində səbirlə gözləyənlərin Haqqa yönələn qulluq ehtiyacını təmin edən rəhmət xəzinəsi olmuşdur. Bu əsrin mənəvi kamalını qəlblərində parladan və onunla nəfsi, qəlbi zülmət pərdələrini yox etməyə layiq görülən Haqq dostlarının qulluq zərafətinə heyran olmamaq mümkün deyil. Əsri-Səadətin ruhaniyyətindən yayılan mənəviyyat əsintilərinin təsirindən varlığını heyrətamiz bir təslimiyyət, mərhəmət və mərifət iqliminə təslim edən  Bəyazid Bistami həzrətlərinin könül etirafı səhabə nəslinin ümmətə ərmağan etdiyi nəhəng irfan mədəniyyətini necə də etibarlı tanıtmaqdadır: “Birisi bir gün Bistami həzrətlərindən bunları soruşdu: “(Rəsulullahın (s.ə.s) əshabının mənəviyyat əxlaqını xatırladan bu fəzilətli) məqamı nə ilə əldə etdin?” Bistami həzrətləri buyurdu: “İlk başda mənə ünvanladığın bu məqam iddiasından vaz keç. Lakin Rəbbim mənə səkkiz xüsusiyyət ikram etdi. 1. Özümü daima geridə, insanları isə özümdən irəlidə gördüm. 2. Rəbbimin qullarına olan şəfqətimdən dolayı hamısının yerinə cəhənnəmdə yanmağa razı oldum. 3. Həyatdakı hədəfim həmişə bir mömini sevindirmək oldu. 4. Bu günün işini sabaha saxlamadım. 5. Allahın (c.c) rəhmətini özümdən çox insanlar üçün istədim. 6. Möminləri sevindirmək və könüllərindəki qəmi sevincə çevirmək üçün bütün gücümlə səy göstərdim. 7. Şəfqətimdən dolayı, qarşılaşdığım möminlərə, öncə mən salam verdim. 8. Əgər Rəbbim məni bağışlayıb qiyamət günü şəfaət haqqı verərsə, ilk öncə mənə cəfa edənlərə, sonra isə yaxşılıq edənlərə şəfaət edəcəyəm”.

Ümməti-Muhammədin (s.ə.s) dərdinə dərman olma həssasiyyəti ilə qovrulan irfan sahibi olmaq Əsri-Səadətin elm, irfan və əməl köynəyini ruhuna geyindirmiş, varlığını Rəbbinə fəda etmiş kamil bir tərbiyəçinin könül sarayında yetişməklə mümkündür. “O, ölümü və həyatı əməl, davranış baxımından hansınızın daha gözəl olacağını imtahan etmək üçün yaratdı. O, mütləq qalib və çox bağışlayandır”, (əl-Mülk, 2) – deyə buyuran Rəbbimizin həyat ilə ölüm arasındakı taleyüklü imtahan müddətində bu böyük sınaqdan üzüağ çıxmağımız naminə bizlər üçün uca rizası və muradı ilə seçib bəyəndiyi qulluğu və irfanı ilə seçilən Əsri-Səadət mədəniyyətinin üzümüzün nuru, damarlarımızın qanı, qəlbimizin rayihəsi və ruhumuzun qidası olmasını Rəbliyinə yaraşan bir məhəbbətlə istəməsi biz zavallılar üçün yetərli deyilmi?!..            

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz