MUSA VƏ XIZIR

MUSA VƏ XIZIR

“Allah quluna verdiyi nemətin əsərini üzərində görməkdən xoşlanar” hədisini bir çoxumuz eşitmişik. Və bunu daha çox insanın imkanı nisbətində gözəl geyinməsi, dözümlü maşın alması, yaxşı ev tikdirməsi kimi xərcləmələr üçün istifadə edirik. Bəs yaxşı, nemət təkcə pul və maddi imkandan ibarətdir? “Nemət” ifadəsinin əhatə dairəsini genişlətdikcə düşünmə üfüqümüzdə daha fərqli açılımların olması mümkündür. Tez-tez oxuduğumuz Fatihə surəsində təkrarladığımız kimi: “Ya Rəbbi, bizi doğru yola yönəlt – nemət verdiklərinin yoluna!” Elə isə din də, iman da, əxlaq da, elm də, fərasət də... hər biri ilahi lütf və nemət əsərləridir. Kənardan baxanda bunların üstümüzdəki təsiri nə dərəcədə hiss edilir?

Rəvayətə görə, Fironun zülmündən qaçan İsrail oğulları Qırmızı dənizi keçib azadlığa qovuşduqdan sonra Musa peyğəmbər (ə.s) qövmünə gözəl dil ilə nəsihətlər, təsirli vəzlər edirdi. Onun elm və irfanının dərinliyinə şahid olan qövmü onu dinlədikcə heyran qalır, ondan daha bilikli, daha təsirli nitqə malik insan təsəvvür edə bilmirdilər. Bir gün aralarından biri dözə bilməyib soruşdu:

- Ey Allahın peyğəmbəri! Yer üzündə səndən daha bilikli kimsə varmı?

Həzrət Musa (ə.s):

- Belə birini tanımıram, - dedi, amma bu sual onun özünə də maraqlı gəldi. Görəsən, Allahın bəxş etdiyi elmlərdən onun bilmədiyi nəsə qalıbmı? Bu əsnada ona vəhy gəldi:

“İki dənizin birləşdiyi yerdə bir qulum var ki, ona xüsusi bir elm (lədünni elm) vermişəm”.

Musa (ə.s) həmin elm haqqında məlumat almağı arzuladı. Allah-Təala ona ümmətindən birini yanına almasını, zənbilinə ölü bir balıq qoymasını və iki dənizin qovuşduğu yerə getməsini buyurdu. Axtardıqları adamın – Xızırın (ə.s) olduğu yerə çatanda balıq canlanaraq dənizə atılacaqdı.

Musa peyğəmbər və köməkçisi xeyli yol getdilər. Nəhayət, bir yemək vaxtı zənbilə baxanda balığın yoxluğunu fərq etdilər. Balıq dirilib dənizə atılmış, köməkçisi bunu xəbər verməyi unutmuşdu. Bu unutqanlıq belə insan oğlunun elminin kasadlığına, ilahi xəbərdarlıq olmadan gizli sirlərdən agah olmasının mümkünsüzlüyünə böyük bir işarə idi. Dərhal həmin yerə qayıtdılar. İki dənizin qovuşduğu - zahiri elmlərin dəryası ilə batini/məna elmlərinin dəryasının qovuşacağı yerə. Və gəlib axtardıqları şəxsi – lədünni elm sahibi Xızırı tapdılar. Allah ona elə bir elm neməti bəxş etmişdi ki, o nemət Həzrət Musada yox idi. Əlbəttə, Həzrət Musadakı nemət də Xızırda yox idi.

Həzrət Musa istəyini dilə gətirdi. Xızır ona, “əslini bilmədiyin işə səbir göstərməyə sənin gücün çatmaz” desə də, Musa peyğəmbər israr etdi, “səninlə gəlməyimə icazə ver, inşallah, səbirli olduğumu görərsən” dedi. Və Xızır ona bəxş edilən xüsusi nemətin üstünü açmağa razılıq verdi. Yola düşdülər.

Əvvəla Xızır sahildə mindikləri gəmini deşdi, xarab etdi. Sonra qarşılarına çıxan bir oğlanın ölümünə yol açdı. Sonra da onları qonaq etməyən, üzlərinə xoş baxmayan bir kəndin dağılmaqda olan bir evini təmir etdi. Hər bir hadisə baş verdikcə Həzrət Musa öz baxış bucağı ilə baxmağa davam edir, peyğəmbərlikdən qaynaqlanan məsuliyyət, ədalət və mərhəmət damarı qabarır, etiraz edirdi. Lakin Xızır (ə.s) onu səbirsizlikdə ittiham edərək yoluna davam edirdi. Həzrət Musanın üçüncü hadisəyə etirazında Xızır (ə.s) dedi: “Bu artıq bizim aramızda ayrılıq səbəbidir. İndi sənə hadisələrin hikmətini açıqlayacağam”. Hikmətlər nədir:

1) İlk deşilən gəmi iki yoxsul adama aiddir. Zalım bir kral həmin gün o gəmini qəsb edəcəkdi. Gəmi zədəli olduğuna görə sahiblərinin əlində qalacaq və təmir edərək işlərinə davam edəcəkdilər.

2) Canına qəsd edilən oğlanın ata-anası mömin, yaxşı kimsələr idi. O uşaq böyüyəndə valideynlərinə asi olacaq, zülm edəcəkdi. Allah o uşağın əvəzinə onlara ayrı bir övlad verəcək. Həm övladlarını günahdan qorudu, həm də özlərini məşəqqətli qocalıqdan.

3) Divarı təmir edilən ev isə əməlisaleh bir ataya məxsus idi. O, divarın altına bir xəzinə qoyaraq Allaha dua etmişdi ki, uşaqları böyüyəndə onu tapıb öz həyatlarını qursunlar. Uşaqlar balaca olduğuna görə, divar indi dağılsa, xəzinə zalım kənd əhalisinin əlinə keçə bilərdi.

Və ən əsası, bu izahları verdikdən sonra Xızır (ə.s) deyir: “Mən bütün bu işləri öz-özümdən etmədim. Bunları mənə Allah xəbər verdi və onun buyruğu ilə hərəkət etdim...” (əl-Kəhf, 60-82)

Bunu da qeyd edək ki, hikmət parıltılarını görmək heç də asan deyil. Bunun üçün əvvəla səbir və təmkin lazımdır. İkincisi, insan zahiri nemətlərdə yüksəldikcə gərək təvazökarlığı artsın ki, Allah ona hikmət qapılarını açsın. Necə ki, Həzrət Musa təvazökarlıq edib özü həmin elm sahibinin – Həzrət Xızırın ayağına getdi və ondan bilmədiklərini öyrətməsini xahiş etdi.

İndi düşünək, görəsən, Allah qatında mal-mülk, pul-para əsərinin insanın üstündə görünməsi daha gözəldir, yoxsa iman, elm, gözəl əxlaq və hikmət xəzinəsi parıltılarının?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz