BİR HƏDİS
عَنْ عَبْد اللَّهِ بْن عَمْرِو بْنِ الْعَاصِ يَقُولُ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: الْخَمْرُ أُمُّ الْخَبَائِثِ وَمَنْ شَرِبَهَا لَمْ يَقْبَلِ اللَّهُ مِنْهُ صَلَاةً أَرْبَعِينَ يَوْمًا ، فَإِنْ مَاتَ وَهِيَ فِي بَطْنِهِ مَاتَ مَيْتَةً جَاهِلِيَّةً
Abdullah ibn Amr ibn Asdan (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "İçki (şərab) bütün pisliklərin anasıdır. Kim onu içərsə, Allah qırx gün onun qıldığı namazı qəbul etməz. Kim onu içdiyi halda ölərsə, cahiliyyə dövründə ölmüş kimi olar". (Darəqutni, hədis: 4610 )
Şərabdan istifadə etmək cahiliyyə dövrünün ən qədim və ən çox yayılmış adətlərindən idi. Qədim zamanlardan bəri alkoqollu içkilərin insan sağlamlığı və cəmiyyət həyatı üçün böyük zərərləri olduğu haqqında ortaq mövqedən çıxış edən alimlər və təbiblər bu ictimai bəla ilə daima mübarizə aparmış, lakin heç vaxt müvəffəqiyyət əldə edə bilməmişlər. Keçən əsrin əvvəllərində bir sıra Avropa ölkələrində və Amerikada içkiyə qadağalar qoyulsa da, sonradan bu qadağalar aradan qaldırılmışdır. İslam dini isə cahiliyyə həyatının bu ortaq xəstəliyini bir neçə ayə ilə sağaldaraq köhnə və yeni cahiliyyə cəmiyyətlərinin qanunları ilə ilahi qanun arasındakı böyük fərqi ortaya çıxartmışdır.
İçkinin bir çox mənəvi və maddi zərərləri vardır. İçkinin mənəvi zərərlərindən ən böyüyü qulun sərxoş olaraq Allaha yaxınlaşması və beləliklə, ibadətləri yerinə yetirməsinin mümkün olmamasıdır. Xüsusilə sərxoş halda insanın dinin dirəyi olan namazı əda etməsi ağlasığmazdır. İçki insanın idrak gücünü azaldaraq düşüncəsini dumanlandırar və insanı şüursuzluğa aparar. İçkinin insan sağlamlığına verdiyi zərərlərə gəldikdə, mədəyə daxil olan alkoqol mədənin daxili zərində istilik, yanma hissi və şiddətli ağrı əmələ gətirir ki, bu da hüceyrələrin proteinini məhv edərək qastrit və mədə yarası əmələ gətirir. Alkoqol qara ciyərdə qlukozanı azaldıb oksigenləşməni pozur ki, bu da serroz xəstəliyinə səbəb olur. Böyrəklərə təsir edən alkoqol böyrək iltihabı və şəkər xəstəliyi əmələ gətirir. Alkoqol qəbul edənlərin ürək döyüntüləri artır. Bu da ürəyin ətrafında yağ pərdələri əmələ gətirərək tənəffüsü çətinləşdirir və damarları sərtləşdirir. Bu hal qan təzyiqini artırıb infarkt üçün şərait yaradır. Alkoqol əxlaqsızlığa sövq etdiyi üçün bir sıra zöhrəvi xəstəliklərin də yaranmasına səbəb olur. Dövrümüzdə insanlar üçün faciəyə çevrilmiş avtomobil qəzalarının 90%-dən çoxuna alkoqolun səbəb olduğu heç kəsə sirr deyil. Alkoqollu içkilər qorxunc xəstəliklər ordusunu və müxtəlif cinayətləri özündə daşıyan bir mənbədir.
Şərabın insanın maddi və mənəvi sağlamlığı ilə yanaşı, cəmiyyətin nizamının pozulmasına da ciddi təsir göstərdiyi bilinən bir həqiqətdir. Elə bu səbəblədir ki, Allah Rəsulu (s.ə.s) şərabı "bütün pisliklərin anası" olaraq adlandırmışdır.
ŞƏRHLƏR